Angela Merkel Yunanıstanı avro məkanında qalmağa və islahatları davam etdirməyə səsləyib. Almaniya kansleri Yunanstanın borclarının silinməsini istisna edərkən bank və kreditorların artıq əhəmiyyətli güzəştə getdiyini deyib.
Bundan əvvəl Avropa İttifaqının yüksək rütbəli rəsmisi Yunanıstanı avro məkanında qalmağa və öhdəliklərini yerinə yetirməyə səsləyib.
Almaniya kansleri deyib ki, Almaniya sərt qənaət siyasətinə yönələn addımları davam etdirən Yunanıstan və böhran nəticəsində əziyyət çəkən başqa ölkələrə dəstəyini davam etdirmək niyyətindədir.
Cümə günü Yunanıstanın maliyyə naziri Aİ və Beynəlxalq Valyuta Fondu (BVF) kreditorları ilə xarici borcların ödənilməsi şərtlərini müzakirə etməyəcəyini bildirib.
Yanis Varufakis öz addımını seçkiqabağı vədlərinin yerinə yetirilməsi ilə izah edib.
Yunanıstanın xarici borcu 300 milyard avroya bərabərdir.
BBC-йя danışan Avropa İttifaqının iqtisadiyyat və maliyyə komissarı deyib ki, Yunanıstanın avrozonadan çıxmasının qarşısnı almaq üçün əlindən gələni etməyə hazırdıр, hərçənd ki, Afinadakı hökumət öncəki verdiyi vədlərə əməl etməlidir.
"Biz Yunanıstanın yerini avrozonada görürük", - Fransanın sabiq maliyyə naziri Pierre Moscovici bildirib.
Son seçkilərdən sonra formalaşan yeni hökumətin rəhbəri Aleksis Tsipras deyib ki, Yunanıstan Aİ və BVF-lə qarşıdurmadan çəkinməyə çalışsa da, onlara tabe olmaq niyyətində deyil.