İran Rusiyadan S-300 raket komplekslərinin alınmasına dair kontraktın son nəticədə yerinə yetirilə biləcəyinə ümid etməkdədir. Bu fikri İranın Xarici İşlər naziri Cavad Zərif bəyan edib.
Tehran 2007-ci ildə Rusiyadan S-300 raket komplekslərinin alınması məqsədilə Moskva ilə müvafiq müqavilə bağlamışdı.
800 milyon dollar dəyərində olan həmin müqaviləyə əsasən Rusiya İrana 6 divizion S-300 raket kompleksi satmalı idi. Lakin BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyalar tətbiq edilməsi barədə qətnamə qəbul etdikdən sonra Moskva Tehranla bağladığı kontraktın yerinə yetirilməsini dondurmuşdu.
Moskvanın bu addımının müqabilində, İran Cenevrə iqtisadi məhkəməsinə müraciət edərək Rusiyaya qarşı dəymiş zərərin ödənməsi məqsədilə 4 milyard dollarlıq maliyyə iddiası qaldırıb.