İran xarici ölkələrlə ticarətdə dollarla əməliyyatlardan imtina edir. Bu barədə açıqlama verən İran Mərkəzi Bankı sədrinin müavini Gulamali Kamyab ölkəsinin artıq xarici ölkələrlə ticarət əməliyyatlarında türk lirəsi, Çin yuanı, rus rublu və avro kimi pul vahidlərindən istifadə etdiyini bildirib.
Baki-xeber.com xəbər verir ki, «Tasnim» xəbər agentliyinə açıqlama verən İran rəsmisi, ixracat və idxalatda dollar yerinə ticarət edilən ölkələrin milli pul vahidlərindən istifadə edildiyini bildirib: "İran artıq xarici ölkələrlə ticarət və maliyyə əməliyyatlarında türk lirəsi, Çin yuanı, rus rublu, Cənubi Koreya vonu və avro kimi digər pul vahidlərindən istifadə edir".
Kamyab İranın bəzi ölkələrlə valyuta mübadiləsi razılaşmaları planlaşdırdığını deyərək, sözügedən müqavilələrin İran və digər ölkələr arasındakı ticarət və iqtisadi əməliyyatları asanlaşdıracağını bildirib.
İran ən böyük ticarət ortaqlarından Çinlə neft ticarətində 2012-ci ildən bəri dollar əvəzinə yuandan istifadə edir.