Ukraynanın şərq bölgəsi Mariupol şəhərinə ağır silahlarla edilən hücum nəticəsində 2-si uşaq 27 nəfər ölüb, 97 nəfər isə yaralanıb. Ölü sayının artacağı istisna edilmir.
Baki-xeber.com xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyindən verilən məlumatda, həyatını itirənlərin əksəriyyətinin mülki şəxs olduğu, yaralıların da xəstəxanaya qaldırıldığı bildirilir.
Ukrayna Mili Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov hücumun separatçılar tərəfindən edildiyini açıqlayıb, separatçılar isə iddiaları təkzib edib və bunun bir təxribat cəhdi olduğunu bildiriblər.
Turçinov hadisə ilə bağlı yaydığı açıqlamada daha sonra bildirir: "Bu gün, 24 yanvar tarixində rus-terrorçu qrupları, ukraynalı əsgərlərin müdafiəsini yarmağa cəhd etdilər, ancaq müvəffəqiyyətsiz oldular. Bunun ardından raketlərlə Mariupol şəhərinə atəş açdılar. Barbarcasına atəş açılması nəticəsində Mariupolda Ukrayna vətəndaşları öldürüldü və yaralandı. Həyatını itirən və yaralıların dəqiq sayı öyrənilir. Ukraynalı əsgərlər Mariupol şəhərini təcavüzkarın hücumundan etibarlı şəkildə qoruyur. Bu gün rus əsgərləri və onların nəzarəti altında olan terrorçular tərəfindən gerçəkləşdirilən hücum insanlığa qarşı işlənən qanlı cinayətdir, bu Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dünən keçirdiyi Təhlükəsizlik Şurasının toplantısında verilmiş tapşırığın birbaşa yerinə yetirilməsidir. Buna görə də ukraynalıların ölümü, qanı və iztirabları üçün məsuliyyət də Putinin üzərindədir. Düşmən qanlı cinayətləri üçün layiq bir cavab alacaq".
Mariupol Bələdiyyəsinin hücumun reallaşdığı Vostoçniydan vətəndaşları çıxarmağa başladığı bildirilir.
Mariupol şəhər rəhbərliyindən Vıçıslav Abroskin morqa 20-yə yaxın cəsədin gətirildiyini bildirib. Onun sözlərinə görə, morqa cəsədlərin gətirilməsi davam edir.