Barak Obama administrasiyası neftin ucuzlaşmasının ölkə iqtisadiyyatı üçün faydalı olduğunu açıqlayıb. APA-nın "Reuters”ə istinadən verdiyi məlumata görə, Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib ki, amerikalı istehlakçılar bu məsələdə uduşdadır.
Belə ki, ölkədə benzin ucuzlaşıb, avtomobil satışı isə artıb. ABŞ-ın böyük hissəsində bir qallon (3,7 litr) benzinin qiyməti 2 dollardan aşağı düşüb.
Daha öncə Nyu-York Federal Ehtiyat Bankının rəhbəri Uilyam Dadli də neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyini bəyan etmişdi.
Qeyd edək ki, hazırda Brent markalı neftin qiyməti 53 dollardır.