Minsk şəhərində Ukrayna hökumətilə rusiyapərəst üsyançılar arasında cümə günü başlayacaq danışıqlar təxirə salınıb, Belarus rəsmiləri bildirirlər.
Ukraynada vəziyyətin tənzimlənməsinə yönələn təmas qrupunun danışıqları keçirilməyəcək, Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Dmitri Mironçik deyib. Tərəflər arasında danışıqlar 24-26 dekabrda keçirilməli idi. Növbəti görüşün mümkün vaxtı və onun təxirə salınmasının səbəbləri barədə məlumat verilmir. Dmitri Mironçik danışıqlar barədə məsələnin tərəflərin səlahiyyətinə aid olduğunu deyib.
Cümə günü keçəcək görüşdə ön xəttdən ağır silahların geri çəkilməsi, əsirlərin mübadiləsi və üsyançıların nəzarətində olan bölgələrə dair iddia edilən iqtisadi blokadanın ləğvi müzakirə olunmalı idi.
Sonuncu dəfə Ukrayna sülh danışıqları sentyabr ayında keçirilib. Lakin tərəflər bir-birlərini Minskdə imzalanan razılaşmanın şərtlərini pozmaqda ittiham edirlər.
Bu həftə Ukrayna parlamenti ölkənin bloklara qoşulmamaq statusunun ləğv olunmasına və NATO-ya üzvlük istiqamətində hazırlıq görülməsinə səs verib.
Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov NATO üzvlərini "Ukraynanı Rusiya ilə qarşıdurmanın ön cəbhəsinə çevrimək" cəhdində ittiham edib.