Çərşənbə günü Türkiyə prezidentini təhqir etmək iddiası ilə həbs edilən 16 yaşlı gənc sərbəst buraxılıb. Sənədlərdə adı inisiallarla yazılan M.E.A azad edilsə də məhkəmə qarşısına çıxarılacaq.
Günahkar tanındığı təqdirdə lisey şagirdinə 4 ilədək həbs cəzası kəsilə bilər. Müxalifət həbsi pisləyib.
Türkiyə qanunlarına görə prezidenti təhqir etmək cinayət sayılır.
İddia edilir ki, müxalifət CHP partiyasının gənclər təşkilatının Konya şəhərində keçirdiyi tədbirdə hökuməti korrupsiyada ittiham edən M.E.A prezidenti "təhqir edib”. Prokurorlara açıqlamasında gənc "təhqir yetirmək niyyətində” olmadığını deyib.
Baş nazir həbs barədə qərarı müdafiə edərkən deyib ki, prezident ofisinə hörmət göstərilməlidir. "Kim olursa olsun, prezident ofisinə hörmət göstərməlidir. Bu hüquqi bir məsələdir”, - Ahmet Davutoğlu deyib.
Konyadakı məhkəməni tərk edərkən gənc mübarizəni davam etdirəcəyini bildirib. "Faşist, mürtəce təzyiqlərə boyun əyməyəcəyik" - deyən MEA, tutduğu yolla gedəcəyini deyib.
"Biz terrorçü deyilik. Biz Mustafa Kamalın əsgərləriyik dedik. Buna görə bir gözdağı verildi bizə".