Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyasının hərbi doktrinası” haqqında yeni fərman imzalayıb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sənəd Rusiyanın hazırda qüvvədə olan, 2013-cü il iyulun 5-də Rusiya Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş hərbi doktrinasına yeni redaktələri ehtiva edir.
Qeyd olunur ki, doktrinaya edilmiş dəyişikliklər Təhlükəsizlik Şurasının dekabrın 19-da keçirilən iclasında təsdiqlənib.
Təhlükəsizlik Şurasının rəsmi saytında bildirilir ki, dəyişikliklər ilk növbədə Rusiya üçün yeni – xüsusilə də, Ukraynadakı vəziyyətlə bağlı, həmçinin Afrikanın şimalında, Suriya, İraq və Əfqanıstanda təhdidlərin yaranması ilə bağlıdır. Bundan başqa, açıqlamada qeyd olunur ki, "Rusiya sərhədlərində NATO-nun potensialı güclənir, raket hücumundan müdafiə sisteminin qlobal yerləşdirilməsi istiqamətində fəal işlər həyata keçirilir”.