Ukrayna antiterror əməliyyatı (ATO) qərargahından verilən xəbərə görə, ötən gün ölkənin şərqində ukraynalı hərbiçilərin mövqeyi separatçılar tərəfindən 14 dəfə atəşə tutulub. ATO mətbuat mərkəzinin Facebook səhifəsində separatçıların yüngül silahlardan atəş açdığı qeyd olunub.
Bununla belə həmin məlumatda separatçıların eləcə də minaatan, "Grad" və tank əleyhinə sistemlərdən də istifadə etdikləri bildirilib. Atəşə məruz qalan ərazilər sırasında Frunze, Krımsk, Luhansk, Verhnetoretskoe, Avdiyivka, Nikişin, Debaltsevo məntəqələrinin adı çəkilib.
BMT-nin Humanitar İşləri Əlaqələndirmə Ofisinin Ukraynanın şərqində vəziyyətə dair dərc etdiyi yeni hesabata əsasən Donbassda baş vermiş silahlı münaqişə nəticəsində 4634 nəfər həlak olub.
Bu arada, Ukrayna müdafiə naziri Stepan Poltorak ölkənin şərqində rusiyalı separatçılara qarşı mübarizəni davam etdirmək üçün hərbi büdcəni azı 2 dəfə artırıb 3 milyard dollara çatdırmaq lazım olduğunu bildirib.