Əfqanıstan prezidenti Əşrəf Qani bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sərt istintaq proqramı "dünyada qəbul olunmuş bütün insan haqları normalarına ziddir”.
Bir çox digər dünya liderləri kimi, cənab Qani də idarənin əl-Qaidə şübhəliləri ilə rəftarını pisləyib.
Proqramla bağlı ABŞ Senatının hesabatında deyilir ki, sərt üsullar gizli planları aşkarlayacaq məlumatın əldə olunmasına gətirib çıxarmayıb. Hesabatda həmçinin idarənin 2001-2007 proqramı ilə bağlı siyasətçiləri və ictimaiyyəti yanıltdığı qeyd olunur. MKİ isə 11 sentyabr 2001-də baş verən hücumlardan sonrakı fəaliyyətini müdafiə edərək bildirib ki, onlar insanların həyatını xilas ediblər.
Prezident Barak Obama, MKİ-nin bəzi fəaliyyətinin işgəncəyə yol açdığını etiraf etməsinə rəğmən bildirib ki, artıq hərəkət etmək zamanıdır. Hesabatda məhbusların saxlandığı heç bir ölkənin adı hallanmasa da, həbsxanaların olduğu güman edilən bir neçə ölkə hesabata kəskin reaksiya göstərib.
Bu ilin sentyabrında prezident seçilmiş Qani, çərşənbə günü keçirilmiş mətbuat konfransında hesabatı "sarsıdıcı" adlandırıb. "Dünyada bu cür hərəkətlərə və insanların işgəncəyə məruz qalmasına heç bir bəraət yoxdur". Cənab Qani ABŞ həbsxanalarında neçə əfqanın işgəncəyə məruz qaldığının araşdırılacağına söz verib.
Çərşənbə günü ABŞ-ın hərbi rəsmiləri bildirib ki, sonuncu məhbuslar Bagram hava bazasında yerləşən Parwan təcridxanasını tərk etməsilə on ildən çox davam etmiş müharibənin ardından ABŞ-ın bu ölkədəki hər hansı həbsxananı istismarına son qoyulmuşdu.
Pentaqon sözçüsü podpolkovnik Myles Caggins BBC-yə bildirib ki, Bagramda saxlanılmış bütün məhbuslar artıq ya əfqan həbsxanalarına göndərilib, ya da öz ölkələrinə geri qaytarılıb. Cənab Caggins bildirib ki, artıq Əfqanıstandakı bütün həbslərə Kabul hökuməti cavabdeh olacaq.
Bagram bu həftə ABŞ Senatının hesabatında aşkar olunmuş ərazilərdən biridir.
Bu arada, Polşanın keçmiş prezidenti ilk dəfə olaraq etiraf edib ki, onun ölkəsi gizli həbsxanalarda MKİ məhbuslarını saxlayıb.
Aleksander Kvasnievski bildirib ki, o, 2003-cü ildə həbsxanalarda sərt dindirmə üsullarına son qoyulması ilə bağlı ABŞ-a təzyiqlər göstərmişdi. "Mən Buşa dedim ki, bu əməkdaşlığa son qoyulmalıdır və son qoyuldu da", cənab Kwasniewski yerli mətbuata açıqlayıb.