"Rusiyanın iqtisadiyyatı zəifləyir və Putin uzun müddət populyar olaraq qala bilməz. Amma, bu o anlama gəlmir ki, Rusiya dağılacaq”. "OLAYLAR”ın məlumatına görə, "Region” Beynəlxalq Analitik Mərkəzinin sədri Razi Nurulla belə bir açıqlama ilə çıxış edib.
O, bildirib ki, Putin gedəcək və ruslar ağ günə çıxacaq: "Sanksiyalar bir yandan Rusiyaya ciddi zərbə vursa da, digər yandan Rusiyaya imkan verdi ki, öz iqtisadi və siyasi boşluqlarını görsün. O bunları doldurmaqla məşğuldur. Heç düşünmürəm ki, Putin indiki status-kvonu saxlamaqda israrlı olsun. O, sonunda bir yol tapıb bir sıra Qərb siyasətçilərinin saqqızını oğurlayacaq və bununla da sanksiyaların təsirini azaltmağa çalışacaq”.
Mərkəz rəhbəri deyib ki, yalnız, ABŞ Rusiya siyasətində davamlı qərara malik ölkə kimi görünməkdədir: "Amma, kim bilir dünyada hansı dəngələr pozula bilər? Rusiya bir oyun qurub onun idarəçisinə də çevrilə, ABŞ-ı isə əməkdaşlığa cəlb edə bilər. Məsələn, Suriya siyasətini dəyişə və ABŞ-ı iki yol ayrıcında qoya bilər. Sakit okean hövzəsi ölkələri ilə yeni strategiya hazırlamaqdadır. Bu isə ABŞ-ın siyasətinə tərs mütənasibdir. Hindistan ilə əməkdaşlığı ABŞ-ı da çətin duruma salır. Putin və Ərdoğanın birgə yürütdüyü siyasət də həm Rusiyanın, həm də Türkiyənin əlinə oynayır”.