Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti və Azərbaycanın ilk “FTTH” provayderi olan “ENGİNET” şirkəti "İnternetdə uşaqların təhlükəsizliyi” layihəsi çərçivəsində keçirilmiş “Bakı şəhər məktəbləri arasında videoçarx müsabiqəsi”nin qaliblərini mükafatlandırıb.
“Bakı şəhər məktəbləri arasında videoçarx müsabiqəsi” Təhsil Nazirliyinin dəstəyi ilə icra olunan "İnternetdə uşaqların təhlükəsizliyi” layihəsi çərçivəsində həyata keçirilib. “Bakcell” və “ENGİNET” şirkətlərinin birgə dəstək göstərdiyi layihə çərçivəsində Bakıdakı 165, 280, 291, 211, 225, 177 və 271 nömrəli tam orta məktəblərin şagird və pedaqoji heyəti ilə görüşlər keçirilib. Görüşlərdə internetdən düzgün və təhlükəsiz istifadə qaydaları, mövcud təhlükələr və təhlükəli məzmunlardan qorunmaq üçün nəzərdə tutulmuş alətlər barədə geniş məlumat verilib.
291 nömrəli Ekologiya Liseyinin şagirdləri Tuncay Mustafayev və Ayşən Niftəli, 211 nömrəli məktəbdən Fidan Qəribova, Aylin Əlisəttarova, Mədinə Ramazanova, Vüsal Xəlilov, Əsmət Mirzəyeva və 271 nömrəli məktəbdən Ayxan Məmmədov, Banu Göyüşlü, Hüseyn Əkbərli, Nurlan Quluzadə və Mədinə Süleymanova müsabiqənin qalibləri seçiliblər. Bakı şəhərinin 211 nömrəli tam orta məktəbində keçirilmiş mərasim zamanı müsabiqədə qalib gəlmiş məktəblilərə “Bakcell” və “ENGİNET” şirkətləri tərəfindən xüsusi hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “Bakcell”in bir neçə il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən “Təhlükəsiz İnternet Paketləri” uşaqlar üçün internetdən istifadənin təhlükəsiz olmasını təmin edir. Bu internet paketləri və “ENGİNET” şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində “Bakcell” abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və istənilməyən məzmundan qorumaq imkanına malikdirlər.
“Təhlükəsiz İnternet” paketləri haqqında daha ətraflı məlumat <https://www.bakcell.com/az/internet-safe-internet> səhifəsində əks olunub.