Yatan millət ya ölər, ya da kölə kimi oyanar M.K.Atatürk
Torpağa bax, şəhid anası, itkin ordadı! Torpağı sev, oxşa, ağını da, laylanı da torpağa söylə. Çünki oğlun bu torpağı canından çox sevdiyi üçün oraya üz tutdu, oranı beşik seçdi özünə. Onun Vətən sevgisi də bu torpaqdan başlamışdı. Axı, qəhrəmanlıq ana qucağından, evdən, ailədən, ocaqdan başlayır.
Vətən, torpaq sevgisi ailədə aşılanır insana. Süddən, qandan, gendən gəlir və demək ki, birbaşa anayla, atayla başlayır Vətən sevgisi. Bu ocaq da, ailə də, ev-eşik də torpağın üzərində pərvəriş tapdığı, ordan şirələndiyi, rişələndiyi, ordan bəhrələndiyi üçün ən ümdə sevgimizin içində torpaq xüsusi önəm daşıyır. Qeyrətli igidlər Vətənin dar günündə düşmən qarşısına, önə çıxır, sinəsini sipər edir və çoxu şəhid olaraq torpağa tapşırılır. İgidlər torpağa əkilir ki, qeyrət, qəhrəmanlıq, hünər, təəssübkeşlik bitsin...
Tarixən gülüstan torpağımız, onun yeraltı, yerüstü nemətləri “yağlı tikə” olaraq düşmənin gözünə batıb. Hər vəchlə bu cənnəti ələ keçirməyə hazır olan bədxahlar heç vaxt əksik olmayıb ətrafımızdan. Hər tərəfdən onu əldə etməyə çalışan acgöz qarğa-quzğunlar arasında barınmaq xalqımız üçün zaman-zaman çətinliklər, məşəqqətlər yaradıb. Yeganə dövlətik ki, hər tərəfdən öz dədə-baba torpaqlarımızla həmsərhəddik. Bu dərdin ağırlığını əsrlərlə daşımışıq, daşıyırıq. Bu balaca Vətəni qorumaq üçün nə qədər qanlar tökülüb, İlahi! Azərbaycan kimsəyə arxayın olub, kürəyini söykəyə bilməyib. Yalnız qəhrəman oğul və qızlarına güvənib Vətən. Aslanın erkəyi, dişisi olmaz, deyib babalarımız. İgid qadınlarımız da dar gündə ərlərinə, ata və qardaşlarına arxa, kömək olublar. Bu mənada tarixin hər səhifəsində xalqımızın qəhrəmanlıq dastanını yazan oğullarımız, qızlarımız olub və bugün də var.
Amma, nədənsə onları kifayət qədər qiymətləndirmək, şəhadətlərinin aliliyini anlamaq gücündə olmamışıq zaman-zaman. Özümüzünkülər kənarda qalıb, yadları ideal seçmişik. Nümunə olaraq gözümüzün önündə Vətən üçün ürəyi təşnə olanı, yolunda canını verəni deyil, filmlərdəki, kitablardakı qəhrəmanları nümunə seçmişik.
Artıq tilsim qırılır, millət özünə dönür. Şəhidlərimizin xatirəsini əziz tutmaq, əbədiləşdirmək, bugünkü və gələcək nəslə çatdırmaq üçün onların hər biri haqda ayrıca bir kitab yazmaq ideyasını, təşəbbüsünü Respublika Xatirə Kitabı Redaksiyası və “Bakı-Xəbər” qəzeti birlikdə layihə ilə həll etməyə başlayıblar. Həmin layihənin növbəti qəhrəmanı – qədim Naxçıvan torpağının igid oğullarından biri Seyidov İlkin Mirnəzir oğludur.
***
...Naxçıvanın tarixi çox qədimlərə gedib çıxır. Ən qədim yer adlarından olmaqla “Naxçıvan” toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Brokhauz və Efronun ensiklopedik lüğətində Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir. Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. 1500-cü ildə qoyulması fikri qəbul edilməkdədir. Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (b.e. II əsri) məxsusdur.
Naxçıvan haqda bu məlumatları təsadüfən qeyd etmədim. Haqqında yazacağım qəhrəman da bu ulu torpağın yetirmələrindən biri olduğu üçün bu ulu torpağın keçmişini gözdən keçirmək istədim. Hər kəsə məlum olan rəvayətə görə, Allah Huh peyğəmbərə, qövmünün günahdan əfv edilənlərini və hər canlıdan bir cüt olmaqla gəmiyə mindirib o günah məkanından uzaqlaşmağı və sevib-seçdiyi bu müqəddəs torpağa təşrif gətirməyi əmr etdi. Allahın seçdiyi üçün bu məkan illərdir onu mənimsəməyə cəhd edən düşmənin arzusunu ürəyində qoyub.
Ölkəmizə sonradan pənah gətirmiş, xalqımıza məxsus qonaqpərvərlikdən, ürəyiyumşaqlıqdan və təəssüf ki, unutqanlıqdan istifadə edərək və arxasındakı güclərdən ürəklənən bədxah qonşularımız o qədər həyasızlaşıblar ki, ən qədim yaşayış yerlərimizdən olan Naxçıvana belə iddialıdırlar.
Tanrının sevdiyi Nuh peyğəmbərin pənah gətirdiyi bu torpağa kafir düşmən ağayının dəyməsi yolverilməzdir və ta qədimdən Naxçıvan torpağına anası kimi sahib çıxan, onu canı kimi sevib qoruyan oğullar bunu çox yaxşı anlayıblar. Belə qəhrəmanlar sayəsində Nəqşi-Cahanımız bu gün də qorunur, mərd oğullarımız bu incinin keşiyində ayıq-sayıq dururlar.
...İki il əvvəl ilk dəfə qonaq olduğum bu şəhər təmizliyi, gözəlliyi, tarixi abidələrinə diqqətin pik həddi, göz oxşayan coğrafi mənzərəsi ilə yaddaşıma həkk olundu. Ən ucqar kəndlərinə belə çəkilən yolları ipək kimi rahat idi. Mən təyyarədən enib şəhərə üz tutan zaman uzun avtomobil karvanının şahidi oldum (Bəlkə də bu kitab bir zaman – çox illər sonra oxunacaq və o zamana qədər də Naxçıvanla aramızdakı maneələr dəf ediləcək, qoy o oxucuya da bəlli olsun ki, biz mənfur düşmənin hiyləsinə uyaraq məhrum olduğumuz bu qədim torpağımıza avtomobil yoluyla gedə bilmirik. Naxçıvanı görmə arzumuz yalnız hava yoluyla və bir də İran İslam Respublikası ərazisindən keçməklə gerçəkləşir).
- Naxçıvandadamı Bakıdakı kimi tıxac olurmuş? – deyə sürücüdən soruşdum. O, qəmli-qəmli:
- Yox, bacı,- dedi, - Şəhidimiz var, Qarabağdan indi gətirilir. Şəhərdən də, ətraf kəndlərdən də eşidən-bilən hər kəs bu igid Vətən oğluyla vidalaşmağa tələsir.
Bu kədərli xəbərdən, eyni zamanda qürurdan göz yaşlarımı saxlaya bilmədim (İndi yazarkən belə, kövrəlirəm). Xalqın şəhidinə verdiyi qiymət məni təəsirləndirdi və dərhal da gözümün önünə Qarabağdakı ilk şəhidlərimiz Əli və Bəxtiyar gəldi. Onda da bu şəhidləri Əsgərandan Ağdama izdiham çiyinlərində gətirmişdi. Bu, xalqın öz şəhidinə ilk ehtiramı idi. Mən bu ehtiramı Naxçıvanda da gördüm, halbuki bu, Naxçıvanın ilk şəhidi deyildi. Sadəcə, bu müqəddəs torpaqda Vətən yolunda canından keçən hər kəsə sevgi birmənalıdır, onları sıralamırlar.
...Bu qədim torpaqdakı şəhidə sayğı bir başqaydı. Avtomobil karvanının ucu-bucağı görünmürdü. Geri dönüb, o karvana qoşulmağı o qədər istədim ki, həmin an. Bunu sürücü də hiss etdi deyəsən və:
- Hələ təyyarə nə zaman gələcək, bəlli deyil, - dedi...
Naxçıvan şəhidinə belə qiymət verir və mən buna o şəhərə ilk addımımı qoyarkən əmin oldum və sevdim bu şəhəri, onun qonaqpərvər, qədirbilən insanlarını. Ona görə də bu şəhərin igid oğlanlarından biri – bu diyarın nə ilk, nə son olmayan şəhidi İlkin haqqında yazmaq qərarına gəldim.
O da bu şəhərdə doğulmuşdu – Seyidov İlkin Mirnəzir oğlu.
Evin ilk, böyük oğlu olduğu üçün İlkin qoyulmuşdu adı. Amma gələcəkdə adı daha böyük mənalar kəsb edəcəkdi – Şəhid adını! Bu ad qoyularkən bunu bəlkə heç düşünməmişdi valideynləri.
Hər şəhid öz qanıyla bir ilk səhifə açır, hər şəhid qəhrəmanlıq dastanının bir hissəsi olur, igidlər o dastanları Vətən adlı nəhəng kitabın vərəqlərinə qeyrət, təpər, hünər qələmiylə yazırlar. O yazını pozmaq üçün bütövlükdə bu millətin yaddaşını, hafizəsini silmək, ürəyini, beynini, xatirəsini məhv etmək gərəkdi, bu isə mümkün olan şey deyil! Türk özünə dönəndə məğrur, məğlubedilməz, möhtəşəm olur,- deyə bir deyim, inanc var. Heyif ki, səbri çoxdur bu millətin!
Adını İlkin qoymuşdular... adı İlkin olan, yaşıdları arasında seçilən bu uşaq elə ilk addımlarından adını doğrultmağa başladı. Məhəllədə futbol oynayanda da, gizlənpaç oynayanda da hamıdan öndəydi. İlk qolu da o vururdu, uşaqlardan da cəld qaçıb, onu tutmaq istəyənlərdən uzaqlaşırdı... məktəbdə də beləydi. Hətta onun orta məktəb müəllimlərinin birinin söylədiyi kimi, sinifdə nəsə çatmayanda müəllimin baxışlarından bunu duyurdu. Dərhal “Müəllimlər otağı”na qaçıb təbaşir gətirirdi, ya da atlas xəritəsini. Verilən suallara da bildiyi anda ilk o, əlini qaldırırdı. Nümunə olmuşdu sinif yoldaşlarına, məktəb uşaqlarına səliqəsiylə, intizamıyla, səmimiyyətiylə, xüsusilə özündən fiziki cəhətdən zəif yaşıdlarına qayğısıyla. Yağışlı, qarlı havalarda sinif yoldaşı olan qızlara göstərdiyi diqqətlə və beləcə, bir ad onun simasında, onun şəxsində ilkinləşirdi.
O, həyatda ilkin olduğunu addım-addım təsdiqləyirdi. Elə Sədərək uğrundakı o həlledici döyüşdə də ilk şəhid olan o oldu...
Masamın üzərindəki şəkillərə baxıram – İlkinin şəkilləridi. Sonra ailə albomunu vərəqləyirəm. Burada da İlkinin şəkilləri az da olsa var. Təsadüfdən baxmıram bu şəkillərə. İlkinli günlərə qayıtmaq üçün baxıram. Ona qoşulub orta məktəbə gedirəm - bir əlindən anası Rəhilə xanım tutub, o biri əlindən də mən. Bu xəyalımla mən onun oxuyacağı məktəbi görmək istəyirəm, sinif otağına daxil olmaq, oturacağı partanı tanımaq. Və bir də onunla yanaşı oturacaq gələcək sinif yoldaşını tanımaq. Axı, o, bu məktəbdən böyük həyata doğru bir yolun işığından tutub gedəcək və təbii ki, bu məktəbdə onun taleyinə, yaddaşına ilk müəlliminin də adı yazılacaq. Ona görə də buraxmıram İlkinin əlini, gedirəm onunla. Gedirəm ki, onun on illik bir həyat tarixcəsini təkcə sinif-sinif deyil, həm də zaman-zaman oxuya bilim. Oxuduqlarımı da onun əbədi həyatı önündə baş əyən oxuculara çatdıra bilim.
Çox canını qurban verən oldu bu müqəddəs torpaq uğrunda. Adları unuduldu, tarixə gömüldü. Sadəcə unutduq! Bəzən elə oldu ki, özümüz də anlaya bilmədik kimik, nəyik? Amma insan unutsa da, onlar Allah dərgahında müqəddəslər sırasında yer qazandılar.
Deyilən söz yadigardı, - deyib, ustad Səməd Vurğun. Ancaq deyilən yazılmasa ağızdan-ağıza bəzən təhrif olunaraq yanlış, bəzən tamamilə kökündən dəyişilərək sonrakı nəsillərə ötürülür. Yazılansa qalır. Ən qədim tarixin “dili” salnamələr, əşyalar, məzarlar... olub.
Kim bilir neçədir dünyanın yaşı, Tarixin nə qədər yazısı vardır... Hər saxsı parçası, hər məzar daşı Nəsildən-nəsilə bir yadigardır...
Bu gün şəhidlərimiz haqqında yazılanlar da bir zamanlar dönüb arxaya baxan, el-obasının qəhrəmanlıq tarixini öyrənmək, mənimsəmək, təbliğ etmək istəyən gələcək nəsil üçün bir yadigardır. Bu yazılar da müxtəlif olacaq: savadlı yazılmış, həvəskar cəhdi, faktlara güvənən, pafosla, eyforiya ilə yazılmış və bir də yaşadığımız günün reallığını əks etdirən yazılar. Amma bir ümumi, ortaq nöqtə olacaq bunları yazanlar arasında – Vətən sevgisi, millətinə, dövlətinə, tarixinə, keçmişinə, bugününə və gələcəyinə ehtiram!
Mən də yüzlərlə qəhrəman oğullarımızdan biri haqqında yazamağa cəhd edirəm – Seyidov İlkin haqqında. Bəlkə onun qəhrəmanlığını, vətənpərvərliyini, həyat eşqini, təəsübkeşliyini tam ifadə edə bilməyəcəm, amma buna cəhd edəcəm... Bunu onun ruhuna dərin hörmət və onu dünyaya gətirən, tərbiyə edənlərə sayqıyla bir təskinlik olaraq yazacam.
Seyidov İlkin Mirnəzir oğlu 1969-cu ildə Naxçıvan şəhərində doğulub. Orta məktəbi Naxçıvanda oxuyub. 1987-89-cu illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. Ordudan tərxis olunduqdan sonra Naxçıvan şəhərinə qayıdıb və işə düzəlmək üçün Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinə müraciət edib. Gənc yaşlarından idmanla məşğul olduğundan hündürboylu və sağlam bədənli idi. Ona görə də onun Daxili İşlər Nazirliyi Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) sıralarına qəbul olunması çətin olmadı.
Yatan millət ya ölər, ya da kölə kimi oyanar - Mustafa Kamal Atatürkün zərb-məsələ çevrilmiş bu dəyərli cümləsinin zaman-zaman təsdiqini görmüşük. Qarı düşmən bunu bizə dəfələrlə xatırlamağa vadar edib. Amma milli oyanışla ona qalib gələndə, burnunu əzib yerində otuzduranda yenə bağışlamışıq, bu dəfə yəqin ki, etməzlər fikriylə olanları unudub yenə onlara etibar eləmişik ki, bu da elə yenidən yatmaqdı. Düzdür, kölə olmamışıq, amma çox uzun yatmışıq...
Həyata, mübarizəyə səsləyən ilk zəng
Naxçıvanda bir ünvan var – müqəddəs ünvan. Çünki bu ünvanın aid olduğu şəxs Cavid əfəndidi. O Cavid ki, təkcə Azərbaycanın yox, həm də Şərqin söz, poeziya günəşidir. O Cavid ki, “İblis”i diz çökdürdü. O Cavid ki, türkü, Turanı göylərə qaldırdı və bir də o Cavid ki, Ulu Öndərin qayğısı, yardımı ilə uzaq Sibirdən “qayıdıb gəldi” Nəqşi-cahana. Gəldi və bütün Azərbaycanı yenidən sözün işığına bələdi - Cavid sözünün! Bu ünvan Cavid əfəndinin adını daşıya-daşıya gənc nəsil yetişdirməyə başladı. Onun divarları körpə nəfəsiylə qızdı, onun ünvanı məzun adıyla Azərbaycanı və dünyanı dolaşmağa başladı. Bu ünvan Naxçıvan şəhərindəki Hüseyn Cavid adına 5 saylı orta məktəbdir.
Bu məktəbin böyük pedaqoji kollektivi var idi. Burada çalışan müəllimlərin peşəkarlığı, intellekti valideynlərin diqqətini çəkmişdi. Ona görə də hətta digər məhəllələrdən bu məktəbə təhsil almağa gələnlər var idi. Səs-sorağı ətrafa yayılmış bu məktəb barəsində İlkinin valideynləri də eşitmişdi. İlkinin dayısı İlyas da pedaqoq olduğundan bu məktəb barəsində məlumatlı idi. Elə ona görə də İlkinin bu məktəbdə oxumasına o da ürəkdən uğur diləmişdi. Evin, ailənin bu səmimi razılığı ilə Rahilə xanım İlkinin əlindən tutub 1976-cı ilin sentyabr ayının 1-də H.Cavid adına Naxçıvan şəhər 5 nömrəli orta məktəbə gətirmişdi. Məktəbin həyəti qələbəlik idi. Müəllimlər, valideynlər, yuxarı sinif şagirdləri bir-birinə qarışmışdı. Bu şən təlaşın içərisində nisbətən sakit görünən məktəb direktoru idi. O, təmkinli şəkildə birinci sinfə gələn şagirdlərin valideynlərinə üz tutub dedi:
Hamınızı salamlayıram və yeni dərs ili münasibəti ilə təbrik edirəm. İndi zəng çalınacaq. Arzu edirəm ki, övladlarınızın bu zənglə başlayan ilk addımı Vətənin gələcəyi üçün ən dəyərli yürüşünə çevrilsin.
Bir azdan zəng çalındı. Bu, əli Rəhilə xanımın əlinin içində həyəcandan tərləyən qaragözlü balaca İlkinin eşitdiyi ilk məktəb zəngi idi. Onu sinfə, həyata çağıran məktəb zəngi. On il o, bu zəngin sədalarıyla özünü həyata, qəhrəmanlığa hazırladı və indiki prizmadan yanaşanda aydın olur ki, İlkini bu zənglər həm də qəhrəmanlığa kökləyir, həyat mübarizəsinə çağırırdı...
Adətən uşaqlar birinci sinfin ilk günlərində sinifdə oturmağa o qədər də həvəs göstərmirlər. Hər kəs valideynlərinin, əsasən də anasının yanında oturmasını, gözünün qabağında olmasını istəyir. Xüsusilə kiçik yaşlarından körpələr evinə, uşaq bağçasına getməyən uşaqlar bu məsələdə fərqlənirlər. Amma bizim qəhrəmanımız bu məsələdə də yaşıdlarından - sinif yoldaşlarından fərqlənirdi. O, anası Rəhilə xanımın onun başını sığallayıb, üzündən öpməsini ürəkdən gələn bir xeyir-dua kimi qəbul edib, sakit, ana özü eşidəcəyi bir səslə dedi:
Sən get, mən qalıram.
Rəhilə xanım gözləmədiyi bu təbii, amma həm də qürurverici olan mənzərədən kövrəldi. Təkrar oğlunun başını sığallayıb sinifdən çıxdı. Yeri gəlmişkən xatırladım ki, sonralar digər qardaşı, məhəllə uşaqları birinci sinfə gedəndə artıq onlar üçün də İlkin bir qəribə maraq ünvanı idi, yəni Rəhilə xanımın söhbətlərini eşitdiklərindən, hamısı çalışırdı ki, İlkin kimi təmkinli olsun. Bu da onun özünə inamını müəyyən mənada artırır, önə çıxmasına təkan verirdi.
Birinci sinfin, demək olar ki, hər günü onun üçün maraqlı idi, bütün müəllimləri onun üçün tamam doğmalaşmışdılar. Bunun bir səbəbi yaşıdları ilə qaynayıb-qarışması idisə, ikinci səbəbi ibtidai sinif müəllimlərinin uşaqlara fərdi qaydada yanaşma üslubu idi. Onlar çalışırdılar ki, bu uşaqlar sinfə, kitaba, müəllimə alışa bilsinlər. Üstəlik, bu alışma onları kitaba da, məktəbə də, müəllimə də bağlasın və zaman göstərdi ki, pedaqoji təcrübə öz işini görə bilib. İlk dərslərə çətinliklə valideyn hesabına gələn uşaqlar artıq dərslər bitəndə evə tələsmirdilər, müəllimin başına yığışıb əlavə tapşırıqların yerindəcə öyrənilməsinə sual-cavabla bir-birlərini, müəllimlərini sinifdə saxlamağa çalışırdılar. Həmin pedaqoqların arasında İlkini sənətə, rəssamlığa, ədəbiyyata bağlayan müəllimlər də var idi. Elə buradaca vurğulamaq yerinə düşər ki, İlkin adını tarixə yazandan sonra onun barəsində ürək sözlərini söyləyən müəllimlər də məhz İlkini zamanında dəyərləndirən, ruhlandıran, yaradıcılığa həvəsləndirən pedaqoqlar idi.
...Həmsöhbətim İlkinin əmək təlimi müəllimidir. Bu yaşlı insanla İlkinin oxuduğu məktəbə tərəf yanaşı addımlayırıq. Gedirik ki, İlkinin on illik həyatını öz daş yaddaşına köçürmüş illəri vərəqləyək. Çox söhbətcil insandı Tofiq müəllim. Seyidov Tofiq Mirələsgər oğlu söhbətimizin ilk kəlməsində xüsusi bir qürur hissiylə vurğulayır ki, bizim ailə də seyid ocağı olduğundan, mən İlkinə “əminəvəsi” deyirdim. Və ona xüsusi bir sevgiylə yanaşırdım. Bu sevgini də o, özü qazanmışdı. Öncə səliqəsiylə, sonra da fərdi bacarığıyla. Əmək dərslərində onun əl işləri, çəkdiyi rəsmlər hər dəfə maraq doğururdu. Hiss olunurdu ki, o, seçilənlərdən olacaq. Xüsusilə silah, döyüş maşını çəkməyə qəribə bir marağı vardı İlkinin. Hətta emalatxanada da o, silahların maketini düzəltməyə üstünlük verirdi. Özü də bu istəklər onda alınırdı. Düzəltdiyi tapança, avtomat həqiqi silahları xatırladırdı. İndi mən həmin o emalatxananı, o sinif otaqlarını sizə göstərə bilməyəcəm, çünki İlkinin on il təhsil aldığı məktəb illərin vurduğu zərbələrdən, erroziyadan artıq ömrünün sonuna gəlib çatmışdı. Ona görə də xüsusi qərarla məktəb sökülüb, onun yerində yeni məktəbin ilk mərtəbəsi ucaldılıb. İnşallah tezliklə tikintisi başa çatdırılar.
Biz həmin əraziyə ona görə gedirik ki, siz İlkinin bir vaxtlar çiçəklərini oxşadığı kolları, ağacları, bütövlükdə məktəbin ərazisini görə biləsiniz. Zənnimcə, o ərazini şəhidə ehtiramla, sevgiylə seyr etsəniz, bunun özü də sizin üçün İlkin barəsində əlavə təəssüratın formalaşmasını təmin edəcək.
Biz Tofiq müəllimlə Naxçıvan şəhərindəki H.Cavid adına 5 saylı məktəbin ərazisinə gəlib çatırıq. Böyük tikinti işləri aparılan məktəbin ərazisindəki əvvəlki illərdən qalmış güllər, ağaclar və buradakı lövhə məktəbin dünənki səliqə-səhmanından məlumat verirdi. O məlumatların arasında şəhid İlkin Mirnəzir oğlu Seyidovun adı qırmızı bir xətt kimi keçirdi. Elə həmin lövhənin yanında daha iri planda tikilməkdə olan yeni məktəbin layihəsi yerləşdirilmişdi. Ədalət naminə etiraf etmək lazımdır ki, layihədə ifadə olunan məktəb çox möhtəşəm idi. O bina Naxçıvandakı digər tikililərin, sosial obyektlərin diqqətçəkən mənzərəsini bir az da tamamlamaq gücündə idi. Hiss olunurdu ki, layihə müəllifləri böyük Cavidin adını daşıyan bu məktəbi də Naxçıvanın digər möhtəşəm məktəblərinin, mədəniyyət ocaqlarının sırasına əlavə etməklə onun gözəlliyini bir az da artırmaq məqsədiylə işləyirlər bu proyekti. Aparılan tikinti işləri də layihənin uğurlu alınacağına artıq bəri başdan bizdə inam yaratdı. Elə Tofiq müəllim də yaşının bu ahıl çağında öz şagirdi barəsində yenidən tikilən məktəbin həyətində xatirələrini danışırdı. O, vurğulayırdı ki, İlkin vətənpərvərdi, qoçaqdı, vətən üçün canını verəcəyi elə o vaxtlardan bəlliydi. Mənsub olduğu seyid nəslinin adına layiq hərəkətləri onu ətrafda da, məktəbdə də sevdirirdi.
Müəllim əməyini ucaldan şəhid...
Makedoniyalı İsgəndər “Həyata gəlməyimə görə ata-anama, həyatda ləyaqətlə yaşadığıma görə müəllimlərimə borcluyam” demişdi. Çox şey öyrətdi bizə müəllimlərimiz, elm, bilik verdilər, dünyanın gözəl olduğunu anlatdılar. Ona görə də hər şeyi gözəl görürdük biz əvvəllər. Dünya uşaq təsəvvürümüzdə tərtəmiz görünürdü. Namərdlikdən, satqınlıqdan, yaltaqlıqdan, savaşdan, müharibədən... xəbərimiz yoxdu. Amma çox çəkmədi, gənc olar-olmaz xain, namərd qonşularımız olan ermənilərin tipik xarakterləri ortaya çıxdı və təsəvvürümüzdəkiləri alt-üst edərək bizə həyatın heç də tərtəmiz olmadığını sübut etdi. Dünyanı gözəlləşdirən xeyir əməllər olduğunu öyrətmişdilər bizə, amma düşmən sayəsində əksini öyrəndik. Evdə valideynlərimiz, məktəbdə müəllimlərimiz xeyirxahlıq, dürüstlük, haqqı qorumaq öyrətdilər bizə. Amma görünür, öyrətmədikləri, bəlkə də heç özlərinin də bilmədikləri şeylər varmış – xəyanət, gözgörəsi haqqı tapdamaq, naqislik, ikiüzlülük, yaltaqlıq, xainlik. Mərhəmət bəslədiklərimiz humanistliyimizdən istifadə edərək bu mərhəməti sonsuz kinə, qəzəbə çevirərək özümüzə tuşladılar.
Bunları İlkinə öyrətməmişdi nə ilk müəlliməsi Havizər müəllimə, nə də sonrakı illərdəki müəllimləri. Amma görünür, dostunu tanıtdığın kimi düşmənini də tanıtmalısan övlada, şagirdə. Bu tanıtma ermənilərin beşikdən başlayan və qəbirə qədər davam edən antitürk nifrəti, təbliğatı deyil, sadəcə bir düşməni olduğunu unutdurmamaq və ondan ehtiyatlı olmağı öyrətmək lazımmış...
İlkinin müəllimlərindən biri ilə üz-üzə oturmuşam. İndi təqaüdçü olan Seyidov Tofiq Mirələsgər oğlu bir vaxtlar əmək təlimi müəllimi işləyib. Onu dinləyirik. Birnəfəsə İlkinin gözəl məziyyətlərini sadalayır. Ən əsası, vurğulayır ki, o, sinifdə başqa uşaqlardan seçilirdi. Vətənpərvərdi, qoçaqdı, vətən üçün canını verəcəyi elə o vaxtlardan bəlli idi. Mənsub olduğu seyid nəslinin adına layiq hərəkətləri onu ətrafda da, məktəbdə də sevdirirdi. O, əmək təlimi dərsində israrla məndən tapança düzəltməyi öyrətməmi istəyirdi. Tez-tez xahiş edirdi ki, onun üçün tapança düzəldim. Mən taxtadan tapança düzəltməyi öyrətmişdim, amma bu onu qane eləmirdi: Müəllim, mən əsl tapança düzəltməyi öyrətmənizi istəyirəm, deyərdi. Sonralar düşmənin azğın hərəkətləri haqda duyduqca bu gəncin qisas hissindən boğulduğunu görürdüm. İntiqam, nifrət içini yandırıb-yaxırdı. O zaman hələ uşaq olsa da, məndən tapança istəməsi səbəbinin də bu olduğunu çox gözəl anlayırdım. Çünki sərhədin o üzündə daim pusquda pis niyyətli qarı düşmən yatırdı.
Çox mərd oğuldu, çox qoçaqdı, hörmətcildi, bir kəsi dilindən belə incitməzdi. Onun şəhid olduğu xəbərini eşidəndə dünyanın faniliyinə bir daha əmin oldum. O cür layiqli oğulu itirmək çox çətindi. Məktəbimizdən İlkindən başqa da şəhidlər var. Bir təskinliyimiz var ki, onun yeri cənnətdir. Ümumiyyətlə, Naxçıvandan 83 nəfər Vətən yolunda şəhid olan oğullarımız var. Onlardan 43 nəfərin məzarı Naxçıvandadır, qalanları Naxçıvanın müxtəlif rayonlarında. Mən tez-tez Şəhidlər Xiyabanına gedir, o igid oğullarımızı ziyarət edir, Yasin surəsiylə ruhlarını yad edirəm. Sizə də təşəkkür edirəm ki, belə qəhrəmanların sorağıyla buraya qədər gəlmisiniz, onun xatirəsini əbədiləşdirmək, gələcək nəslə belə igidləri tanıtmaq üçün zəhmət çəkirsiniz.
İlkinin dil-ədəbiyyat müəllimi Əmanət Musayeva gəlişimin məqsədini eşidən andan kövrək notlaq üstündə köklənmişdi:
- Bütün şəhidlər mənim də balamdır, - deyən Əmanət xanımın sinəsi şəhid nisgiliylə, şəhid ağısıyla doludur. Hər bir şəhid vətən oğlunu öz balası kimi ağlayır, hər bir igid vətən oğluyla qürurlanır, fəxr edir Əmanət xanım. Bu qəlbi kövrək xanım həm də şairədir və dörd kitab müəllifidir. Bir zamanlar Hüseyn Cavid adına 5 nömrəli məktəbdə İlkinə dərs deyən Əmanət müəllimə sonradan Heydər Əliyev adına məktəbdə əmisinin adını daşıyan balaca İlkin Seyidova dərs deyib. İlkinin kiçicik bir yanlışı olardısa, mütləq daşıdığı adın məsuliyyətini xatırladar, onu utandırardım, - deyir Əmanət müəllimə.
Müharibənin zərbəsi bu xanıma da dəyib – oğlanları Qarabağda igidliklə döyüşüb, vətənin müdafiəsində canlarını verməyə hazır olublar. Böyük oğlu Ağdam cəbhəsində ağır yaralananda Əmanət xanım təmkinlə - Vətən sağ olsun! - deyib. Oğlunun yanına tələsib, ağır yaralanmasına baxmayaraq şükür edib. Orada şəhid, itkin, yaralı analarına təskinlik verib, vətənpərvər təbliğatla çıxış edib.
Şəhid İlkin Seyidov haqda danışanda gözləri bir cüt çeşməni xatırladırdı Əmanət xanımın. Onun necə layiqli övlad, ləyaqətli oğul, nümunəvi şagird olduğunu həvəslə danışdı. Əmanət xanım 44 illik pedaqoji fəaliyyəti dövründə İlkin kimi şagirdləri az-az gördüyünü etiraf etdi.
Musayeva Əmanət özünü təqdim edərkən: Naxçıvan şəhərindəki orta məktəblərdə 44 ildir dil-ədəbiyyat fənnini tədris edirəm, şairəyəm, 4 kitab müəllifiyəm, mənə elə gəlir ki, bu illər ərzində müəllimlik şərəfini ləyaqətlə qoruyaraq işimi yerinə yetirirəm. Demək olar ki, Muxtar Respublikanın şagirdlərinin əksəriyyəti mənim şagirdlərim olub. Elə bu məktəbdə səkkiz nəfər şagirdim mənimlə çiyin-çiyinə müəllim işləyir.
Həm pedaqoji sahədəki uzun illər fəaliyyəti, həm şairlik qabiliyyəti üst-üstə düşən bu xanımla söhbət etmək daha asandı. Ürəyi sözlə doludur, amma söhbətin belə kövrək notlar üzərində qurulması, görünür həm də onun yaralı yeri olan mövzuya toxunmam onu çox həyəcanlandırıb. İlkin haqqında sualıma geniş haşiyə çıxaraq cavab verir: Mən özüm tam əminliklə deyə bilərəm ki, qatı vətənpərvərəm. Hələ hadisələr başlayanda Naxçıvanda savadlı, bacarıqlı hərbçilər olsun deyə, iki oğlumu hərbi məktəbə yönəltdim. Birinin heç yaşı düşmürdü, amma yazdırdım ki, məktəbdən onların ardınca başqaları da getsin. Və böyük oğlum, anasına layiq övlad olaraq, ön cəbhədə döyüşdü (qəhərlənir, göz yaşlarıyla davam edir), ağır yaralandı. Bir ay komada qaldı, indi birinci qrup əlildi.
Mən onu ziyarətə gedəndə məni qınayanlar oldu ki, sən necə razı oldun ki, oğlun cəbhəyə getdi, müəyyən səbəblərə görə məni qıcıqlandırmaq istəyirdilər. Mən dedim ki, bizə, Vətənimizə ali savadlı, hərbi biliyə malik olan oğullar lazımdı. Ona görə də ayağı olmazsa, mən ona ayaq olaraq düşmən qarşısına çıxararam, əsas döyüş taktikasını, texnikanı idarə edə bilən başı – savadı, biliyi, bacarığı olsun. Min şükür Allahıma, başımızı əymədilər.
Mənə verilən imkandan istifadə edərək mən yalnız İlkinə deyil, onun kimi çox oğullara, hətta qızlara vətənpərvərlik dərsi keçmişəm, vətənsevərliyi təbliğ etmiş, düşmənə qarşı sərt olmağı aşılamışam. Dərsini zəif oxuyan şagirdlərə də məsləhət görürdüm ki, hərbi bilik əldə edin ki, silahdan istifadə qaydalarını öyrənin ki, bizim əbədi düşmənimiz var və o, həmişə bizi arxadan vurmağa hazırdır. Bizim şəhid İlkinin adını daşıyan, onun qardaşı oğlu balaca İlkinə də, digər şagirdlərimə də həmişə deyirəm ki, bilik əldə etmək mümkündü, bu lazımdı və istəsəniz, zəhmət çəksəniz bilik əldə edə bilərsiniz, amma vətənpərvərlik, hərbi bacarıq daha vacibdi, çünki vətəni sevmək, onun müdafiəsində iştirak etmək, yeri gəlsə yolunda canından keçmək bu xalqımızın hər bir nümayəndəsinin öyrənməli olduğu vacib məsələdir. Və bu da hər kəsə nəsib olmur. Məhz İlkin kimi qeyrətli oğullar bu yolu seçdilər və şəhidlik zirvəsinə ucaldılar.
Mən Hüseyn Cavid adına 5 nömrəli məktəbdə günü uzadılmış qrupda dərnək rəhbəri işləyirdim, orda İlkin tez-tez gəlirdi mənim yanıma... demək olar ki, hər gün gəlirdi. Elə gözəl əl qabiliyyəti vardı ki, elə bacarıqlıydı ki, maraq məni bürüyürdü və ondan soruşdum ki, böyüyəndə kim olacaqsan, hansı sənəti, peşəni seçəcəksən? Cavab verdi ki, xalqıma, millətimə layiqli övlad olacağam. Dəqiq cavab vermirdi, yayınırdı sualımdan. Ona bir iş tapşırdımmı, yerinə yetirəcəyinə tam əmin olurdum, çünki o, tapşırılan işi sona yetirmədən rahatlıq tapmazdı. Bu məsuliyət hissi uşaq vaxtından onun çoxlu gözəl xüsusiyyətlərindən biri idi. Qrupda çoxu müxtəlif işlər görərdi, vaxt bitəndə hər kəs evə gedərdi, o, işini bitirməmiş yerindən tərpənməzdi. Dərslərində də çox nizam-intizamlı idi. Bəzən dünyasını dəyişən insan haqqında ancaq gözəl sözlər deyirlər, amma inanın vallahi-billahi, tam səmimi deyirəm ki, İlkin həqiqətən gözəl keyfiyyətlərə malik insan idi. Bəzən bizim kiçik İlkində bir nöqsan görəndə şəhid əmisininin gözəl keyfiyyətlərini yada salır, nümunələr gətirirəm. Ona xatırladıram ki, İlkinə bir dəfə də olsun sinifdə dərs zamanı “sakit otur, düz otur, səs salma” kimi ifadələri işlətməyə ehtiyac olmayıb.
Hər kəs öz elinin-obasının qəhrəmanı ilə fəxr eləyir. Bəzən “mən filankəslərin torpağındanam” deyərək qürur duyur. Bu baxımdan Əmanət xanım doğulduğu yurdun qəhrəmanları, şəhidləri, qaziləri ilə fəxr edir. Onun İlkin haqqında şeiri, yazısı varmı deyə soruşduqda: Nəinki İlkin haqqında, ümumiyyətlə bütün şəhidlərimiz haqqında qəlbimdə kök salmış fikirləri çözərək kağıza köçürürəm, deyir. – İlkindən əvvəl on il bir sinifdə oxuduğum Milli Qəhrəmanımız Yusif Mirzəyev haqqında yazmışdım. Döyüşə getməmişdən bir həhtə əvvəl mənə dedi ki, televiziyada veriliş çəkiləcək hansı mahnını istəyirsən orda oxuyum. Mən “Ana” mahnısını dedim. Yusif anasını həddindən artıq çox sevirdi. Mən də dünyada ən qiymətlimi - anamı itirmişəm. O, sözünü tutub o mahnını oxudu və o son gedişi oldu, şəhid olduğu xəbərini aldıq. İnanın bugünə qədər də şəhid mövzusunda yazılarımda nə İlkin Seyidovun, nə Yusif Mirzəyevin haqqında yazmaqdan yorulmuram. Onları fikrimdən, xatirəmdən uzaqlaşdıra bilmirəm, heç bunu istəmirəm də. İlk dəfə Şəhidlər Xiyabanına ayaq basanda onların ikisini də yan-yana görüncə bu əzizlərimin həsrətindən içimdən bir nalə qopdu (ağlayır) və bədahətən gələn şeirim yarandı:
Qalx, qalx ayağa, şəhid qardaşım, Qalx, qalx ayağa, dostum, sirdaşım, Qalx, cənnətə dönüb doğma diyarın, Qalx, sənin qadanı mən özüm alım...
(qəhər boğur, göz yaşları dayanmadan çənəsinə yuvarlanır). Mən hər gün ağlayıram, hər gün o gənclər üçün yanıb-yaxılıram. Elə olur ki, xiyabanın yanından keçərkən unudub musiqi səsini azaltmayan sürücü ilə savaşıram. Ona əsəbiləşərək söyləyirəm ki, sən bir gör hardan keçirsən, sənin bu şəhidlərin yanından keçərkən musiqi dinləməyə ixtiyarın yoxdur!
Mən sinif şagirdlərini tez-tez Şəhidlər xiyabanına aparıram, onlar haqqında məlumat verirəm, igidlikləri, döyüş yolları, şəhidlik zivəsinə ucaldıqları barədə danışıram. Onların adiləşəcəyindən, yaddan çıxacaqlarından, unudulacaqlarından əndişə edirəm. Oğlum döyüşçü olanda da mən bütün oğullarımızı öz balam bilirdim. Mən bu oğullarla fəxr edirəm. Şəhidlik mənim əsas yaradıcılıq mövzumdu. Mənim oğlumun biri Qazaxda, biri də Ağdamda döyüş bölgəsində olub, layiqli vətəndaşlıq missiyalarını yerinə yetiriblər. Prezident təqaüdü alırlar, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov onlara avtomobil də hədiyyə edib.
İstəmirəm təbliğat işi bir mənim fəaliyyətimlə bitsin. Məncə, bütün xalqımızı, anaları, ataları bu işə səsləməliyik ki, övladlarımızı düzgün tərbiyə edək, vətənpərvər böyüdək ki, düşmən üstümüzə ayaq açmağa ürək eləməsin. Əgər biz torpaqlarımızı həqiqətən azad görmək istəyiriksə, “mənə nə”, “sənə nə” sözünü, Məmməd Araz demiş, qırağa atmalıyıq. Və onda yəqin ki, bütöv bir Azərbaycan yarada bilərik. Ölənə qədər ən böyük arzum bütöv Azərbaycan yaratmaq olacaq. Və var gücümlə, əməyimlə, biliyimlə, təbliğatımla bu iş uğrunda zəhmətimi əsirgəməyəcəm. Mən inanıram ki, bu əməyim boşa getməyəcək. Yəqin ki, hamısı da olmasa, şagirdlərimdən çoxu bu istəyimi, çağırışımı qəbul edəcək, nəticə çıxaracaqlar. Qəhrəmanlıq yolları bu gün şəhidlik zirvəsinə qalxan, ruhları bugün bizimlə bir arada gəzib-dolaşan igidlərimizlə tamamlanmayacaq. Bu yol özünün yeni-yeni igidləri ilə düşməni sarsıdacaq, diz çökdürəcək, xalqımızı isə daha əzmkar, daha qüdrətli edəcəkdir. İlkin kimi igidlər öz qəhrmanlıqları ilə yeni İlkinlərə nümunə olur, yol göstərirlər, yəni İlkinlər bu torpaq üçün doğulur, bu torpaq üçün döyüşür, bu torpağın da qan yaddaşında yaşayırlar.
Bu gün sizi buraya İlkin gətirib, mənim sevimli şagirdim, əziz balam, igid Şəhidim. Çox gənc tərk etdi bu dünyanı. Hələ çox işlər görəcəkdi, öz zəngin mənəvi aləmiylə çoxlarına nümunə olacaqdı, vətən üçün daha çox əmək verəcəkdi. Neyləyək ki, qisməti buraya qədər yazılmışdı. Amma onu da deyim ki, bu qısa ömrü ilə də bir əsrə bərabər nümunə qoyub getdi İlkin Seyidov və xatirəsi əziz tutulanlar, bu torpaq üzərində haqqı olanlar sırasında əsrlərlə - Azərbaycan durduqca yaşayacaq.
Haşiyə: Yusif Vəli oğlu Mirzəyev Naxçıvanın 83 şəhidindən biridir. Şəhidlər Xiyabanında da məzarı İlkinlə yan-yanadır.
O, 1958-ci il may ayının 23-də Babək rayonunun Böyükdüz kəndində dünyaya gəlib. 1975-ci ildə 1 saylı Naxçıvan orta məktəbini bitirib. 1976-cı Naxçıvan Rabitə Qovşağında əmək fəaliyyətinə başlayıb. O, işləyə-işləyə Dövlət Xalq Təsərrüfatı Universitetində (indiki Dövlət İqtisad Universiteti) ali təhsil alıb. 1987-ci ildə həmin universitetin mühasibatlıq fakültəsini bitirir və Bakıda bankların birində müfəttiş vəzifəsinə təyin edilir.
1988-ci ildə Xalq Hərəkatına qoşulur. 1990-cı il 20 Yanvar faciəsi zamanı rus əsgərləri Yusifə ağır işgəncələr verir. Lakin o sınmır, əksinə, daha da mətinləşir. Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, eləcə də Dağlıq Qarabağda ermənilərin törətdikləri qanlı cinayətlər onu bir an belə rahat buraxmırdı. Yusif Mirzəyev 1991-ci ildə sakit həyatla vidalaşıb, könüllü olaraq cəbhə bölgəsinə yollanır. İlk döyüşü Ağdərə-Goranboy istiqamətində olur. O, tez bir zamanda xidmət etdiyi briqadanın fəal döyüşçülərindən birinə çevrilir. Komandanlıq belə cəsur əsgər olduğunu görüb, onu briqada komandirinin təchizat üzrə müavini təyin edir.
Yusif Mirzəyev on dörd nəfərlik dəstəsiylə bütün əməliyyatlarda iştirak edirdi. Ağdərədə 17 kəndin alınmasında isə onun müstəsna xidmətləri olub. Gənc komandir döyüşlərinin birində öz dəstəsiylə mühasirəyə düşür, lakin çevikliyi və cəldliyi sayəsində erməni silahlılarının xeyli sayda canlı qüvvəsini məhv edərək heç bir itki vermədən döyüşçüləri mühasirədən çıxarır.
1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində silah yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olur. Ailəlidir, bir qızı var.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanıyla Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. Naxçıvandakı məktəblərdən biri və Bakıdakı 44 saylı məktəb onun adını daşıyır.
O vaxtın operatorunun çəkdiyi lenti izləyirəm. Ekrandan Yusif deyir ki, arzum budur, burdan piyada gedib çıxım Kəlbəcərə, ondan sonra da yolumuz Xankəndiyədi. Heç nədən də qorxumuz yoxdu, axır nəfəsimizə qədər də vuruşacıyıq... elə səmimi, məsum üzü var ki, danışan əzizinmi, qanından-canından birimi, yoxsa vətən uğrunda şəhid olduğu üçünmü bu qədər doğma olduğunu ayırd edə bilmirsən...
Onun haqqında dostu Şəmistan Əlizamanlının xatirələrini dinlədikcə bu zəminimdə yanılmadığımı gördüm. Dostu da söyləyir ki, o, o qədər mehriban, səmimi, cana yaxındı ki, elə ilk söhbətdən insan ona isinişirdi. Ş.Əlizamanlının söylədiyinə görə, “İgid əsgər, möhkəm dayan” mahnısını da onun istəyiylə, demək olar ki, təkidiylə hazırlamışdır və zarafatla bunu sənə həsr edəcəm demişdir. Amma mahnını Yusifin ölümündən sonra onu xatırlayaraq ifa etmişdir.
Əmanət xanımın Yusif Mirzəyevin adını dilə gətirməsiylə onun haqqındakı xatirələrim çözələndi və Naxçıvanın yalnız bir şəhidi - İlkin Seyidov haqqında yazmaqla bərabər Naxçıvanda neçə Qarabağ müharibəsi şəhidi olduğu ilə maraqlandım.
Sədərək Şəhidlərinin ümumi siyahısı:
1. Abbasov Bahadır Bayram oğlu
2. Əsgərov Abdulla Rza oğlu
3. Abbasov Mehman Musa oğlu
4. Əsgərov Canpolad Ağaverdi (Ağoş) oğlu
5. Abbasov Namiq İlyas oğlu
6. Adnayev Elşad Səxavət oğlu
7. Əsgərov Sədi Sabir oğlu
8. Ağayev Qulu İbrahim oğlu
9. Heydərov Hüseyn İsgəndər oğlu
10. Ağayev Musa Ağamalı oğlu
11. Heydərov Yusif Qafar oğlu
12. Ağayev Nəsib Ağamalı oğlu
13. Həsənəliyev Asəf Ələkbər oğlu
14. Babayev İlqar Kamil oğlu
15. Həsənov Bayram Həsən oğlu
16. Babayev Rəşad Abbas oğlu
17. Həsənov Cəfər Əli oğlu
18. Canməmmədov Vəli Eldar oğlu
19. Həsənov Fariz Sabir oğlu
20. Cəfərov Adil Allahverdi oğlu
21. Həsənov Muxtar Həsən oğlu
22. Əbülhəsənov Hidayət Allahverdi oğlu
23. Həsənov Müşfiq Hüseynqulu oğlu
24. Həsənov Nemət Arif oğlu
25. Əhmədov Eldar Paşa oğlu
26. Həziyev Namiq Əyyub oğlu
27. Əhmədov Etibar Rzaqulu oğlu
28. Hüseynov Araz Səməd oğlu
29. Əhmədov Kərim Yəhya oğlu
30. Hüseynov Coşqun Hüseyn oğlu
31. Ələkbərov Vahid Zahid oğlu
32. Hüseynov Etibar İslam oğlu
33. Əliyev Elbrus Ələkbər oğlu
34. Hüseynov Rəhim Həsən oğlu
35. Əliyev Elxan Vəli oğlu
36. Hüseynov Şamil Telman oğlu
37. Əliyev Ənvər Bilal oğlu
38. Xanlarov Elmidar Nurəddin oğlu
39. Əliyev Kamran Yaqub oğlu
40. Xudaverdiyev Səməd İmran oğlu
41. Əliyev Malik Qabil oğlu
42. İbrahimov Əşrəf İbrahim oğlu
43. Əliyev Məhəmməd Nurəddin oğlu
44. İbrahimov Orxan Yusif oğlu
45. Əliyev Səyyad Əhəd oğlu
46. İmanov Əbülfəz Bəbir oğlu
47. Əsədullayev Kamal Fətulla oğlu
48. İsmayılov Elman Cabbar oğlu
49. İsmayılov Fərmayıl İsmayıl oğlu
50. Nəzərəliyev Abbasəli Qaragöz oğlu
51. İsmayılov Mehman Qurban oğlu
52. Kazımov İlham Cəbrayıl oğlu
53. Orucov Mehman Rövşən oğlu
54. Qasımov Əhməd Sadiq oğlu
55. Ramazanov Hidayət Əjdər oğlu
56. Qasımov İlyas Sabir oğlu
57. Rzayev Surxay İsa oğlu
58. Qasımov Qadir Qasım oğlu
59. Sarıyev Sədi Əhəd oğlu
60. Qaybalıyev Bəxtiyar Nəsib oğlu
61. Seyidov İlkin Mirnazir oğlu
62. Qədimov Hamlet Əli oğlu
63. Seyidov Məhərrəm Mirəziz oğlu
64. Qədimov Vəli Rəhim oğlu
65. Seyidov Mirəyyub Miryusif oğlu
66. Quliyev Qulam Əli oğlu
67. Seyidov Mirhəşim Mirşəmil oğlu
68. Mahmudov Əbdül Qəhrəman oğlu
69. Səfərov Müşfiq Qasım oğlu
70. Mahmudov Vilayət Təvəkkül oğlu
71. Səfərov Sabit Vaqif oğlu
72. Mehdiyev Lətif Nəsib oğlu
73. Səfərov Şakir Səttar oğlu
74. Məmmədov Bəhlul Musa oğlu
75. Səfərzadə Vidadi Vaqif oğlu
76. Məmmədov Əhməd Həsənqulu oğlu
77. Səfərzadə Vüqar Nəsib oğlu
78. Səmədov Əli Səməd oğlu
79. Məmmədov Faiq Yaqub oğlu
80. Sultanov Kamil Hüseyn oğlu
81. Məmmədov İdris Ələsgər oğlu
82. Sultanov Nazim Fərman oğlu
83. Məmmədov Kamran Cəbrayıl oğlu
84. Süleymanova Səmərqənd İbrahim qızı
85. Məmmədov Məmməd Əli oğlu
86. Məmmədov Muxtar İsa oğlu
87. Şahverdiyev Mübariz İslam oğlu
88. Məmmədov Nüsrət Hüseyn oğlu
89. Şəfiyev Rasim Vəli oğlu
90. Məmmədov Surəddin Oruc oğlu
91. Şirəlıyev Mustafa Hüseyn oğlu
92. Məmmədov Valid Qasım oğlu
93. Tağıyev Azər Nemət oğlu
94. Məmmədova Seyran Mirəli qızı
95. Tağıyev Rüstəm Rəşid oğlu
96. Mirzəyev Fərhad Səyyad oğlu
97. Vəliyev Rövşən Nizami oğlu
98. Muxtarov Vüqar Bayram oğlu
99. Vəliyev Şükür Məhərrəm oğlu
100. Musayev Firuddin Qulu oğlu
101. Yusifova Ruhiyyə Abdulla qızı
102. Nağıyev Elşad Arif oğlu
103. Zamanov Aydın Əhməd oğlu
104. Nəsibov Vüqar Şəmil oğlu
105. Zamanov Fazil İmran oğlu
106. Nəsirov Elvin Tofiq oğlu
107. Zeynalov Mahmud Zeynalabdin oğlu
108. Nəsirov Malik Tofiq oğlu
Təqvimdə özəl günlər qırmızı rənglə işarələnir. Hər kəsin özünə məxsus fərdi təqvimi də var – özü üçün tutduğu. Doğum günü, ali məktəbə qəbul olma, ilk iş günü, ilk maaş, toy günü, övladının ilk dəfə söz dediyi gün, ayaq açdığı, məktəbə getdiyi gün – bir sözlə həyatın bəxş etdiyi ən xoşbəxt günlər – ömrünə qırmızı işarəylə yazılan ən əlamətdar günlər. Və bir də özünü ən bədbəxt hiss etdiyi günlər var insanın, onu təqvimdə qarayla işarələsən də görünməyəcək. Çünki o təqvimdə günlər onsuz da qara hərflərlə yazılır. Amma kağızda, təqvimdə olmasa da, ürəkdə, beyində, hafizədə qapqara işarəylə həkk olunur o günlər. Bəs şəhid olma günü necə qeyd olunmalıdır yaxınlarının təqvimində - qaramı, qırmızımı? Şübhəsiz, düşünmədən qara deyənlər çox olacaq. Amma düşündükdən, şəhidliyin zirvəsinə gedən yolu dərk etdikdən, şəhidin Allah məqamındakı ali yerini öyrəndikdən sonra bir daha düşünməli olursan, O təqvim qırmızı olmamalıdırmı?..
Xalqımızın “Adın daşlara yazılsın!” kimi bir qarğışı var. Bu doğrudan qarğışdımı, alqışdımı, yaranma tarixi haraya gedib çıxır, bilmirəm. Bəzən fikir dəryasına baş vurub çox dərinə gedərkən üzün astarla yerini dəyişdiyini görmək qaçılmaz olur. Bu mənada “adı daşlara yazılanlar”ımızın bu fikirlərdən hansı ilə düz gəldiyini araşdırsaq, heç də həmişə bu ifadənin qarğış olmadığının da şahidi olarıq. Onsuz da insan yarandığı gündən etibarən ölümə tərəf addım atır. Hər gün bir addım “oraya” yaxınlaşırıq, hər gün yuxudan oyandıqda kimsə həvəslə - o dünyama, məzarıma bir addım daha yaxınlaşdım - demir. Halbuki bildiyimiz ən real həqiqətimiz budur. Ancaq yaşamaq, gözəl günlər xəyal etmək var xislətimizdə. Amma ölüm də var, şəhadət də var. Bir də ölüm də var, ölüm də... Gedənlərin adı daşlara yazılır. Əvvəllər qəbirlərin üzərinə vəfat edən şəxsin nə işlə məşğul olduğunu bildirən şəkillər olurmuş. Əski məzar daşlarında bunu çoxumuz görüb. İlxıçının məzarı üstə at, çobanın qoyun, dərzinin iynə, alimin, müəllimin kitab, yaxud qələm və s. İndi o şəkillər olmasa da, şəhidlərin qəbri üzərində müqəddəs bayrağımız dalğalanır. Və bu müqəddəslik, zirvə elə bir yüksəklikdir ki, yalnız canını, qanını Vətən, torpaq yolunda əsirgəməyən seçilmişlərə nəsib olur. Və gələcək nəsil gəncləri də vətəni sevməyi onun uğrunda canını fəda edənlərdən öyrənirlər. Beləliklə, daşlara yazılan adlar da eyni deyil – o daşdakı adlardan Şəhid adı hər bir insanın müqəddəs saydığı addır, ünvandır. Daşların dili olsa, altında uyuyanın qiymətini, yaxud qiymətsizliyini elə bir etiraf edər ki, insan həyatın əsl mənasını onda dərk edər.
Onun da adı daşa yazıldı, eyni zamanda ürəklərə, xatirələrə - Seyidov İlkin Mirnəzir oğlunun.
Vətən üçün ölməyə dəyər...
Deyirlər, heç bir insan elə-belə girmir həyatımıza – kimisi cəza, kimisi bəla, kimisi imtahan, kimisi də ərməğan kimi gəlir. Hər biri də o gəlişlərlə bəzən dəyişir həyatımızı - kimisi müsbətə, kimisi mənfiyə doğru. Bəzən o dəyişikliyin içində tapırıq özümüzü, o gəlişlə anlayırıq həyatın mənasını, dəyərini, gözəlliyini. O gəliş bir neçə saniyəlik də ola bilir, bir ömür boyu da...
Naxçıvan Hava limanı... buradan birbaşa Naxçıvan şəhərinin mərkəzindəki Şəhidlər Xiyabanına yollanırıq. Məqsədim ancaq şəkillərini görüb, barəsində müəyyən bilgilər əldə etdiyim şəhid İlkin Seyidovu uyuduğu o müqəddəs ünvanda ziyarət etməkdi...
Həyat təsadüflərlə dolu olsa da, mən bu səfər tarixini təsadüf saymıram. Naxçıvana Ramazan günlərində gəlmişəm Xüsusi Təyinatlı şəhidi ziyarət etməyə, onun barəsində bilgilər toplamağa. Xatirələr məni bir az geriyə çəkir – Ramazan günlərinə - o zaman gerçəkləşən 2016-cı ilin Aprel döyüşlərinə.
Ramazan bayramı ərəfəsində Füzuliyə - kəndimə getmişdim. Məzarları ziyarət edərkən qaçqınlıq illərindən sonra kənd qəbiristanlığında məzarların sayının çoxaldığını müşahidə etdim. Burada yerli əhalidən başqa Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan qaçqınları da dəfn olunmuşdular. Həmişəki kimi, üstündə bayraq dalğalanan məzarları da ziyarət etdim. Bir neçə ay getmədiyimdən daha bir şəhid məzarının artdığını gördüm və ona tərəf addımladım. İlahi, bu o gənc idi...
...Cəbhə zonasının insanları başqalarına nisbətən daha ürəkli, qorxmaz olurlar. İllərdi başlarının üstündən "uçan” güllələrə fikir vermədən çöldə, tarlada əkin-biçinlə, mal-qara otarmaqla, gündəlik normal həyatları ilə məşğuldurlar. Gün-güzəranları ürəkaçan olmasa da, torpağa bağlı olan bu insanlar kəndi yenidən tərk etməyi düşünmürlər belə.
Martın son günləri atəşkəsin pozulması get-gedə daha da artırdı. Kənd sakinləri xəstəsindən, qocasından, körpəsindən nigaran olmağa başlamışdı. Atılan güllələr, mərmilər evlərin dam örtüyünə, pəncərələrə, həyətlərə düşür, insanların əl-qolunu iş-gücdən soyudurdu. Kəndin kişiləri gecə yarısınadək bir yerə toplanıb vəziyyəti müzakirə edir, çıxış yolu düşünür, bununla həm də kəndə keşik çəkməli olurdular. Qadınlar da rahat yatmırdılar təbii ki. Bircə körpələr dünyadan xəbərsiz yatır, güclü atışma olmayınca yuxudan ayılmırdılar. Bu vəziyyət bir neçə gün davam etdi.
İldırım sürətilə yayılan xəbər səksəkədə yaşayan camaata bir rahatlıq gətirdi – kəndə Xüsusi Təyinatlılar gəlir!
Kəndin palçıqlı yolunda onların döyüş maşınının batdığı xəbəri gəldi. Bir neçə gənc köməyə tələsdi. Bu zaman qarşı tərəfdən gələn Vaqif kişi onların məqsədini anlayıb, özünəməxsus zarafatla: A bala, onlar sizi iki loxmaya yeyərlər, onların sizin köməyinizə ehtiyacları yoxdur, - dedi. Bunu eşidən balaca uşaqlar "yeyərlər” sözündən ürpənən kimi oldular. Vaqif kişi sözünə davam etdi: Yəni mənim çiynimə bir Vaqif də qoysanız, boyum onlarınkından balaca olar. Onlar bir təkana texnikanı palçıqdan götürüb kənara qoydular. Kişinin sözünü söylərkən üzündəki məmnunluğu hamı sezdi. Demək, rahatlamaq olardı.
Camaat onların tamaşasına durmuşdu. Onlar xüsusi tünd geyimli, üzlərinə o rəngdə boya çəkilmiş, boyları ən az bir metr səksən santimetr olan, müxtəlif müasir silahlarla silahlanmış bu gənclərə baxmaqdan qürur duyur, qadınlar bu qürurdan, sevincdən göz yaşı axıdır, kişilər eyni hissi keçirsələr də onların etdiklərini siqaret yandırmaqla əvəz edirdilər. Bu görüntü uşaqlar üçün daha maraqlı idi. Hər kəsdə bir məmnunluq, rahatlıq, onların düşməndən qisas alacağına böyük ümid vardı. Xüsusi Təyinatlıların üzlərindəki sərtlik, özgüvən, qorxmazlıq hər kəsə sözsüz, səssiz şəkildə: Arxayın olun, torpağımıza burnunu soxmuş düşmənin başını əzəcəyik! – deyirdi. Tək bir gənc dönüb mehribanlıqla camaata baxdı. Qaragözlü bu gənc qonşu kəndlərin birindən idi. Baxışındakı səmimiyyət: Sizin hər birinizin neçə gündü çəkdiklərinin hesabını çəkəcəyik, mənim ailəm də siz çəkəni çəkdi - dedi sanki...
O gecə kənd sakinləri neçə günlük yuxusuzluqdan sonra rahat yata bildilər. Aprelin 2-si səhərə yaxın güclü atışma başladı. Yer-göy bir-birinə qarışmışdı. Atılan güllələrin, mərmilərin gurultusundan evlərin şüşələri cingildəyir, partlayış sanki hər kəsin yanında baş verirdi. Gələn xəbərlərsə ürəkaçan idi: Düşmən qısa zamanda geri oturdulmuşdu. Kəndin üstündən, aşağısından gedən döyüş texnikaları, əsgərlər əsl müharibənin olduğunu göstərirdi. Düşmən əsgəri postu buraxıb qaçır, silahlarını belə götürməyə macal tapmır, yaxud buna cəhd etmirdilər. Yaralanan, ölən yoldaşlarına kömək etməyi ağıllarından da keçirmirdilər. Ölənlər arasında Livandan gəlmiş muzdlular, zəncilər də vardı. Dağlıq Qarabağdakı bütün xəstəxanalar, hospitallar yaralıyla, meyitlə dolu idi. Artıq yaralıları İrəvana daşımağa başlamışdılr...
Döyüş müvəffəqiyyətlə başa çatmışdı - kəndimizin üst tərəfindəki Lələtəpə yüksəkliyi düşməndən geri alınmışdı! İllərdi düşmən o yüksəklikdən kəndlərimizi, strateji əhəmiyyətə malik olan Horadiz şəhərini nəzarətdə saxlayırdı.
Tezliklə kənd camaatını məyus edən xəbərlər də gəlməyə başladı – çox sayda şəhidimiz vardı... Müharibədə udan tərəf olmur deyirlər, hər iki tərəf uduzur. Çünki çirkin siyasətin qurbanı qəlbi həyat eşqi ilə dolu olan gənclər olurlar.
Bütün kənd camaatı şəhidlər üçün ağlayır, minnətdarlıq hissiylə onları son mənzilə uğurlayırdı. Amma onların kim olduqlarını görmə şansımız yoxdu. Buna icazə verilmirdi. Geri dönənlər içində gözüm nədənsə o, qaragözlu gənci axtardı. Özümə təskinlik verərək, yəqin başqa yolla gedib, deyə düşünürdüm.
Amma o gün – Ramazan bayramında üstündə bayraq dalğalanan məzarlıqda gördüyüm, qara gözlərilə mərmərdən səmimiyyətlə baxan gənc o idi – Şəhidim, Vətənin Ən layiqli oğullarından biri... Cənnət sakini...
Aprel döyüşlərinə qədər Xüsusi Təyinatlıları ancaq televiziyada, filmlərdə görmüşdüm. Amma Naxçıvanda Şəhidlər Xiyabanında XTPD-nin ilk şəhidi İlkin Seyidovun məzarı üstdə o qara gözlü şəhidi də xatırladım. Hər ikisinin şəhadətilə çoxlarına necə bir təskinlik, təsəlli, dayaq olduğunu düşündüm. Hər ikisinin, düşmənə olan qəzəbinə, nifrətinə, içindəki intiqam hissinə rəğmən, onlardan yardım uman dinc sakinlərimizə səmimi simasıyla necə baxmalarını, gözəl gülümsəmələrini təsəvvür etdim.
Yaxınlarından eşitdiklərimlə onun haqqında yaranan təxəyyüldən, səmimilikdənmi, yoxsa öz əlləriylə çəkdiyi son rəsmindəki - üzündə donub qalan məhzun, məsum təbəssümdənmi, yoxsa xəyalən onunla etdiyim söhbətlərin içimdə yaratdığı duyğulardanmı İlkini artıq doğmam, yaxınım bilirəm. O şəhid məzarındakı gənc artıq mənim də şəhidimdir. Bu yalnız şəhidlərimizin bütün xalqımıza məxsus olması mənasında deyil, ondan da artıq - dost, sirdaş kimiyik. Qəhrəmanımla ruhi bağlantım məni Naxçıvandakı o məzara çəkir. Artıq Naxçıvanda mənə doğma olan, məni ziyarətə çağıran bir ünvan – Şəhid məzarlığı var. Əbədi olaraq 23 yaşında qalacaq bir dost məzarı…
...Şəhidim, ərənim, bir an düşünmədən canını Vətən, torpaq yolunda fəda edən cəngavərim, qoçağım, nərim, igidim... qarı düşməndən öc almağa can atan təpərlim, qeyrətlim, təəssübkeşim, Vətənin ən layiqli oğlu... İlkinim, nə düşündün düşmən üzərinə gedərkən? Kimi xəyal etdin? Yoxsa heç kimi, hətta dünya nemətlərindən ən şirini olan canını belə, düşünmədən qarı düşməndən öc almaq üçün bütün nifrətini silaha çevirib irəli atıldı- sonunu düşünmədən, ölümü saya salmadan? Yox, özünü düşünmədin, çünki özünü düşünənlər o anlarda orada deyildilər. Qəhrəmanlığa əvvəlcədən hazırlaşmırlar, məşq eləmirlər, o, an məsələsi olur. İnsanın əsl xisləti belə anlarda üzə çıxır. Özünü düşünən qəhrəman ola bilməz. Əsl kişilər belə anlarda təmkinli olurlar, iti ağılla düşünə bilir, anidən qəti qərar çıxarırlar.
O da qərarını verdi – Vətən üçün ölməyə dəyər! – dedi...
Adətən belə bir ifadə eşidirik: Ölüm mələyi yaxşıları seçib aparır. Müharibə vaxtı isə qeyrətli, ağıllı, ətrafın sevimlisi olan, gözəgəlimli, pəhləvan cüssəli oğlanları. Əvvəllər bu sözə elə də əhəmiyyət verməzdim, hər kəsin zamanı gələndə gedəcək deyirdim, amma zaman keçdikcə, insanın yaşı üzərinə yaş gəlincə çox ölçülər, fikirlər, gümanlar, təxminlər dəyişir. Və həyatda heç də heç nəyin təsadüf olmadığına əmin olursan. Bu ölümlər də təsadüfi deyil, sevimliləri Allah da sevir və şəhidliyi də hər kəsə qismət etmir. Çünki uca Yaradanın dərgahında mənsəb qazanmış şəhidlərin bir tək şirkdən başqa bütün günahları əfv edilir. Bu, müqəddəs kitabımızda yazılır və şəhidlik nə qədər böyük xoşbəxtlik olduğunu iman sahibləri çox gözəl anlayır. Bəzən bunu qəbul, həzm edə bilmirik. Çünki ucunda ayrılıq var, həsrət var, dözüm, səbr istəyir sevənlərindən...
Amma şəhid valideynlərinin qəlbində qüssə, kədərlə bərabər bir qürur da yaşanmalıdır, - Şəhid Anası, Şəhid Atası adının qüruru! Çünki onların dünyaya gətirdiyi insan xalqa nemətdir, vətənpərvərlik nümunəsidir, Vətəni, xalqı sevmək və təmsil etməyə haqqı çatan nümunədir. Bəli, şəhidlər eyni zamanda həm bu dünyada, həm Allah dərgahında Vətənin təmsilçiləridir.
Bəlkə qanım bir bayrağa qan olar...
1990-cı ilin yanvar ayının əvvəllərindən etibarən Ermənistanın silahlı, terrorçu-quldur dəstələri Naxçıvan Muxtar Respublikasına bütün sərhəd boyu hücumlar təşkil edir, terror-təxribat aktları törədirdilər. Məqsəd Naxçıvan Muxtar Respublikasında yaşayan əhali arasında vahimə yaratmaq və əhalinin bölgəni tərk edərək qaçmasından, ərazinin işğalına nail olmaqdan ibarət idi. Ermənistan tərəfindən həyata keçirilən bu cür terror-təxribat aktlarının, bir çox hallarda isə açıq silahlı hücumların qarşısını əsasən, Daxili İşlər Nazirliyi, xüsusən də XTPD alırdı. Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları gecə-gündüz, qarlı-şaxtalı havalarda, keçilməsi çətin olan hündür dağlıq ərazilərdə müqəddəs Vətən torpağının keşiyini çəkir, qanlı döyüşlərdə onlara layiqli cavablarını verirdilər. Həmin vaxt düşmən müxtəlif növ iriçaplı silahlardan, hətta ağır artilleriyadan istifadə edirdi. Naxçıvan Muxtar Respublikası Ermənistan tərəfindən tam blokadaya alınmışdı.
1992-ci ilin may ayında Ermənistan silahlı birləşmələri hər tərəfdən Naxçıvan Muxtar Respublikasına hücuma keçdi. Hücumun əsas hədəfi isə Türkiyə ilə sərhəddə yerləşən Sədərək qəsəbəsi idi. Sədərək çox strateji nöqtə olduğu üçün düşmənin oranı ələ keçirməsi bütövlükdə Muxtar Respublikanın işğalına şərait yaradacaqdı. Bir neçə gün döyüş getməsinə və düşmənin böyük qüvvə ilə aramsız həmləsinə baxmayaraq, bir qarış belə torpaq düşmənə verilmədən hücumun qarşısı alındı. Həmin döyüşlərdə onlarla Azərbaycan oğlu canını müqəddəs Vətən torpağına qurban edərək əyninə şəhidlik kəfənini geydi.
Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsindən Fəxrəddin Cəfərovun qeydlərindən:
1992-ci ildə sabitlik yenidən pozuldu. Erməni yaraqlıları Muxtar Respublikanın bütün sərhəd kəndlərini müxtəlif döyüş texnikasından və iri çaplı silahlardan atəşə tutdular. Mayın 3-də Günnüt kəndində növbədə olan polis işçiləri radiostansiya ilə Şərur rayon Daxili İşlər Şöbəsinin növbətçisinə bildirmişdilər ki, Ermənistanın Sovetaşen, Yelpin Areni kəndləri tərəfindən qalxan 2 vertolyot onların olduqları ərazidə müşahidə aparır və hərdən atəş açır. Məlumatda qeyd edilirdi ki, həmin gündən bu vertolyotlar polis postunun yerləşdiyi əraziyə və Günnüt kəndinin özünə 64 raket mərmisi atıb və xeyli dağıntı törədib. Mayın 5-də Günnüt polis postundan məlumat verildi ki, silahlı ermənilər yenə də kəndin yaxınlığında toplaşıblar. Həmin yerdə 1 tank və 2 BTR-in olduğu da xəbər verildi. Cabbarov bildirdi ki, daşnakların bir hissəsi zirehli texnika ilə Günnüt kəndinə hücuma keçib və polis postunu zirehli texnika ilə güclü atəşə tutub. Ermənilərin Günnüt kəndinə basqını ilə əlaqədar oraya kömək göndərilir. Oraya gedən polis əməkdaşları yerli polis dəstəsi ilə birləşərək 21 nəfər zabit və sıravi polis işçisi erməni yaraqlıları ilə vuruşa-vuruşa dağlara çəkilirlər. Polis nəfəri Mərdan Abbasov yaralandığı üçün polis nəfəri Zakir Qənbərov onu UAZ maşını ilə mərkəzi xəstəxanaya gətirir. Polis baş serjantı Rəhimov Asəf Bayram oğlu mərdliklə vuruşaraq bir addım da olsun geri çəkilmədən polis işçilərinə mühasirədən çıxmağa kömək göstərir, özü isə son anda mühasirədə qalır. Bu dəhşətli anı hiss edən Asəf Rəhimov silahında qalan yeganə güllə ilə özünü vurur. Onun igidliyi və dönməzliyi heç vaxt unudulmayacaq… Onu da qeyd edim ki, 1992-ci il 6 iyunda milisin adı dəyişdirilib, 72 ildən sonra yenidən polis adlandırıldı.
1992-ci ilin may-iyul aylarında erməni silahlı qüvvələrinin basqınları nəticəsində polis əməkdaşlarından şəhid olanlar və yaralananlar oldu. Xüsusən Sədərək, Havuş, Günnüt, Yuxarı Buzqov, Kərməçataq və Şada kəndləri ətrafında gedən ağır döyüşlərdə polis əməkdaşlarımızdan Əsgərov Əli Şirzad oğlu (polis mayoru), Rəhimov Asəf Bayram oğlu (polis serjantı), Seyidov İlkin Mirnəzir oğlu (polis serjantı), Kazımov İlham Cəbrayıl oğlu (polis serjantı), Hüseynov Etibar İslam oğlu (polis serjantı), Seyidov Mirəyyub Yusif oğlu (polis serjantı) və başqaları Naxçıvan MR-ın ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldular. Bu döyüşlərdə neçə-neçə polis əməkdaşımız ağır yaralandı. Bektaşi Ağabala Hidayət oğlu (polis baş leytenantı), Əhmədov Rasim Əhməd oğlu (polis serjantı), Yusifov Əhəd Fərman oğlu (polis serjantı), Rəhimov Qulu Qəhrəman oğlu (polis serjantı), Ağayev Firdovsi Dostəli oğlu (polis serjantı), Novruzov Ənvər Novruz oğlu (polis serjantı), Novruzov Tofiq Məsimalı oğlu (polis serjantı), Musayev Oruc Sərtif oğlu (polis serjantı), Rəhimov İnşallah Xəlil oğlu (polis serjantı), Həsənov Fazil Cəlal oğlu (polis serjantı), Vəliyev Kərəm Səfər oğlu (polis serjantı), Rzayev Hüseyn Məmməd oğlu (polis serjantı), Vəliyev Kərəm Səfər oğlu (polis serjantı), Əliyev Eyvaz Ələkbər oğlu (polis serjantı), Zeynalov Qurban İslam oğlu (polis serjantı), Əliyev Eyvaz Ələkbər oğlu (polis serjantı), Sadıqov Nəsir Məmməd oğlu (polis serjantı), Abdullayev Vəzir Yusif oğlu (polis serjantı) və başqalarını qeyd etmək olar.
Erməni hərbi birləşmələrinin 1992-ci il may ayında Şərur və Sədərək rayonlarına genişmiqyaslı hücumları dünyanın 60-dək ölkəsi tərəfindən təcavüz adlandırıldı. Elə buna görə də BMT-nin səlahiyyətli nümayəndələri baş vermiş hadisələri öyrənmək məqsədi ilə Naxçıvana gəldilər. Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev nümayəndə heyətini qəbul edib, onlara erməni silahlı birləşmələrinin Naxçıvan MR ərazisində törətdiyi ağır cinayətlər barədə geniş məlumat verdi. Nümayəndə heyətinin üzvləri bu məlumatı bütün dünya ictimaiyyətinə çatdırdılar. Erməni daşnaklarının basqınları çox böyük itkilərlə nəticələnsə də, bu, Sədərəyin, Günnütün, Havuşun, Kərməçatağın, Şadanın, ümumiyyətlə, Muxtar Respublikanın qeyrətli oğul və qızlarının iradəsini sarsıda bilmədi. Sədərəklə Ermənistan sərhədində belə gərgin vəziyyətin yaranması qonşu ölkələrin, Türkiyə və İranın başçılarını da narahat edirdi. Ermənilərin Naxçıvana təcavüzü ilə bağlı Süleyman Dəmirəl Ermənistan Prezidenti Levon Ter-Petrosyanla telefonla əlaqə saxlamış və ondan təcavüzü dayandırmağı tələb edərək demişdi ki, əks təqdirdə acınacaqlı nəticələr baş verə bilər. ABŞ prezidenti C.Buş ilə də telefon danışığı olmuşdu. S.Dəmirəl erməni təcavüzü nəticəsində bölgədə yaranmış vəziyyəti ona izah etmişdi. Naxçıvan Ali Məclisinə sədr seçilmiş dünya şöhrətli bir insan, müdrik siyasətçi Heydər Əliyevin Muxtar Respublikada olması, Ermənistan rəhbərləri ilə tez-tez apardığı məqsədyönlü danışıqlar Şərurun sərhəd kəndlərinə basqınların qarşısına sipər çəkməklə, dağıntılara, nahaq qan tökülməsinə, quldurluğa, qarətçiliyə son qoyulmasına kömək edirdi. Bu nəhəng siyasətçinin şərurlulara ən böyük köməyindən biri də bu oldu ki, başçılıq etdiyi Naxçıvan Ali Məclisi Sədərək kəndinin 28 avqust 1990-cı ildən ayrıca rayon kimi fəaliyyət göstərməsi barədə qərar qəbul etdi. Həmin qərarda Sədərək rayonunun ərazi bölgüsünə Sədərək, Dəmirçi, Kərki, Maxta, Qarabürc, Kərimbəyli və Axaməd kəndləri daxil edildi. Sədərəyin ayrıca rayon kimi fəaliyyət göstərməsinin əhəmiyyəti ondan ibarətdir ki, bu kənd müharibə zonasında rayon mərkəzi kimi qeydə alınmış, idarələrin, müəssisələrin və orada işləyən işçilərin sayı xeyli artmış, nəticədə əhalinin başqa yerlərə köçüb getməsinin qarşısı alınmışdı.
Bəli, yuxarıdakı rəsmi məlumatda bildirildiyi kimi, Seyidov İlkin Mirnəzir oğlu 19 may 1992-ci ildə Sədərək uğrundakı döyüşdə qəhrəmancasına həlak oldu. Şəhidin məzarı Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanındadır. O, iki il ərzində Naxçıvan Muxtar Respublikasının sərhədi boyu – Ordubaddan Sədərəyədək böyük bir ərazidə döyüş yolu keçmiş, düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmişdi.
Subay idi. Ailəsi - atası Seyidov Mirnəzir, anası Seyidova Rahilə, qardaşı Seyidov Yalçın Mirnəzir oğlu hazırda Naxçıvan şəhəri, Nizami küçəsi, 34, ev 23 ünvanında yaşayırlar.
Xalq şairi Qabil isə bu görməzliyə, duymazlığa çarə vətənə sipər olan əsgərləri bildi və üzünü tutdu, onlara səsləndi:
Daş qoyduq başlarına
Qalxa bilməsinlər
Üzümüzə tüpürməyə...
Bu yaşıma görə
Şəhidlər Xiyabanında
18 yaşlı baş daşları
Utandırdı məni.
Məndən kiçikdi hələ
Məndən öncə doğulanlar
“əmi” deyib
üstümə qaçır başdaşları
bir əsgərin ölüm günü...
Gənc şair Emin Pirinin üsyankarcasına ifadə etdiyi bu şeiri diqqətimi çəkdi və bir çox şəxsi mənafeyini xalqın rifahından üstün tutan, müqəddəs saydığı yalnız pul, var-dövlət olan, nə şəhidinə, nə ağsaqqalına, nə qadınına... qiymət verməyən nadürüstlərə ünvanlandığı bəllidir. Düşmən caynağındakı torpaqlarımızı, əsirlikdə əzabların içində çapalayan və hər gün bir möcüzə baş verəcəyi, azad olunacaqları günü hələ də xəyal edən, bəlkə də artıq ümidləri çoxdan – özlərindən əvvəl ölmüş olan əsir qadınlarımızı, ölüncəyə qədər işlədilən, alçaldılan əsir kişilərimizi, düşmən tapdağı altında inləyən torpaqlarımızı, cənnət məkan Qarabağımızı unudaraq rahatca yaşamağa davam edə bilən insanların üzünə tüpürür və çox sərt deməsinə baxmayaraq bir gənc yazarımızın bunları düşünməsi, bu ağrını içində hiss etməsi, o şəhid olmuşların əmisi yaşına gəlib çıxmasından xəcalət çəkməsi, utanması “sevindirir” məni. Xalqın gözündən pərdə asaraq özünü sözdə vətənpərvər kimi göstərən, zamanı gələndə isə sözündən qaçan, dar gündə simasızlaşan belələrini elə Naxçıvanın mənəvi sərvəti olan ölməz Məmməd Arazın təbirincə ifadə edək:
Uzaqdan baxıram ağappaq, təmiz,
Yaxına gəlirəm, qurd düşüb qara...
Yurd itkisi ilə barışmaq onu könüllü olaraq düşmənə bağışlamağın eynisidir...
İlkinin o döyüşdə ilk şəhid olduğu haqda düşünərkən ağlıma gəldi ki, görəsən, şəhidlərin ilki kim olub yer üzündə, ilk dəfə kimə şəhid deyilib (Təbii ki, Adəm peyğəmbərin oğulları Habillə Qabilin bir-birini öldürməsindən söhbət getmir – F.R)? Maraqlıdır, din uğrundamı, torpaq uğrundamı? Yəqin ki torpaq uğrunda, çünki torpaq dindən əvvəl yaranıb, din yer üzünə yolundan çıxmış insanları islah etmək üçün göndəriləndə artıq insanlar torpaq üstdə çok günahlara batmışdılar. Bu günahlardan çəkinən, çəkindirənlərsə bu yolda həyatlarından keçərək şəhid sayıldılar. Cənnətdən ayrılıb, bu sürgün məkanına göndərilən insanlığın müqəddəslik, xilas möcüzəsidi şəhidlik.
Fikir adamı Xose Martini deyir ki, dünyada ən çətin sənət insan olmaqdır. İnsan olmaq! Bu, təkcə dünyaya adam olaraq gəlmək deyil. Böyük Yaradanın insan deyib, yer üzünün əşrəfi saydığı varlıq bəzən hərəkətləriylə ən vəhşi heyvandan da təhlükəli ola bilir. Bunu çörəyimizi, suyumuzu yeyib-içərək üzümüzə gülüb, kürəyimizə xəncər saplayan mənfur qonşularımız zaman-zaman sübut ediblər bizə. Xocalı faciəsində isə dünya bu vəhşiliyin pik həddini gördü, dəhşətə gəldi.
İtaliyalı şair Davide Qualtierinin "Xocalı" şeirindən:
Şərqdən gələn qonağın yükü hekayət olar – amma mən eşitdiklərim… inanmıram dünyada belə cinayət olar!
İtalyan şairi fikirləşir ki, şərqlilərin “yükü” ancaq eşq hekayətidi. Bəlkə də Şərq deyəndə ancaq “Min bir gecə”ni xatırlayırdı. Ona görə də Xocalı soyqırımı haqqında eşidəndə heyrətə gəlmişdi şair. Daha onu bilmirdi ki, şərqlinin ürəyi nağıllarda söyləndiyi kimi, yalnız qadın eşqiylə deyil, ondan daha yüksəkdə duran Vətən eşqiylə döyünür. Bu hekayət daha əzəlidir. Şərqlidə Allaha böyük inam, inanc var və bu inancdan doğan sonsuz səbir var, təmkin var, əfv etmək var, səxavət var. Amma bir gün bütün bu sadalananları heçə sayıb, şərqlini görməzdən gələndə, əzməyə qalxanda, bax, o zaman şərqli coşan qanıyla nələr edə biləcəyini təsəvvür belə etmir italiyalı şair. Həm də bilmir ki, indi Şərq bir neçə əsr əvvəlki Şərq deyil, çar Rusiyasının mənfur “Parçala, hökm sür” siyasəti nəticəsində Şərqə erməni virusu yayılıb, ən çox yoluxan da bizim türk torpaqlardır. Amma bu torpağın da İlkini var, Mübarizi var, adlarını sadalamadığım yüzlərcə qəhrəmanı var və onlar bu virusu gec-tez məhv edəcəklər.
Maksim Qorki isə deyir ki: İnsan məğrur səslənir! Bu fikri oxuyanda, əksinə, insanın içinə bir ümid toxumu səpilir. İnsanın yaradılmışların ən alisi olduğuna inanmaq istəyirsən və həyatda belə insanlara rast gələndə bu fikri içindən təkrar keçirib rahatlayırsan. İçin göy üzü qədər nurlanır. Çünki o nur ilkinləri mübarizləri və yüzlərlə igidlərimizi böyüdən, ona övladlıq, vətəndaşlıq missiyası verən Odlar Yurdu Azərbaycan deməkdir. Azərbaycanın sipəri isə məhz anında silaha sarılmağa hazır olan qəhrəmanlarıdır. Bu qəhrəmanlıq səlnaməsi təkcə ayla, günlə yox, anlarla yazılır. Elə İlkinin qəhrəmanlığı da onlardan biridir.
Sən məni hey röyalarda gör, ana...
Şəhid balam,
behişt sənin, bayram sənin,
görüş qalsın qiyamətə...
M.Şəhriyar.
Yenə yaz gələcək, yenə ağaclar yarpaqlayacaq, çiçəklər açacaq. Təkcə mən gəlməyəcəm... Sən məni hey röyalarında gör, əziz anam! Düşün ki, oğlun zaman-zaman azğın düşmənlə vuruşaraq yorulub, Vətənin bir məzarında dincəlir...
Bu bir nəğmədir – həzin, kədərli, ürəyi söküb yerindən çıxaran nəğmə. Ana ürəyinin qaysaq bağlamayan yarasını qanadan bir nəğmə. “Əgər dərdin tüstüsü olsaydı, bütün dünyanı tüstü bürüyərdi”, deyib bir dərdli müdrik. Dünyamızı tüstü bürüyüb, həm də insanlar çatıb bu ocaqları öz həmcinslərinin yanıb qovrulmaları üçün. Ən çox da analar yanıb tutuşurlar bu odda, analar boğulurlar bu tüstüdə. Çünki zərifdirlər, çünki ürəkləri sevgiylə, mərhəmətlə doludur, kinə, nifrətə yer saxlamırlar o ürəkdə. Ana məhəbbəti orada o qədər yer tutur ki, digərlərinə yer qalmır. Balasının ayağına daş belə, dəyməməsi təlaşıyla qoruyur onu, istidən, soyuqdan, pis gözdən-nəzərdən, yanlış addımdan... Amma bir gün o “sözəbaxan uşaq” - Sən gözlə, ana, məni Vətən çağırır! - deyib, çıxır ananın sözündən və o çağırışa yollanır. Ana da arxasınca sakitcə, məlul-məlul baxa-baxa qalır. Çünki oğlu elə bir çağırışa tələsir ki, ana onu o müqəddəs çağırışdan, o şərəfli yoldan saxlamaq iqtidarında deyil, istəsə də saxlaya bilməz. Çünki o çağırış anasının anası olan Vətəni yad əllərdən qorumağa çağırışdı, namusa, qeyrətə çağırışdı!
İlkin o çağırışı çoxdan duyurdu və çoxdan hazırdı yola çıxmağa.
...1992-ci ilin əvvəllərində ermənilər bütün Qarabağda dəhşətli cinayətlər törədirdilər. Bu qanlı hadisələr Xankəndidə yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı və 81-ci alayının iştirakı ilə həyata keçirilmişdi. Fevralın13-17-də erməni silahlı dəstələrinin Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücumu zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, kəndin Bəylik bağı adlanan yerində 33 nəfər qaradağlılı ermənilər tərəfindən güllələnmiş, eyni zamanda öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışdılar. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürüldü və hamının gözü qarşısında güllələndi. İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Əsirlikdə olan 68 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi bugünə qədər məlum deyil. Xankəndi və Əsgəranda iki aydan artıq saxlanılan 54 nəfərdən 18-i əsirlikdən qayıtdıqdan sonra ermənilərin verdiyi ağır işgəncə və əzabların nəticəsi olaraq vəfat etdi. Əsirlikdə saxlananlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başının kəsilməsi, diri-diri basdırılması, dişlərinin zorla çıxarılması, ac-susuz saxlanması, işgəncə verilərək öldürülməsi insanlığa qarşı törədilmiş ən ağır cinayət hadisəsi idi. Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər öldürülmüş, 42 ailə öz başçısını itirmiş, 140-a yaxın uşaq yetim qalmışdı. Ümumilikdə, əhalisi ermənilər tərəfindən soyqırıma məruz qalmış bu kənddə 91 nəfər, yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdi. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər dörd gün düşmənlə mübarizə apardı. Qeyri-bərabər döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak oldu. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşdü. İşğal nəticəsində Qaradağlıda 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və çoxlu sayda digər sosial obyektlər dağıdılmışdı.
Ermənilər eyni vəhşilikləri Qarabağın digər bölgələrində də törətmişdilər. Qarabağ, ən əsası Qaradağlı, Cəmilli, Malıbəyli, Xocalı qisası ürəyini yandırıb-yaxan İlkinin içində püskürən kin, nifrət düşmənin qeyrət qalamız olan Sədərəyə hücumu zamanı daha dözülməz oldu...
İlkin Seyidov Naxçıvanda dünyaya gəlmişdi. Uşaqlığı təkcə valideynlərinin yaşadığı Naxçıvanda deyil, nənə-babasının yaşadığı Şərur rayonunun İbadulla kəndində də keçmişdi. Ona görə də o, kənd həyatını da şəhər həyatı qədər bilir və sevirdi. Kəndin ağır zəhmət tələb edən həyatı onun üçün maraqlı idi. Həm də kənd həyatı torpağın özü demək idi. Torpağın insan ruhuna, cisminə özünün istəyib-istəməməsinə baxmayaraq keçməsi, hopması idi. Zəhmətlə becərilən torpaqdan alınan bəhərin şirinliyini kənddə daha real olaraq görür, hiss edirsən. Bağdan-bostandan dərdiyin təbii nemətlərdən keçir torpağın dadı da, kimliyi də insanın canına. Kənddə öyrənirsən ki, Dədə Qorqud boşuna deməyib: “Əkib-becərmədiyin torpağı qorumağa dəyməz”. Kənd uşaqlarına qoşulub meyvə dərmək üçün ağaclara dirmanması, ot toplamaqdan tutmuş, kənd həyatının bütün təsərrüfatla bağlı müşahidəsi onu bir az da çevik, cəld olmasına zəmin yaradırdı.
İlkin bunları o kəndin havasından, suyundan, təbiətindən və ən çox da böyüklərin torpaqla bağlı söylədikləri bir-birindən dəyərli fikirlərdən yaddaşına köçürür və getdikcə bu torpaq onun üçün daha da müqəddəsləşirdi.
Ə.Mədətoğlu: “And yerimsən Azərbaycan torpağı........”
Orta məktəbi Naxçıvan şəhərində yaxşı qiymətlərlə bitirmişdi.
Orta məktəbi bitirdikdən sonra 1987-89-cu illərdə Sovet Ordusu sıralarına hərbi xidmətə yollandı. Nümunəvi xidməti ilə başqalarından seçilirdi. Ancaq xalqının mənfur qonşulardan çəkdiklərini duyduqca əsəbləşir, sinirlərinə hakim ola bilmir, acığını birlikdə qulluq etdikləri erməniləri döyməklə çıxırdı. Amma qisas hissi ilə səngimir, tezliklə vətənə dönüb bu dar gündə ona arxa, dayaq olmağı hər şeydən çox istəyirdi. Hər keçən gün bu istək daha da artır, ancaq günlər sanki acığa daha gec-gec keçir, sanki sürünürdü...
Əsgərlikdən Naxçıvana döndükdə artıq çox şey dəyişmişdi. Heç nə əvvəlki kimi deyildi – Qarabağda müharibə ocağı alovlanmış, əski yurd yerlərimiz, indi ermənilərin olan torpaqlarımızdan soydaşlarımız işgəncələrə məruz qalaraq öldürülmüş, qocalarımız, qadınlarımız təhqir olunaraq qovulmuşdu. Hələ 1988-ci ildən də əvvəl başlamış qaçqın köçü Azərbaycana səpələnmişdi. Artıq Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlı qalmamışdı. Cənnət diyarımızda çağırılmamış qonaq olan düşmən eyni zamanda Nəqşi-Cahanımızı da rahat buraxmırdı. Tamahları tükənməyən qarı düşməni geri oturtmaq, burnunu əzmək vaxti çatmışdı, amma siyasətin min bir oyunu üzündən bunlara nail olmaq hələ ki, mümkün deyildi. Qisas hissi ilə alışıb-yanan mərd oğullarımız bir hücum əmrinə amadə idilər.
Belə bir zamanda gəldi İlkin Seyidov Naxçıvana. İdmanla məşğul olması onda özgüvən yaratmışdı. Canındakı təpəri, qollarındakı gücü Vətənin müdafiəsinə həsr etmək istəyirdi. Orta məktəbi yaxşı qiymətlərlə bitirməsinə, şairlik, rəssamlıq qabiliyyətinə baxmayaraq o, ali məktəb haqda deyil, yalnız vətənin müdafiəsini düşünürdü. Bu fikirlə də Naxçıvanda təşkil olunmuş Xüsusi Təyinatlı Polis Dəstəsində qulluq üçün müraciət etdi və gözəgəlimli xarici görkəmi, vətən sevgisi, xalq məhəbbəti çağlayan qəlbi, torpaqlarımızın azad edilməsi üçün döyünən ürəyi bu istəyinə nail olmasına stimul yaratdı.
Bütün olanlara görə sanki o günahkardı. Vətənin bu halına görə özünü, qeyrətli oğullarımızı qınayırdı. İçindən keçənlər sanki “Vətən, bizi bağışlama!” deyən vətənsevər şairəmiz Nəzakət Məmmədlinin könül yanğısıyla üst-üstə düşürdü.
Vətən, bizi bağışlama! Qarabağın yağıların tapdağı, Meşələrin yalquzaqlar oylağı, Yaman olduq yad dillərin qınağı, Vətən, bizi bağışlama!
Ağ günümdən bircə-bircə seç günü, Göydən niyə daş yağmadı “Köç günü”?!. Köçkünüyəm yüz illərin, köçkünü, Vətən, bizi bağışlama!
Baxışları gül-çiçəyi kəsirdi, Gəzməyəndə dağı-daşı küsürdü. Yürd yerləri, aman Allah, əsirdi... Vətən, bizi bağışlama!
Budanıbdı – nə sağ qalıb, nə sol var, Mənim üçün nə ağa var, nə qul var... Xan Arazdan Təbrizəcən nə yol var? Vətən, bizi bağışlama!
“Cıdır düzü” deyib, könül dağladım, “Şuşa” deyib, sellər kimi çağladım. Xarı Bülbül qaldı xara, ağladım, Vətən, bizi bağışlama!
Yağmalandı ocaqlarda varın, hey... Kafirlərə qismət oldu barın, hey... Dədəm Qorqud, çatlamazmı görun, hey... Vətən, bizi bağışlama!
Zəhər dadır ayrılığın qar dadı, Ərənlərin varsa əgər, hardadı? Qız-gəlinin əsir düşüb, dardadı, Vətən, bizi bağışlama!!!
Avandını alan alıb, tərs tutub, Dar yaxandan min dilbilməz kəs tutub. Harayından bu dünyanı səs tutub, Vətən, bizi bağışlama!
Dağın-düzün yenə bizim olunca, Verən verdi, səni yaddan alınca, Qanın axıb, bu qan yerdə qalınca... Vətən, bizi bağışlama!
Qəzəbini öz içində hörən, gəl! Qara başın babək kimi verən, gəl! Koroğlutək meydanlara girən, gəl! Bəlkə Vətən bağışladı bizləri.
İrəvanda gur səsimiz döyünə, Qarabağda bayrağımız öyünə, Ayaqyalın gedim o toy-düyünə, Öpsün Vətən torpağını gözlərim, Dəysin Vətən torpağına dizlərim...
Tanış kədər...
Bir xəzınəm var – Şəhidlər Xiyabanında basdırmışam...
Ölən adam Əzraildən soruşur ki, insan ölən anda mələk olaraq sən gəlirsən, nədən doğulan anda heç vaxt mələk gəlmir? Əzrayıl cavab verir ki, çünki doğulanın yanında Ana adlı mələk olur.
Bəli, o mələk ömür boyu qoruyur balasını, canından can verməyə hazır olur. Amma həmişə nail ola bilirmi buna? Şəhid balalarını qoruya bilirmi analar? “Hə”mi, “Yox”mu? Bildiyim bir cavab var – ana bu həyatda saxlamağa nail olmasa da, mələkdən yuxarıda olan Allah onları qəbul edir – mələk anaların şəhid balalarını...
İlkinin anasını – Rəhilə xanımı ziyarətə getmişəm. İlk dəfə görəcəm deyə həyəcandan ürəyim yerindən çıxır. Pəhləvan cüssəli, xeyirxah, şair təbiətli, rəssam qabiliyyətli, vətənsevər, layiqli bir oğul itirən ana ilə üzləşmək çox çətindir mənə. Gözlərinə necə baxacağımı düşünürəm. O gözlərdəki ağrı, dərd, kədər yükünü necə qarşılayacağımı təsəvvür edə bilmirəm. “Şəhid analarının gözləri eyni olur”. Şair-publisist Zülfüqar Şahsevənli demişdi bunu bir zamanlar mənə. İlkinin anasıyla qarşılaşanda bir daha o sözləri xatırladım. Ananın yaşını təxmini bildiyimdən qapqara geyimdə qarşıma çıxan qadını İlkinin nənəsi zənn etmişdim. Nisgil gözlərində dolub daşırdı. Mənə haradan tanış gəlir bu gözlərdəki kədər, - düşündüm, hətta o qədər tanış gəlir ki, sanki bir yaxınımdır...
O nisgilli gözlər sanki:
Yara sızlar
Qan verər yara, sızlar
Sızlayaram yaradan
Nə bilər yarasızlar...
- deyirdi.
Hə, deyəsən tapdım – bu bayatı hafizəmə işıq saldı - onun gözlərində mənə tanış gələn bu saralmış dərdi əzizini itirmişlərin hamısının gözündə görmüşdüm. Bu nisgil, bu kədər o qədər doğmalaşmışdı ki, anayla, sanki bu dünyaya birlikdə - əkiz doğularaq gəlmişdilər. Amma elə deyildi, ana belə kədərli doğulmamışdı. Kədər onun gözlərinə İlkin gedən gün çökmüşdü, yuva salmışdı özünə əbədi olaraq. Yox, yox, daha əvvəldən o kədər kök salmışdı ananın gözlərində, ilk övladı olan, cəmi səkkiz yaş yaşamiş qızı qəzanın qurbanı olan zamandan. Rəhilə ana onu unutmamış daha bir ağır zərbə aldı – 23 yaşlı oğul itkisinin zərbəsini.
Bala dağı
Gözəldir lala dağı
Hər yara sağalsa da,
Sağalmaz bala dağı...
O gündən geyindiyi qara paltarını 26 ildir çıxarmır əynindən Rəhilə ana. Oğlum qara torpaq altında çürüyərkən mən necə çıxaram qara paltardan, – deyir.
Son gedişində əllərinə, ayaqlarına xına yaxdırmışdı İlkin. Ananı yandırıb-yaxır bu xatirəsi: Sevdiyi vardı, nişanlıydı, bir-iki həftə sonra toyunu edəcəkdik. - Gedib gəlim sonra, ana! – dedi və əlinə xına yaxmamızı istədi. Birdən geri sağ qayıtmaram, xına yaxmaq arzun ürəyində qalmasın,- dedi. Ürəyimə ox sancıldı bu kəlmədən, içimə təlaş düşdü. Sonra gülüb:
Zarafat eləyirəm, ay ana! - dedi, məni sakitləşdirdi, - gələcəyəm!
Sevdiklərindən ayrı qalmaq çətin işdir, dözüm, mətanət istər. Bu ayrılığın kölgəsi belə, ağırdır, hər kəs daşıya bilməz.
Son gedişdə ana həsrət baxışlarını oğlunun üzündən ayıra bilmir, sanki onu gözlərinə köçürmək və beləcə, nə qədər canında can varsa, gözlərində saxlamaq istəyirdi. Hər gedişində təlaşlanırdı, amma bu gediş bir başqaydı, ananın içində anlaşılmaz bir duyğu, narahatlıq vardı. İzah edə bilmədiyi bir narahatlıq. O isə tapşırığı yerinə yetirmək üçün tələsirdi. Anasını sakitləşdirməyə çalışır, gələcəyəm, narahat olma deyirdi. İçində isə, sağ-salamat yanındayam belə həyəcanlıdır, mənə bir şey olsa, anam nə edər? - düşünürdü.
Beyləqan şəhidi baş leytenant Tural Əhlimanlı: Mən ölümdən deyil, sadəcə anam ağlayar deyə qorxuram, - demişdi, canını deyil, anasını düşünmüşdü qəhrəmanımız o anda. Bizim xalqın anasına, torpağına, el-obasına bağlılığı qanla gəlir, gen kodunda yazılır, izahı olmasa belə, qəbul olunur. Anaya sayqı, ana südünün hallalığını almaq, onu, ümumiyyətlə hər iki valideyni razı salmağa çalışmaq cəhdi hər millətə xas olan bir cəhət deyil. Ana qarğışının qarşısına südü sərhəd çəksə də, ata qarğışı keçən olur. Ata-ana xeyir-duası hər balanı mühafizə edir ömür boyu. İlkini mühafizə etdimi? Xeyr! - deməyə tələsməyin! Bu yüksəkliyə, bu ucalığa hər kəs ucala bilməz. Ölümüylə də olsa uca zirvəni fəth etmək anaların arzuları olmasa da, Allahın sevdiyi kəslərin məskunlaşdığı məqamdır. Düşünün ki, çox oğullar mənasız mübahisə üstündə, qumar oyunun gözlənilən nəticəsi sonunda, maraqlandığı bir qız üçün, toy mərasimində oynamaq üstə, oğurluq edərkən, əxlaqsızlıq nəticəsində və s. saydıqca bitməyən şəkildə dünyasını dəyişir. Belə oğul analarının dərdi ikiqat olar. İnanın, onlar – Kaş ki, oğlum şəhid olaydı, şərəflə qarşılayardım bu xəbəri, - deyər, şəhid analarına həsəd apararlar...
Ana şəhid oğlu haqda xatirələrini danışır... ... həyəcanla, göz yaşıyla, yanıb-yaxılaraq. 26 il keçməsinə baxmayaraq sanki dünən olmuş kimi danışır, həyəcanlanır ana:
- Sevdiyi vardı, nişanlıydı... o qarabaxt da hələ də ailə qurmur. Sanki sevdiyinin nə vaxtsa dönəcəyini gözləyir. Arzu-kamı ürəyində qaldı onun da, balamın da – deyir. Bir həftə sonra toyu olacaqdı. Saxlaya bilmədik. Hər ana balasını daha özəl bilər, amma oğlum həqiqətən dəyərli oğul idi. Herakldı (qübar dolu bir ah qopur sinəsindən, göz yaşını qara yaylığının ucu ilə silir) – idmanla gündəlik məşğul olur, öz üzərində işləyirdi. Həm incə qəlbliydi oğlum, rəssamlığı, şairliyi də vardı. Riyaziyyat elminə çox həvəsi vardı. Universitet tələbələrinin kurs işlərində çertyojlarını bacarıqla çəkərdi. O, dənizçi olmaq istəyirdi. Amma 32 nömrəli peşə məktəbini oxudu, qismətinə avtomobil nəqliyyatını seçmək düşdü. Vətəni çox sevirdi, canından çox və bunu sübut etdi balam... yenə kövrəlir ana, səsi qırılır, göz yaşlarını əlindəki artıq islanmış dəsmala sıxaraq davam edir. Sanki balası haqda daha çox – bilmədiyim hər şeyi danışmaq istəyir. Ona görə də tələsir, birini bitirməmiş digərinə keçir və xatırlayır:
- Yoldaşım da, mən də peşə məktəbində işləyirdik. Həmin gün iş günümüz idi. İşə narahat getmişdim. Çünki gecə yuxumu qarışdırmışdım. Görmüşdüm ki, iki nəfər İlkini qolları üstə dağdan aşağı endirir. Yuxudan oyanıb Allaha dua etdim ki, İlkinimi də, onun yoldaşlarını da qorusun. Onlar düşmən gülləsinə tuş gəlməsinlər, anaları, bacıları, sevdikləri gözüyaşlı qalmasın. Elə dua edə-edə də işə getdim. Məhlədə görürəm hamı mənə qəribə baxır. Hər kəs eşidib bilirmiş balamın öldüyünü, mənim xəbərim yox... (ağlayır). Heç kim bu qara xəbəri mənə deməyə ürək etmirmiş. Mən də hər şeydən xəbərsiz... (dərindən ah çəkir). Sanki nə deyəcəyini, nə söyləyəcəyini unudur. Bunu onun çöhrəsindən oxuyuram. Hiss edirəm ki, oğlundan danışa-danışa xəyalən onun uşaqlığına köçüb gedir ana:
- İlkin məktəbdən sonra idmana gedərdi. Onu boş gəzən görməzdik. Rəsm çəkərdi, şeir yazardı. Elə son dəfə öz şəklini çəkmişdi. Şəhid İlkinin şəkli dedikdə ilk olaraq onun öz çəkdiyi şəkli yada düşür. Çünki o şəkli verilib mətbuata. Özü də şəklini elə çəkdi ki, elə o yaşda da qaldı balam.
Culfada keçid sərhədində keşik çəkirdi. Həmin gecə yuxumu qarışdırdım (yenə yuxusunda ona ayan olan mistik xəbərdarlığı xatırladır). Onun sözünə qəddi bükülmüş həyat yoldaşı qüvvət verir:
- Azərbaycanımızın müstəqilliyi uğrunda şəhid oldu – deyir, - təmizkardı, qorxmazdı, bacarıqlıydı...
Ana: İlkin evə gələndə çox sayıq yatardı, birdən “trevoqa” olar gecikərəm, - deyərdi.
O, lap əvvəldən hər şeyə qarşı həssas idi. Hətta Sovet ordusunda xidmət edəndə də diqqəti ilə seçilmişdi. Bunu onun yazdığı məktublardan da oxuya bilərsiniz.
Məktubu anadan alıb gözdən keçirirəm. 1989-cu ildə Rusiyada əsgərliyində olarkən evə yazdığı məktubdan bunları oxuyuram: Qardaş, sənin mənə yazdığın məktublarda rusların Qarabağda ermənilərlə birlikdə etdiklərini öyrəndikcə mən də burda rusları, erməniləri əzişdirirəm. Əlimin altında işləyirlər. başqa bir məktubda isə “Ana, dolmamı bişir gəlirəm” - yazırdı. Bu sözləri oxuyub ananın üzünə baxıram. Nə soruşacağımı duyur və titrək səslə deyir: Yarpaq dolmasını sevərdi İlkin.
Məktubdakı “Ağa”müraciəti diqqətimi çəkdi. Amma bu dəfə yanımızda əyləşmiş Yalçının atasına müraciətlə “Ağa, yerin rahatdırmı?” – deyə soruşması mənə hər şeyi aydın etdi və mən hələ Naxçıvana gəlməmişdən öncə öyrənmişdim ki, İlkinin atası Naxçıvanın ağır seyidlərinin nümayəndələrindəndir. Onun evi də müqəddəs ocaqdır. Adətən, xalqımıza məxsus müəyyən müraciət formqalarını insanların vəzifəsinə, peşəsinə, inancına və xüsusilə aid olduğu nəslə, ocağa görə yaradıblar. Yəni hələ lap uzaq keçmişdə yazı-pozu adamına “Mirzə”, din təmsilçilərinə “şeyx, molla, axund, seyid, ağa” deyə müraciət ünvanlayıblar. Bax bu mənada İlkinin atası seyid nəslindən olduğuna görə təkcə nəsildə yox, ətrafda da ona “Ağa” deyə müraciət edirdilər.
Bütün gözəl keyfiyyətləri ilə İlkin həm də çox qayğıkeş övlad idi. Bir dəfə kinoya getmişdi. Ordan evə zəng edib, eşitməmişəm. Kinodan yarımçıq qaçıb evə gəlib ki, görəsən anama nə olub ki, telefona cavab vermir...
Axırıncı gedişi 1993-cü ilin 17 may, həftənin birinci günü idi. Şəhadətindən əvvəlki gecəni yuxumu qarışdırarkən qorxsam da, bədbin fikirləri özümdən uzaqlaşdırmağa çalışdım və işə getdim. Mən çıxmışam, balamı gətiriblər (sinəsindən çıxan ah göz yaşlarını yandırır...).
Tabutuna H.Əliyev də girdi. Qeyd edək ki, Moskvada ciddi təqiblər, nəzarət altında yaşayan Heydər Əliyev 1990-cı ilin iyul ayında Vətənə - Azərbaycana - Naxçıvana qayıtdı. Naxçıvan əhalisi onu böyük ruh yüksəkliyi ilə qarşılayıb, ona böyük ümid bəslədiklərini bildirib, milli adət-ənənəyə görə ayağının altında qurbanlar kəsdilər. 1991-ci il sentyabrın 4-də Naxçıvan MR Ali Məclisinin sessiyası Azərbaycan Respublikası və Naxçıvan MR-nın xalq deputatı Heydər Əlirza oğlu Əliyevi Ali Məclisin sədri seçdi.
Həmin vaxt Naxçıvanda səfərdə olan Süleyman Dəmirəl də yasa gəlmişdi. Ulu Öndərlə birlikdə mərasimdə iştirak etdi. Onunla gələn digər qonaqlar da yasda iştirak etdilər.
Heydər Əliyev həmin anlar mənə ata oldu, təskinlik verdi, məni qucaqlayıb - qızım, möhkəm ol, dedi – sən igid böyütmüsən, başını dik tut!, - dedi... Arxamız, köməyimizdi Heydər Əliyev. O vəfat edəndə arxamızdan dağ uçdu sanki. Vasif müəllim də H.Əliyev məktəbinin layiqli davamçısıdı. Şəhid ailələrinə diqqət, qayğı göstərir. Nə ehtiyacınız olsa mənə bildir, deyir, qayğımıza qalır. Amma mən oğlumun ölümündən sui-istifadə edə bilmərəm. Maddiyat nədir ki, o böyük şəhid zirvəsinin qarşısında?!
Naxçıvanın 83 şəhidi var, biri də mənim balam. Yandırdı balamın ayrılığı sinəmi. Günü bu gün icazə versələr döyüşə gedərəm, 83 şəhidimin qisasını yağı düşməndən gözümü qırpmadan alaram, bəlkə o zaman ürəyim soyuyar...
Təskinlik üçün söz acizdi. Nə desək də, o göynərtini azalda bilmərik qəlbindən. Yalnız bircə təskinliyi ağbirçəyimiz, mərhum şairə Mirvarid xanım Dilbazinin dililə verə bildik:
... Səngərdir, sipərdir - dincliyi saxlar,
Kişisiz vətəni düşmən ayaqlar.
Kişi anası ol, ana olanda!
Bu böyük ürəyə sahib olan ananın mənzili çox kiçikdi. Bundan heç narahat da deyil. Ona görə ki, dünyaya İlkin adında qəhrəman bəxş edib. Qəhrəmanın evi də, ünvanı da doğulduğu məmləkət boyda olur. Bu mənada Naxçıvandakı evlərin hamısında İlkinin də, anasının da yeri var. Bunu yaxşı anlayan şəhid anası darısqal mənzil barəsində bircə kəlmə də olsun dilinə söz gətirmir.
Amma məncə şəhidin adını və ünvanını onun yaşadığı evdən, məhəllədən, küçədən, şəhərdən başlamış Azərbaycan boyda məmləkət tanımalıdır. Hər şəhidimiz öz bir damla qanıyla gələcək nəslə bir qəhrəmanlıq dastanı yazıb və onu oxumaq, oxutmaq bizlərin borcudur. Bu mənzildə İlkinin ağır xəstə atasının, dərddən bükülüb yumağa dönmüş anasının, ailənin ağır yükünü çiynində daşıyan qardaşının, onun həyat yoldaşının, onların oğulları - Azərbaycanın gələcəyi üçün hazır əsgər olan ikinci İlkinin yaşadığı bu kiçik mənzildə böyük Azərbaycan dövlətinin müdafiəsində izi, sorağı olan Şəhid İlkin Seyidov yaşayıb. Bu mənzilə şəhid ünvanına ziyarətə gələnlər heç olmasa, müəyyən rahat şəraitin şahidi olmalıdırlar. Təbii ki, göstərilən diqqət özü də həm ideoloji təbliğatdır, həm də şəhidə - Vətən keşikçilərinə qayğının əyani təzahürü.
Azərbaycanın digər bölgələrindəki kimi, Naxçıvanda da şəhid, əlil və müharibə veteranları üçün mənzillər tikilib-tikilmədiyini bilmirəm, amma mənim baş çəkdiyim, İlkinin yaşamış olduğu ünvanda həmin günlərdə, yəni şəhid ailəsini ziyarətə gedərkən binada əsaslı təmir işləri getdiyindən, onun üzərində İlkinin burada yaşamasına dair lövhəni görmədim. Soruşanda da ailəsi bildirdi ki, təmirlə əlaqədar götürülüb ki, korlanmasın.
Söhbət zamanı onu da öyrəndim ki, Seyidovlar ailəsində Vətən sevgisi həmişə çox fərqli, diqqətçəkən olub. Hətta anası 20 yanvar faciəsində evin balkonundan qara bayraq asmışdı. Bu barədə danışanda ana qürur hissilə bildirdi ki: Xalqımın, millətimin dərdini öz dərdim bilmişəm və bugün də bilirəm. İndi qəhrəmanlıq bayrağı oğlumun məzarı üstündə asılıb.
Zirvən mübarək, şəhidim!
Sanki Əlağa Kürçaylı şəhid üçün deyir:
Dost, qoca dünyada zirvə sözü var,
Ora nə ox çatar, nə güllə çatar.
Zirvələr önündə gücsüzdür düşmən,
Zirvə bir qaladır, zirvədəyəm mən.
Torpağı qorumaq da imandandır. Torpaq uğrunda savaş da cihaddır. Torpaq uğrunda ölən şəhiddir. Torpaqlarımız zaman-zaman parçalanıb, bölünüb, işğal edilib və təəssüf ki, biz bu parçalanma, bölünmə, işğal haqda dədə-babalarımızdan eşitdiyimiz bəs deyilmiş kimi, bir də özümüz şahidi olduНачало формы
Конец формы
Начало формы
q. Ən ağrılısı da odur ki, yeganə dövlətik ki, öz dədə-baba torpaqlarımızla həmsərhədik...
Bu qədər şəhidlərimizə, itkilərimizə, qaçqın-köçkünlərimizə rəğmən torpaqlarımız yenə də düşmən tapdağında inləyir. Oğullarımız var güclərilə döyüşsələr də, qəhrəmanlarımız artsa da torpaqlarımız yenə fövqəlgüclərin əlilə işğaldadır. İgid Azərbaycan oğlu Fred Asif (Asif Məhərrəmov) 1992-ci ilin dekabr ayının 7-də Respublika prezidenti Əbülfəz Elçibəy tərəfındən Milli Qəhrəman adı ilə təltif olunan zaman bu addan imtina etdi. Cavabı isə çox qəti və məntiqli oldu: "Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal taxıb, qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq".
Türkiyəli arkadaşımız Ahmet Varol bir hekayə danışdı mənə. Onu da deyim ki, bu rəvayət deyil, yaxın zamanda olmuş real bir hadisədir.
1996-cı ildə Bingöldə 26 əsgərilə şəhid düşən Asteğmen (ən kiçik rütbəli zabit - F.R) Sunay Civanın nəşi silahını buraxmayınca nəşini silaha sarılmış halda morqa götürmək məcburiyyətində qalırlar. Morqa gələn döyüş yoldaşları da onun silahını kilidlənmiş barmaqları arasından açıb götürə bilmirlər. Amma şəhid Asteğmen Sunay Civanın komandiri, “Əsgər, görəv bitdi!” əmrini verincə boşalan barmaqların arasından silahı ala bilirlər. Nə qədər təsiredici, möcüzəli bir hadisədir. İnsanın inancı tam olunca, uğrunda canını qurban verməyə hazır olduğu amalı bəlli olunca beyninə, qanına, mərkəzi sinir sisteminin idarəsinə hakim olan o çağırış ruhuna belə təsir edə bilmişdi əsgərin. İlahi bir gücdür bu, Allah bu qüdrəti onlara verib. O komandirin inancına görə, Allahın əmrilə hərəkət edər şəhidlər. Bu elə bir inancdır ki, Allah onu müsəlmandan başqa heç kimə nəsib eləməz. Türkdən başqası bu inancı qəbul etməz. Niyə dünya türkdən bu qədər qorxur? İmanla savaşdığı üçün, ölümü haqq olaraq qəbul etdiyi, ondan qorxmadığı üçün. Ölümün üzərinə “Allah” kəlməsilə imanla, inancla getdikləri üçün. Pulla tutulmuş muzdlu döyüşçülər ona görə qorxub qaçırlar türk əsgərinin qarşısından.
Yaddaşımda iz salmış bir hekayəni də bu fikrimlə əlaqəli olduğu üçün anlatmaq istəyirəm. El-obanın igid bir oğlu olur, onları hər bir pislikdən qoruyur. Bu, Şeytanın xoşuna gəlmir və onunla mübarizəyə başlayır. Onu yolundan döndərməyə çalışır, el-obası üçün can yandırmamağa, özü üçün yaşamağa səsləyir, ancaq onu yolundan döndərə bilmədiyi üçün döyüşməyə başlayırlar. Torpağının üzərində güclü olması, Vətənini, elini arxasında hiss etməsi igidin biləklərinə qüvvət verir, millətinin dərd-səri - haqq işi uğrunda döyüşdüyü üçün içindəki inam sayəsində Şeytanı məğlub edir. Məlun Şeytan Axirətə qədər pisliyindən əl çəkməyəcəyinə and içib. O, igiddən qorxaraq kənarda dayanır və deyir ki, el-oban sənə nə verir ki, bu qədər onlara can yandırırsan qədrini bilən yoxdu, ac-yalavac yaşayırsan, min bir zəhmətlə güclə qarnını doyurursan. Sən mən deyəni eşit, hər səhər yuxudan oyandığında yastığının altında yüz axça qızıl görəcəksən. İgid onun təklifini rədd edib evinə yollanır. Səhər yuxudan oyandığında yastığının altında gördüyü yüz axça onu bir az düşündürür. Sabahısı gün yenə yüz axça... və yavaş-yavaş zəhmət çəkmədən maddi durumu yaxşılaşan igidin var-dövlətə meylliyi başlayır. Beləliklə, hər sabah oyananda ilk işi yastığının altını yoxlamaq olur. Artıq el-obanın dərd-səri onu maraqlandırmır, üstünə köməyə gələnləri qapıdan əliboş qaytarır, hər kəsə laqeyd qalır. Bir müddət belə davam edəndən sonra bir sabah oyanıb adəti üzrə yastığın altına baxdıqda qızılları orada görmür və hirslə Şeytanın üstünə cumur. Şeytan məmnun şəkildə kənarda oturub onu gözləyir. Əlbəyaxa döyüşürlər və Şeytan ilk həmlədə onu yıxıb sinəsinin üstündə oturur. Oğlan buna çox təəccüblənir və Şeytana, onu öldürmədən bu sirri açması üçün yalvarır: Necə oldu ki, mən səni əvvəl bir zərbə ilə məğlub etdiyim halda indi sənə gücüm çatmır? Şeytan gülərək deyir ki: O vaxtlar sənin amalın, inancın vardı, ayağının altında torpağını, başının üzərində Allahını, ətrafında xalqının güvənini hiss edirdin və onlar üçün döyüşürdün. İndi isə nəfsin üçün döyüşürsən...
Bəli, oğul arxasında Vətənini, torpağını, xalqını, el-obasını hiss edəndə ölümün üzərinə qorxmadan gedə bilir və bu yolda ölüm onlar üçün şərəf işi sayılır. Mənim qəhrəmanım belə igidlərdəndi – vətənini, torpağını canından çox sevən, havadarları olmasa, özünü qorumağa belə qüdrəti çatmayan düşmənin onun torpağını işğal etməsinə dözə bilmirdi. Hansı yolla olursa olsun, onların xalqımıza vurduğu zərbələrin intiqamını almağa çalışırdı. Bu yoldan onu döndərməyə çalışan da yoxdu, çünki İlkinin qətiyyətinə ailədə hər kəs bələd idi. O, qarşısına bir məqsəd qoydusa, əməl edəcəkdi. Bu yolda nə desələr mənasız olacaqdı. Ona görə susdu anası. Heç kim qarşı çıxa bilmədi onun istəyinə. İçini yeyən qəzəbi, nifrəti tezliklə vətənə dönərək düşməndən çıxmaq istəyirdi. Nə Sovet Ordusu sıralarında olarkən evə yazdığı məktublarda bildirdiyi kimi, oradakı düşmən ölkədən olan əsgərlərdən çıxdığı – azacıq sinirini sakitləşdirən intiqamı, nə də hərbi xidmətdən tərxis olunub evə gələn kimi ya orduya, ya polis sıralarına qəbul olmaq arzusunu söylərkən onun işinə qarışan, etiraz etməyə çalışan olmadı. Çünki bu etirazın heç bir faydası olmayacaqdı...
Uzun müddətdi idmanla məşğul olurdu. Qolunda hiss etdiyi gücü və ürəyində düşməni məğlub edəcəyinə əminlik ona yerində rahat oturmağa imkan vermirdi. Nəhayət o, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət etdi və Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv oldu. Buna həm hündür boyu, sağlam idmançı bədəni ilə fiziki durumu, həm vətənpərvərliyi, həm də əsgərlikdə öyrəndiyi hərbi xidmət təcrübəsi imkan verirdi.
Qovuşan ruhlar
İlkinin şəhidliyindən 26 il keçir. Ailənin hər bir üzvünə bu itkinin müxtəlif cür təsiri var. Ata ağır yataq xəstəsi, ana olduğundan çox-çox yaşlı görkəmdə, qardaş güvəni yıxılmış halda... amma bir təskinlikləri var, onların əzizləri bu torpağın azadlığı uğrunda canını qurban verib və bu torpağın üzərində ən çox yaşamaq haqqı olanlardan biri də bu şəhid ailəsidir.
Biz ziyarətə gedəndə atası ağır yataq xəstəsi idi İlkinin. Öncədən şəkillərdə gördüyüm əvvəlki cüssəsindən əsər-əlamət belə qalmamışdı, əriyib bir dəri, bir sümük olmuşdu. Oğul dərdi atanın belini bükər deyirdilər, nümunəsi gözümün qarşısındaydı. Mirnəzir ağa həyat mübarizəsindəydi. Bilmirəm, o gerçəkdən mübarizə aparmaq istəyirdimi? Yoxsa igid oğlunu itirmiş hər ata kimi bu ölümlə barışmayıb, onun yanına tələsirdi?..
Danışmırdı, eləcə susaraq baxırdı şəhid atası. Sözü bitmiş kimi, sözün əhəmiyyəti olmayan bir yerdəymiş kimi. Viktor Hüqo deyir ki: “Ağlamaq üçün gözdən yaşmı axmalıdır?”... Atanın göz yaşları içinə axırdı. O göz yaşlarının acısı, göynərtisi damarlarında axan qana hopmaqla ürəyindən başlayaraq damarlarıyla qövr edərək bütün əzalarına qədər gedib çatırdı. Vətənə bir igid oğul verməklə həm qürur, həm də dərd yaşayan atanın bu ikili hissdən yorulduğu o qədər bəlli idi ki... Sanki yaşamırdı artıq, bu fani dünyanın qara gözlü, gülər üzlü, istiqanlı, cəsarətli, iradəli, əzmli, bacarıqlı, qorxmaz bir oğulu udmasından sonra onun üçün həyat artıq durmuşdu, mənasını itirmişdi. Bəzən bədənindəki ağrıyla övlad acısı bir-birinə qarışanda canını götürüb bu fani dünyadan getməyi elə istəyirdi ki... amma ömrü Allah verib və Ağa seyid nəslinin inanclı nümayəndəsi olaraq bunu gözəl anlayırdı ki, bu bizim istəyimizlə olan şey deyil...
Sabahısı gün yenə baş çəkməli olduq İlkinin ailəsinə. Bu dəfə fərqli görünürdü atası. Dünənkinə nisbətən bir az gümrahdı, dirçəlmiş kimiydi. Tez-tez gəldiyimiz, şəhid ailəsini yad etdiyimiz, oğlunun xatirəsini əbədiləşdirmək üçün kitab yazmaq istədiyimiz üçün təşəkkür edirdi. Əsl təşəkkürün belə igid, vətənsevər oğul yetişdirib, tərbiyə etdikləri üçün ona, xanımına düşdüyünü söyləsək də, bu imanlı təvazökar insan təşəkküründən qalmırdı...
Biz içəri girəndən özünü güclə təmkinli tutmağa çalışsa da, buna nail ola bilmirdi. Çənəsinin, əllərinin əsməsi, gözlərinin yaşarması içində çağlayan əzab, ağrı təlatümünün, nisgil, qübar selinin hər an çağlamağa hazır olduğunu göstərirdi. Kövrək auradan təsirləndiyindən verilən sualları anlayacaq durumda da deyildi. Sakit təbiətə malik olduğu hər halından bəlli olan atanın ağır bir yükü - oğul dağını zorla daşıdığı hamımıza bəlli idi. O böyük dərdin qarşısında otaqdakı hər kəs susmuşdu, heç kim təskinlik üçün söz tapmırdı. Əslində deyiləcək, onu ovuda biləcək bir söz də yoxdu lüğətimizdə... Əli sevimli balasından üzülən, böyük ümidlərlə sabahını düşündüyü övladının keçmişi haqda xatirələr danışmaq məcburiyyətində qalan ataya hansı söz təskinlik verə bilərdi ki... Herodot deyir ki: “Dinc dövrdə atalar oğulların, müharibə dövründə oğullar ataların çiynində o dünyaya gedir”, məncə, bir ata üçün dünyada bundan ağır dərd ola bilməz, amma bundan da böyük, qürurverici itki də yoxdur! Xəstə yatağında əziyyət çəkən atanın da arzusu oğul çiynində son mənzilə getməkdi, amma sən saydığını, say, gör fələk nə sayır.
Doğrudur, övladını, əzizini itirən hər bir şəxs daxilən özünü təmkinli saxlamağa, dəyanətli olmağa çalışır. Səsi titrəyə-titrəyə, amma içdən gələn sevgiylə: "Vətən sağ olsun, Vətən üçün böyütdük" və sair desələr də, dərd içdən qurd kimi yeyir ürəklərini.
Masanın üstündə qalaqlanmış şəkillərə baxaraq susub qalırıq. Qəhrəmanın hansı şəkli nə zaman çəkdirdiyi, yanındakıların kimlər olması haqda ailə üzvlərindən məlumat almalıydım ki, kitabda şəkilaltı sözləri yazaq. İlkinin kiçik qardaşı Yalçının xanımı şəkillərə məyusluqla baxaraq suallarımızı cavablandırır.
Ata isə dirçəlib oturduğu yataqda sanki "Şəhid atası" heykəlini yaratmışdı. Bu ağır yükdən çiyinləri əyilən şəhid atasının ümidsiz, böyütdüyü ağacdan meyvə dərmək arzusunda olan, lakin əliboş, peşman dönən bağbansayağı görünüşü vardı. Nəhayət, belini qıran bala dağından bir cüt çeşmə açıldı. Gözllərini silərək zəif, yorğun, bir az da ağrının yaratdığı iniltili səslə danışmağa başladı.
Atanın qəlbinin göynərtisini, sızıltısını hər birimiz içimizdə hiss edirdik - nəfəsimiz daralır, içimiz sızlayır, atanın üzünə baxmaq gücümüz qalmırdı. Susan insandan qorx, deyirlər. Hər an partlamağa hazır olan bomba kimi olurlar. O qədər söyləyəcəkləri olur ki, belə adamların, içindəkiləri çatdırıb boşalda bilməyəcəklərini, yaxud dinləyicinin buna səbri çatmayacağını düşünərək susurlar.
Danışmağa başlamışdı Şəhid atası. Sanki vaxt bitəcək, fikrini çatdıra bilməyəcək kimi tələsirdi. Dünəndən susub duran insan illərlə içində yığılıb qalanları bir anda söyləməyə çalışırdı.
Əvvəl əliylə işarə edərək zəif səslə məni yaxına çağırır: Adın nədi? – soruşur. Deyirəm. – Əvvəlcə sənə bura qədər zəhmət çəkdiyinə görə, oğlumun Vətən qarşısındakı borcunu qiymətləndirərək onun haqqında kitab yazmaq fikrinə görə təşəkkür edirəm. Zəhmət çəkmisiniz. Oğul ata üçündür, qız ana üçün. Ata öləndə onu oğul çiynində qəbiristanlığa aparır, bu mənə qismət olmadı. 1990-cı ildə əsgərlikdən gəldi. Heç yerdə qərar tutub rahat otura bilmirdi. Mənə dedi ki, ağa, Kəlbəcər, Xocalı, Laçın, Zəngilan, Ağdam, Füzuli... əldən gedib. Xahiş edirəm məni ya polis sıralarına işə düzəldin, ya da hərbiyə, yoxsa ürəyim partlayacaq. Mən də razılıq verdim düzəldi DİN-ə, polisə. İl yarım orada qulluq edəndən sonra Sədərəkdə vəziyyət pisləşdi, bunları döyüş bölgəsinə apardılar. Orda çox gərgin durum hökm sürürdü (nəfəs alması çətinləşir, öksürərək davam edir). Getməmişdən əvvəl nişanlanmışdı. Dedi ki, bu ağır günlər keçsin bir həftəyə gəlib toy hazırlığına başlayacam. Gecə əllərinə xına da qoymuşdu. Həmin gün çox ağır döyüşlər oldu Sədərəkdə. Xüsusi Təyinatlı Polis Dəstəsi ön sıralardaydı. Oğlumun komandirinin dediyinə görə, onu saxlaya bilmirlərmiş, daha çox düşmən məhv etmək üçün əlindən gələni edirmiş. Düşmən postuna yaxınlaşıb qumbaranı birbaşa səngərə atırmış ki, sağ qalanı olmasın. Elə o döyüşdə də onu snayper gülləsi ilə vurdular. Görünür, kor olası düşmən bu igidi izləyirmiş... (güclə çıxan zəif səsi bir az da cırlaşır, qəhər boğur) düz ürəyindən vurmuşdular... getməmişdən mənə əminliklə demişdi ki: Ata, bir gülləm qalsa, özümə vuracam, amma erməniyə əsir düşməyəcəm. Yoldaşları gətirdilər, əli xınalı-xınalı torpağa verdik...
Bir az fasilə verir: Qızım, Allah tutduğun orucları (oraya gedişimiz Ramazan günlərinə təsadüf edirdi) da, qıldığın namazlarını da qəbul eləsin, həyatda ən böyük nemət olan can sağlığı arzulayıram sənə. Eşidirsən, qızım, insana hər şeydən – vardan, dövlətdən əvvəl can sağlığı lazımdı. Balalarına xoşbəxtlik arzulayıram. Biz çəkdik, başqa kimsə övlad dağı çəkməsin, inşaallah!
Nəfəsini güclə alsa da davam edir, içimə rahatlıq verən seyid dualarını əsirgəmirdi. Zəif cüssəsi, saralmış siması ilə yatağında bir az dirçəlib (hər qalxmaq istədiyində ailə üzvlərindən biri cəld qolundan tuturdu) sözünə davam edir. Qadanızı alım, mənim balamı yad eləmisiniz, zəhmət çəkib evimə gəlmisiniz, Allah razı olsun!
Bu ailədə keçirdiyim hər dəqiqə, hər an mənim iliyimə işlədi. Göz yaşlarım da, qürur hissim də onlarla doğmalaşdı. Elə bil mən də öz doğmamın, əzizimin acısını yaşayırdım. Bu təkcə dərdin bizi qovuşdurması deyildi. Bu həm də millətimə aid qürurun bizi bir şəhidin – İlkin Seyidovun ruhu ətrafında birləşdirməsi idi. Mən ayrılanda atanın gözlərinin içinə nə qədər diqqətlə baxmağa çalışsam da bacarmadım. Çünki hiss edirdim ki, o gözlərin nuru tükənir, ata özü nura çevrilir artıq...
... Bir neçə gün sonra Bakıda Şəhid atası Mirnəzir kişinin ölüm xəbərini aldım. Çox məyus olsam da, onun bu dünya əzabından - həm bala dağından, həm sonsuz əziyyət verən xəstəliyindən xilas olmasını düşündükcə, Allah dərgahında ata-anasına şəfaətçi olan şəhid oğlunun və imanının, inancının onu əbədi xoşbəxtliyə aparacağı inamıyla bir az rahatladım. Allah qəni-qəni rəhmət eləsin!
Sədərək – qeyrət qalası
1990-cı ilin yanvar ayının əvvəllərindən etibarən Ermənistanın silahlı, terrorçu-quldur dəstələri Naxçıvan Muxtar Respublikasına sərhəd boyu açıq-aşkar silahlı hücumlar təşkil edir, terror-təxribat aktları törədirdilər. Məqsəd Naxçıvan Muxtar Respublikasında yaşayan əhali arasında vahimə yaratmaq və əhalinin bölgəni tərk edərək qaçmasına, ərazinin işğalına nail olmaqdan ibarət idi. Həyata keçirilən bu cür təxribat aktlarının, bir çox hallarda isə açıq silahlı hücumların qarşısını əsasən Daxili İşlər Nazirliyi, xüsusən də Xüsusi Təyinatlı Polis Dəstəsi alırdı. XTPD-nin əməkdaşları gecə-gündüz – qarlı-şaxtalı havalarda, keçilməsi çətin olan hündür dağlıq ərazilərdə müqəddəs Vətən torpağının keşiyini çəkir, qanlı döyüşlərdə onlara layiqli cavablar verirdilər. Həmin vaxt düşmən müxtəlif növ iriçaplı silahlardan, hətta ağır artilleriyadan istifadə edirdi. Naxçıvan Muxtar Respublikası Ermənistan tərəfindən tamamilə blokadaya alınmışdı.
Heydər Əliyevin o dövrdə “Şərq qapısı” qəzetində dərc edilmiş çıxışından: “... Muxtar Respublikanın sərhəd kəndləri dəfərlərlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq həmişə Sədərəyin üzərinə düşmüşdür.
Sədərək kəndində vəziyyət tamam başqadır. Burada əsl müharibə gedib, atışmalar olub. Tək sədərəklilər deyil, çox naxçıvanlılar da burada şəhid olublar. Biz şəhidlərin xatirəsini əbədiləşdirməli, onların ailəsinə xüsusi qayğı göstərməliyik. Bu qayğı həm hökumət tərəfindən, həm ictimai təşkilatlar tərəfinfən, həm də ayrı-ayrı şəxslər tərəfindən olmalıdır...”.
Heydər Əliyev
“Şərq qapısı” qəzeti,
9 dekabr, 1992-ci il
Məşhərdə ana balanı, bacı qardaşı.... tanımayacaq. Qaçqınlıq məşhər deyildi, amma ona çox bənzəyirdi. Qonşu Nübar nənənin “Ay camaat, məni qoyub getməyin!” naləsi qulaqlarımda əbədi səs heykəlini qurub, o səsi qulaqlarımdan silə bilmirəm. Ondan sonra çox səslər eşidib qulaqlarım,- toy, musiqi səsi, çayın şırıltısını, quşların cəh-cəhini, körpə qığıltısını, bir sözlə, əhvalı xoş edən, dərd-səri, çətinlikləri unutduran səslər, amma onların heç biri Nübar nənənin səsini qulaqlarımdan apara bilməyib, əslində özüm eşitmədiyim, yaxınlarımın dediyinə əsasən təsəvvür etdiyim o səsi. Yəqin eşitsəydim, görsəydim, ürəyim dözməzdi bu mənzərəyə...
...Uzun müddət əsirlikdə əziyyət çəkmiş bir qadının danışdıqlarını birbaşa dinləmək üçün möhkəm ürək lazımdı – başına gətirilən hər bir hadisəni aylarca düşünüb həzm etmək mümkün deyildi. İnsan olaraq yaradılmış erməni adlı canlı belə vəhşilikləri necə edə bilir, İlahi! Nədir türkə qarşı bu qədər nifrətin səbəbi, mənbəyi? Və insan olan canlı bu qədər işgəncəyə necə dözə bilərmiş, İlahi! Döymək, saçlarından tutub sürümək, kəlbətinlə dırnaqlarını çıxararaq işgəncə vermək, zorlamaq, təhqir etmək, yaxınlarının gözü qarşısında alçaltmaq... Vəhşi erməni doktoru Zori Balayanın 13 yaşlı türk uşağının diri-diri dərisini soyaraq, üstəlik divara mıxlayaraq nə qədər yaşaya biləcəyini test etməsi belə, “dünyanı” silkələmədi...
Xocalıda edilmiş soyqırım yalnız türkə, türk dünyasına deyil, bütün dünyaya, bütün insanlığa qarşı edilmiş vəhşilik idi. Bunu açıq-aşkar görüb susanlarsa türk düşmənləri, müsəlman düşmənləri, ümumiyyətlə, insanlıq düşmənləridilər. Artıq bu savaş erməni-azərbaycanlı məcrasından çıxıb, dünya müsəlmanlarına, əsasən də türklərə qarşı yönəlmiş bir savaş olduğu açıq-aşkar ortada idi.
Bütün bu olanlara dözməyən oğullarımız savaşa atıldıqda gözlərinin qarşısında əsirlikdə olan qadınlarımız, təhqir olunan qocalarımız, zorlanan qız-gəlinlərimiz vardı. Ona görə də evdə qoyub getdikləri yaxınlarını, hətta canlarını belə, düşünmədilər...
İlkini, indi Ermənistan adlanan dədə-baba torpaqlarımızdan qovulanlar, Dağlıq Qarabağ Muxtar Vilayətindəki hadisələr narahat edərək içindəki qəzəbi alovlandırsa da və oraya gedərək düşməndən etdikləri vəhşiliklərin qisasını almağı düşünsə də, doğma torpağı Naxçıvana - Sədərəyə düşmənin əl uzatması onu orada qalmağa məcbur edirdi. Atəş açarkən hər bir düşmən əsgərindən Qarabağda, Xocalıda, Cəmilli, Bağanıs Ayrım.... və başqa yerlərdə şəhid edilmiş yüzlərcə insanın qisasını alırmış kimi içi sərinləyirdi. Daha çox düşmən məhv etməklə sanki dünyaya yayılmış erməni adlı - insanlığa daraşmış virusu təmizləməyə çalışırdı. Ona görə də atəşi boşa getməsin deyə düşmən səngərinə daha çox yaxınlaşır, canını təhlükəyə atdığının fərqində belə olmurdu. Komandirinin sözlərinə görə, döyüş zamanı onu saxlaya bilmirdilər. Sürünərək düşmən postuna yaxınlaşaraq, qumbaranı lap yaxından birbaşa onların səngərinə tullamaqla gəbərəcəklərinə əmin olmaq istəyirdi İlkin həmişə.
Bir evdən çıxıb bir elin oğlu olanlar...
Milli-mənəvi dəyərlərimizə üz tutanda bir daha məlum olur ki, xalqımız ana ilə vətəni həmişə bir tutub, onları bir-birindən ayırmayıb. Laylasında da, bayatısında da, nağıl və dastanlarında da vəsf edib ananı, vətəni. Ozanlarımız, aşıqlarımız söz qoşub anaların, vətənin şərəfinə, şairlərimiz, yazıçılarımız əsərlər, kitablar həsr ediblər. Xalq şairi, ölməz Məmməd Araz Qarabağ savaşı başlayandan sonra üzünü hər birimizə tutub yazdı:
Bu gün gərək Hər anımız Vətən! – desin! Qılıncımız, qalxanımız Vətən! – desin Ölənlərin əvəzinə Qalanımız Vətən! – desin. Vətən! – desin Qəlbimizin hər duyğusu, hər vurğusu Vətən! – desin. Fərqi yoxdur, harda olaq, Zamanımız, məkanımız Vətən! – desin Çox yatdıq, çox mürgülədik, Qoca millət! Mürgülədik: qoşa-qoşa Dağlarımız oğurlandı. Çaylarımız, göllərimiz oğurlandı. Düzlərimiz, çöllərimiz oğurlandı. Oğurlatdıq! İndi saysaq saya sığmaz, Daha nələr, nələr oğurlanıb. Yer üstündə xəzinələr, Yer altında dəfinələr oğurlanıb! Qoca millət, hər andımız, Amanımız, Əgər varsa, Zərrə qədər imanımız, İmanımız Vətən! – desin Hər yaxşımız, yamanımız Vətən! – desin. Əli kəsik, dili kəsik Uşaqlar var – hələ dustaq, Körpə dustaq - Vətən! – deyir. Bu nə külək, bu nə bulud, Bu nə yağış, bu nə qardı? Didərginlər üzərində susub durdu, Vətən! – dedi, Mürgülüsən, qoca millət: Daha möhkəm, daha ötkəm gəlsin səsin, Vətən! – desin! Qoca millət,
Bu gün gərək Hər anımız Vətən! – desin.
“İnsan necə yaşayırsa, elə də ölür” ifadəsi ilə heç vaxt razılaşmamışam. Amma qəhrəmanımın həyatı, yaşayışı, döyüş yolu, insanlığı, qısa ömründəki fəaliyyəti haqda məlumat alandan sonra şəhadətini də düşünəndə bu ifadənin yanlış olmadığını təsdiqlədim içimdə. Mərd yaşadı İlkin, cəsarətli, qorxmaz oldu, az yaşıyla özünə hörmət qazandı. Yaşadığı şəhərdə, məhəllədə, oxuduğu məktəbdə, qulluq etdiyi kollektivdə və nəhayət döyüşdüyü hərbi hissədə hər kəsin sayqısını hiss etdi.
Təsadüfi deyil ki, oğula düşmən çəpəri deyirlər. “Evimdə əsgər böyüyür”, yaxud “o gün olsun əsgər getsin” kimi ifadələr çox işlənir xalq arasında. Vətənə sipərdi oğullar. Ən dar günündə - Vətən! - deyib hayına, sorağına yetən, onu qorumaq üçün sinəsini qalxan edəndi oğullar.
İlkinin döyüş dostlarının onun haqqında söylədiklərini dinlədikcə o qeyrət, sədaqət anının birləşdirdiyi insanların bir anadan doğma qardaşlardan daha artıq yaxın olduqlarını anlayırsan. Ayrı-ayrı ocaqlardan çıxmışdılar, amma müqəddəs amalın uğrunda bir yumruq kimi birləşmişdilər. O amal ki, onları qisasa, intiqama səsləyirdi. Onları bu qədər birləşdirən, doğmalaşdıran bu yaxınlığın mayasında Vətən dərdi, yurd təəssübkeşliyi dururdu. Bu ər igidlər arxada qalan ana-vətəni, doğma torpağı, qız-gəlini, ağsaqqal-ağbirçəyi qorumağı özlərinə namus borcu bildilər. Borcu yerinə yetirərkən kişilik məktəbinin əvvəl öyrənciləri, sonra ustadları olan bu igidlər döyüşləri ilə də, ölümləri ilə də nümunə oldular. Döyüşə atılarkən qəhrəman olmağı düşünmədilər. Ağılarına da gətirmədilər ki, bir zamanlar onların haqqında kimlərsə xatirə danışacaq, kitab yazacaq, o günləri xatırladan şəkil istəyəcək. Xatirə şəkli çəkdirməyə belə vaxtları, həvəsləri olmadı. Onları düşündürən yalnız və yalnız toprağımıza soxulmuş ağzın düşmənin başını əzməkdi. Ona görə də İlkinin döyüş zonasında çəkilmiş şəklini istəyəndə “yoxdur”, dedilər. Daha çox düşmən məhv etmək, daha da irəliyə gedərək mövqe dəyişmək istəyi ilə alışıb-yanırdılar. Düşmənin bu həyasızlığı, Ermənistandan yurddaşlarımızın qovulması, üstəgəl Qarabağda törətdikləri cinayətlər, vəhşiliklər şərəflərinə, qanlarına toxunurdu. İlkinin komandiri olmuş Şulan Abışov deyir ki: “Bizi elə şeylər maraqlandırmırdı. Nəinki şəkil çəkdirmək, heç kim evə getmək də istəmirdi”. Bu yerdə Aqil Abbasın “Dolu” romanındakı sözləri xatırladım: Döyüşçülər iki cür olur, həqiqətən döyüşənlər və tankın üstündə şəkil çəkdirənlər…
Onların dəstəsinin üzvlərindən Nadir Mirzəyev, Ziyafət Novruzov, Səbuhi İsmayılov, Vilayət İsmayılov ... vardı. Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri olan bu igidlər kənardan təklif olunan əsgər qüvvəsini də istəmirdilər – Özümüz bu dığaların öhdəsindən gələrik, - deyirdilər.
İndi Qazi adını şərəflə daşıyan bu igidlər yenə də vətənin müdafiəsinə qalxmağa hər an hazırdılar. Müharibə əmri verilərsə, gənclərin irəlidə olmasını istəmirlər, biz təcrübəliyik, öndə biz olmalıyıq. Onlar bizim təcrübəmizdən yararlanmalıdırlar, - deyirlər.
İlk dəfə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə o vaxtlar OMON adlandırılan könüllülər gəlmişdilər. Doğrudur, sonradan OMON-çular artıq rəsmiləşdi, onlar Daxili İşlər Nazirliyinin təkibində xüsusi bir qurum oldular. Və yadımdadı ki, o zamanlar daxili işlər naziri olan mərhum Məhəmməd Əsədovun əmri ilə yaradılmış həmin quruma general Ramiz Xosrov oğlu Məmmədov rəhbərlik edirdi. Bu «uşaqlar» ölümün üstünə gözüyumulu gedirdilər. Onların adı da, onların sorağı da düşmənin bağrını çatladırdı. Sadə dildə desəm, bu laydivar oğlanların canında bir pələng, bir şir gücü var idi. Təəssüf ki, sonradan bu qüvvəni siyasətə qatdılar, siyasiləşdirdilər. Şükür ki, indi hər şey öz axarındadı, öz yerindədi.
Həmin vaxt könüllülərdən ibarət xüsusi qrup ön cəbhəyə, yəni düşməndən qisas almağa can atırdı. İlkin şəxsən Xocalı qətliamını törədən caniləri elə Qarabağda özü məhv etmək, güllələmək istəyirdi. Bu istəklə də o, xəyal qurur, döyüşə necə atılacağını səbrsizliklə gözləyirdi. Sanki onun içindəki bu istək yuxarı aidiyyəti qurumlara da gedib çatmışdı və günlərin birində Naxçıvan DİN-ə Bakıdan əmr daxil oldu – Xüsusi Təyinatlılar paytaxta çağrılır. Qarabağdakı döyüşlərdə iştirak üçün. Komandir Şulanın rəhbərliyi altında Xüsusi Təyinatlılar tez bir zamanda Bakıya gəldilər. Onlar nazirliyin təlim bazasında yerləşərək Qarabağa yola düşəcək ani səbrsizliklə gözləməyə başladılar. Lakin ermənilərin Naxçıvan sərhədlərində fəallaşaraq vəziyyəti gərginləşdirməsi hadisələrin gedişinə təsir etdi. Yəni Naxçıvandakı vəziyyəti nəzərə alan DİN rəhbərliyi komandir Şulan Abışova döyüşçüləri ilə dərhal Naxçıvana qayıtmaq əmri verdi. İstəyi çin olmayan İlkin buna təəssüflənsə də, doğulduğu bölgənin durumu, real vəziyyəti onu bu təəssüfü arxa plana keçirməyə vadar etdi. Düşündü ki, növbəti əmrlərin biri ilə onlar Qarabağa da yollanarlar. Lakin onun arzusunu komandiri yerinə yetirdi. İlkinə qismət olmayan arzunu Şulan öz qəhrəmanlığı ilə gerçəkləşdirdi...
Düşmən torpaq iddiasına düşəndən sonra həyasızlığı getdikcə artmağa başladı. Təkcə Dağlıq Qarabağda, onun ətrafında deyil, Naxçıvanda da artıq silahlar susmurdu. Demək olar ki, Ermənistanla sərhəd bölgədə vəziyyət təhlükəli bir həddə gəlib çatmışdı. Ermənilər Sədərək istiqamətində hər gün təxribatlar törədirdilər. Bax, belə bir vaxtda Naxçıvan Muxtar Respulikasının Daxili İşlər Nazirliyinin tabeliyində Xüsusi Təyinatlı Polis Dəstəsi yaradılmışdı. Əsasən könüllülərdən, silahla davranmaq bacarığı olanlardan ibarət olan bu dəstə nazirliyin əməkdaşları tərəfindən təlimlərə cəlb edilir, onların döyüş qabiliyyəti yüksəldilirdi. Və Xüsusi Təyinatlılar da artıq Naxçıvanın müdafiəçiləri sırasına daxil edilmişdilər. Şulan Abışov bu müraciətdən xəbər tutan kimi dərhal Nazirliyə gəlmiş və qısa söhbətdən sonra onu xüsusi təyinatlıların sıralarına qəbul etmişdilər. İndi o, bir vətənsevər övlad kimi öz döyüş dostları ilə birlikdə səngərdəydi. Artıq Sədərək, Havuş, Yuxarı Buzqov, Gərməçataq, Şada, Batabat, Bəyəhməd, Kirid və digər sərhəd kəndlərinin qorunması uğrunda gedən döyüşlərdə xüsusi təyinatlıların göstərdiyi şücaət təkcə Naxçıvanda yox, onun hüdudlarından kənarda da danışılırdı. İndi Şulan Abışov xüsusi təyinatlıların çavuşu kimi daha məsuliyyətli, daha diqqətli olmağa çalışır, komandanlığı altında olan döyüş yoldaşlarının hər biri üçün daxili bir məsuliyyət hissi ilə yaşayırdı. Döyüş dostları kimi o da həm torpaq uğrunda döyüşür, həm də ona bir komandir kimi inanan dostlarının taleyi üçün narahat olurdu. Özü özünə hesabat verir, özü-özündən bu cavan oğlanlar üçün əlavə diqqət, əlavə canıyananlıq tələb edirdi. Onun hər kəsə olan münasibəti döyüş dostlarına yaxşı məlum idi. Onlar da komandiri həm böyük qardaş, həm dost, həm də komandir kimi çox istəyir, güvənirdilər. Elə Sədərək kəndindəki Qaraburun və Miltəpə uğrunda gedən ağır döyüşlərdə Şulan Abışov iki dəfə yaralandı.
Amma unutmaq lazım deyil ki, məhz Şulan Abışov kimi, İlkin Seyidov kimi, Nadir Mirzəyev, Ziyafət Novruzov, Səbuhi İsmayılov, Vilayət İsmayılov kimi oğulların cəsarəti, qeyrəti, şücaəti, fədakarlığı Sədərəyin müdafiəsini təmin etmişdi və Azərbaycanın bugünkü inkişafına zəmin olmuşdu. Axı hər kəs ayrılıqda bir fərddi, bir zərrədi. Amma o fərdlər, o zərrələr birləşəndə, bir araya gələndə artıq bu ordudu, bu gücdü, bu həm də Azərbaycandı!
Şulanla söhbət edirik. Bu söhbət zamanı fikrimiz yenidən Naxçıvana, Sədərək hadisələrinə tərəf yönəlir. Şulan Abışov onunla birlikdə döyüşmüş Xüsusi Təyinatlıları xatırlayır. Onların arasında qəhrəmanlığı ilə fərqlənən, hamıya can yandıran, necə deyərlər, hamıdan çevik olan İlkin barəsində söhbət açır və İlkinin adını çəkəndə gözləri yaşarır. Vurğulayır ki, - İlkin od parçasıydı! Sovet ordusunda xidmət keçmişdi, idmançıydı. Bir anın içərisində səngərdə yerini elə dəyişirdi ki, düşmən onu hədəfə ala bilmirdi. Sürünə-sürünə düşmənin beş addımlığına qədər gedirdi. Atdığı qumbaralar birbaşa səngərin içərisinə düşürdü. Ona görə də düşmən snayperləri onu izləyirdilər. Axır ki, onların bu qara niyyəti baş tutdu. Nişanlı olan, yaxın günlərdə ailə quracağını hamımıza öncədən söyləyən İlkin məhz snayper gülləsilə şəhid oldu. Bu günün özündə də onun adı gələndə, onu xatırlayanda özümə yer tapa bilmirəm. Və inana bilmirəm ki, İlkin şəhid olub… inana bilmirəm ki, o cür oğulu itirdik...
Nadir Mirzəyev:
İlkinlə mənim çox yoldaşlığım olub. Bir xatirəni danışım. 1993-cü il mayın 3-də mən yaralanmışdım. Ayın 6-7 gəldi yanıma xəstəxanaya. Gördüm ki, əli sarıqlıdı. Görüşdü, dedi dağa gedəcəm, Sədərəyə, döyüşə. Dedim əlin yaralıdı, necə atacaqsan gülləni. Sarıqdan çıxan kiçik barmağını göstərib dedi ki, bununla atacam. Rəhmətlik elə mərd oğuldu. Hardasa baş girləyə, yaxud bu gün gəlmişəm evə, qalım, sabah gedərəm, - deməzdi. Şəhid olanda onu Ceyhun gətirdi. Dediyinə görə, qucağında gətirdiyi İlkinin gözləri göy üzünə zillənmişdi. Sanki Tanrıya doğru uzanan yolun əvvəlini axtarırdı, şəhidlik zirvəsinə ucalmaq üçün...
Bizdə elə bir ruh vardı ki, heç ölüm haqda düşünmürdük. Ancaq öldürməyi, torpağımıza uzanmış əlləri dibindən kəsməyi düşünürdük. Özümüzdə o qədər güc, təpər hiss edirdik ki, bizə kömək üçün verilən əsgərləri belə qəbul etmirdik ki, özümüz öhdələrindən gələrik. Əsas da ona görə qəbul etmirdik ki, gələnlər gənc əsgərlərdi.
İlkin haqqında onu deyim ki, o çox təmiz oğlandı. Həm daxili dünyasında, həm xarici görkəmində, geyim-kecimində səliqə, təmizlik. Onun şəhidliyi qoçaqlığından, qorxmazlığından oldu. Həm döyüşüb, həm özünü qorusaydı... Bu insanın xarakterində qorxu deyilən şey yox idi.
Ziyafət Novruzov:
Ən balacaları mən idim. İlkinlə Mir postunda tanış olduq. O məndən bir-iki yaş böyükdü. Hərdən oturub söhbət eləyəndə də fikri ancaq düşməndə idi. Deyirdi ki, mən sadəcə düşmən tərəfə güllə atmaqla kifayətlənmək istəmirəm. İstəyirəm ki, mən atdığım güllə boşa getməsin, gözlərimlə görüm ki, o, düşmənə dəydi və o yıxıldı. O zaman sakitləşə bilərəm. Şəhid olan zaman da gizlənib atmırdı. Qabağa çıxaraq düşməni hədəfə alıb, özünü unutmuşdu. Elə bu duruşda da snayper gülləsinə tuş gəldi. Bəlkə də arzusuna çatdı – düşməni məhv etdiyini gördü... Həmin gün onlar yuxarıdaydılar - dağın başında. Xəbər gəldi ki, İlkini vurdular! Yaralanıb, dağdan endirirlər, dedilər. Amma sonra məlum oldu ki, şəhid olub. Cəmi 23 yaşı vardı, amma sanki qat-qat artıq yaşda idi. Bizə elə ağıllı məsləhətlər verirdi, elə müdrik söhbətlər edirdi, döyüşən uşaqların elə qayğısına qalırdı, hər biri üçün elə narahat olurdu, bunun ürəkdən, səmimi olduğuna şübhə yerin də qalmırdı. Təəssüf ki, onunla yoldaşlığım çox qısamüddətli oldu. Belə bir oğulla dostluq bir ömür boyu davam edə bilərdi...
Mahir Rzayev:
Erməniləri Ucubiz dağından da qovub endirdik aşağı. Döyüşün qızğın yerində patronlarımız qurtarırdı. Dönüb İlkinə dedim ki, patron qurtarır, səndən cəldi yoxdur, qaç patron gətir. Söz ağzımdan çıxmamış patron dalınca qaçdı. QAZ-69 maşınını sürərək patronu götürüb geri dönməyi, dağa dırmanmağı çox çəkmədi. Orada çox güclü döyüş oldu. O gün yanımızda bizimlə bərabər döyüşən əsgərlər də vardı. Milli Ordunun əsgərlərindən, şərurlu döyüşçülərdən neçə-neçə yaralı əsgəri İlkin güllə altından çıxardı. Hər kəs orda bir amal uğrunda döyüşürdü, canını düşünən yox idi. Hər kəs qalibiyyət üçün bir şeylər etməyə çalışır, ürəklə döyüşə can atırdı. İlkin də onlardan biri idi. İgid oğlandı, hər kəsə yardım etməyə çalışırdı, qalib gəlməyə, düşməni məhv etməyə tələsirdi və bu yolda gücündən artığını etməyə çalışırdı, amma təəssüf ki, o döyüşdə şəhid oldu. Onun haqqında çox danışmaq olar. Bircə onu deyim ki, aslan ürəyilə, Vətən sevgisiylə, düşmənə nifrətlə güllə qabağına atılan igid oğullarımızdan biriydi İlkin...
Səbuhi İsmayılov:
Ucubiz dağının hündür zirvəsindəydi postumuz. Başqa vaxtlar oraya bir saata ancaq çıxmaq olurdu. Döyüş günü isə cəmi yarım saata hər kəs ordaydı. Döyüş həvəsi, intiqam, düşmənə sonsuz nifrət bizə güc vermişdi. Həm də döyüşə-döyüşə qalxmışdıq o dağa. İlkinin vurulması qəlbi intiqam hissiylə alışıb-yanan oğullarımızı bir az da qisasa səsləmişdi sanki. Bir saatlıq yolu yarım saata, həm də güllə yağışı altında necə çıxdığımıza sonralar təəccüb edirdik. Çünki bizi buna vadar edən qüvvə vardı – İlkin öləsi oğul deyildi!!!
Vilayət İsmayılov:
Şəhidlər Xiyabanında yatanların hər biri bizim üçün İlkin olub. Mən İlkin Seyidovla Sədərək döyüşündən çox əvvəl, 1987-ci ilin noyabr ayında Primorsk vilayətinin bir kəndində tanış olmuşam. Mən orada hərbi xidmətdə olarkən İlkin də məndən altı ay sonra oraya hərbi xidmətə çağırılıb. Bir elli, eyni torpağın yetirməsi kimi tanış olduq, yaxınlaşdıq. Dörd aydan sonra İlkinlə mən Primorskın ayrı bir kəndində yaxın hərbi hissələrə düşdük. Deyirlər, həyatda təsadüf deyilən şey yoxdur. Quranın bildirdiyinə görə, bir yarpağın budağından qopub düşməsi belə, Allah-Təalanın bilgisi və iradəsi daxilindədir. Kainatdakı möhtəşəm sənət, hikmət və nizam təsadüfü rədd edir. Dünyada hər bir şeyin idarə olunduğunu qəbul edən, təsadüfün də idarəolunan olduğunu qəbul etməlidir. Dünyanın istər öz oxu, istərsə də Günəş ətrafında sürətlə fırlanması, bu böyük sürətə baxmayaraq həyatın öz axarı ilə davam etməsi, gecə-gündüz, yaz-payız, yay-qış hadisələri kamil elmin və sonsuz qüdrətin ifadəsidir. Bütün bunların təsadüfən baş verməsi qeyri-mümkündür. Yəni kainatdakı möhtəşəm sənət, hikmət və nizam təsadüfü rədd edir. İstənilən təsadüf hesab etdiyimiz heç olub getmir, özündən sonra bir iz qoyur. İnsanın başına gələn bir hadisə onun həyatında müəyyən bir dəyişikliyə səbəb olur, gələcəyini dəyişir, fikirlərini dəyişir, ona həyat təcrübəsi qazandırır. Bu baxımdan İlkinlə görüşüm də təsadüf yox, Allahın istəyi ilə olan bir rastlaşma idi və onun kimi bir insanla tanış olmağım həyatıma vurulmuş bir naxışdı...
Biz hər həftə görüşərdik. İlkin komandirlərinin çox böyük hörmətini qazanan bir oğuldu. Tale elə gətirdi ki, bir də baxdıq, forma geyib bir sırada durmuşuq. Döyüşdük, amma müharibə hələ bitməyib, düşmən hələ at oynadır və biz də həm vətən qarşısında, həm də o şəhid ruhların qarşısında bitməmiş qisasımız üçün Ali Baş Komandanın əmrini gözləyirik. Vətən bir işıqdır, biz də ona aşiq olan pərvanələr. Hər an o işıq üçün pərvanə olmağa, özümüzü onun yolunda qurban verməyə hazırıq. Bu Şəhidlər Xiyabanında yatanlar hər biri ayrılıqda bir pərvanədir. Bugünkü gənclərə arzu edirəm ki, bu pərvanələri unutmasınlar və onlardan Azərbaycanımız üçün pərvanə olmağı öyrənsinlər. Azərbaycan gənclərindən təvəqqe edirəm ki, bu üçrəngli bayrağımız bir dəfə qalxıb, bir daha enməyəcəyinə əmin olsunlar. Son damla qanımıza qədər enməyə qoymayacağıq, çünki o bayraqda bizim şəhidlərimizin qanı var.
Uşaq yaşlarından başlamış, şəhid olduğu günlərə qədər müddətdə çəkilmiş az sayda şəkillərinə baxırıq şəhid İlkinin. Dostları arasında, məktəb illərində, qohum-əqraba ilə, idmanla məşğul olduğu anlarda və əsgərlik - müharibə illərində çəkilən şəkillər şəxsən tanımadığım, əslində indi hamının tanıdığı bu Vətən oğlunun qısa həyat yolunun anonsu oldu mənim üçün.
Cüssəli bədəni, qartal baxışları, məğrur çöhrəsi şəhid İlkin Seyidovun düşmən gözünə ox olduğunu açıq-aydın göstərir.
26 il keçir İlkinin şəhidlik tarixindən. Bu 26 ildə qırx il qocalıb ata-anası...
Belə oğul itirən ata-anaya da, canından çox sevdiyi Vətənə də "Başın sağ olsun!", deməkdən başqa söz tapmıram və ümid edirəm ki, İlkin də daxil olmaqla, bütün şəhidlərimizin qisası alınacaq, torpaqlarımız azad ediləcək və bu gün oğul itkisindən beli bükülən şəhid valideynləri o azadlıqda övladlarının payı olduğun üçün qürür duyacaqlar və o qələbə bugün ürəklərini yandırıb-yaxan bala yanğısının üzərinə su səpəcək, sərinlik gətirəcək...
Şəhidlər onsuz da Allahın rəhmətindədirlər.
Peyğəmbərə ən yaxın qonşu, ata-anasına şəfaətçidir şəhidlər.
Yurd sevgisi, torpaq təəssübü, yüksək vətəndaş fədakarlığı... budur vətənsevərlərin amacı, amalı. Böyük anlamı əhatə edən Vətən sevgisi şəxsi sevgiləri bir az kölgədə qoyur Vətənin dar günündə.
Əlimdə bir məktub var. Onu mənə İlkinin qardaşı verib. Bu, İlkindən qalan, onu təqdim edən, əlinin izi, nəfəsinin ətri, gözünün nuru hopmuş və illərin saraltdığı vərəqlərdi. O vərəqlərə toxunduqca mənə elə gəlir ki, İlkin qarşımda dayanıb. Sanki özü öz məktubunu oxuyur mənə.
Əsgər məktubu
Əsgər məktubları alıram hərdən, Məhəbbət, cəsarət, dəyanət dolu. Neçə tərifçinin təriflərindən Bir əsgər məktubu gərəkli olur. Əsgər nə istəyir? – Bir təzə nəğmə. Nəğməsiz darıxır əsgər tüfəngi. Bir əsgər qəlbində qopan zümzümə Bir Vətən daşını isidəcəkdir. Bir əsgər yazır ki, “sərhədçiyəm mən. Əlimdə tüfəngdir, dilimdə şeir. İnamla, qeyrətlə qorunur Vətən. Bunlarsız silahlar lal-kardır”, – deyir. Bir nəğmə əsgərin dodaqlarında, Sərhəd küləyinə həmsöhbət olar. Bir nəğmə əsgərin barmaqlarında Tətiyə söykənən cəsarət olar. Əsgər məktubunda torpaq göyərir, Meşələr uzanır ufüqlərəcən.
Məmməd Araz
Sovet dönəmində əsgərlikdən yazıb. Serjantdı, bölük komandiri idi. Sovet Rusiyasında qeyri-millətlərə pərdəarxası qısqanc münasibət olduğu bir zamanda necə nüfuz qazanmalı, qoçaq, cəsarətli olmalıydın ki, bu qədər əsgərin nəzarəti sənə tapşırılsın. İlkin 1988-ci ildən başlayaraq ermənilərin gizli fəaliyyətinin aşkara çıxdığını və bu işdə onlara yardım edən havadarlarını görürdü və bu səbəbdən də içində baş qaldıran nifrət rəhbərliyi altındakı qeyri-millətlərdən olanlara münasibətinə təsir edirdi. İçində humanistlik yaşayan İlkin eşitdiklərindən sonra əzəli düşmənimiz olan ermənilərə münasibətdə sabitliyini saxlaya bilmir, onları əməllərinə görə tez-tez cəzalandırırdı. Bu fikirləri birbaşa və yaxud da dolayısıyla yazdığı məkbubla qardaşına çatdırırdı. Məktublarda Vətəndə baş verən hadisələrdən narahatlıqla yanaşı bir övlad diqqəti, sayqısı da aşkar görünürdü. Məlum olurdu ki, doğulduğu ocaqdan min kilometrlərlə uzaqda olmasına baxmayaraq, o yenə ata-anasını, doğmalarını düşünürdü. Ona görə də bu sətirlər diqqətimi çəkdi: “Qardaş, Ağam necədi? Anam nə edir, evdə salamatçılıqdımı?”
Ötən əsrin 90-cı illərini xatırlayanda sanki tarix yenidən gözümüzün önündə canlanır. Azərbaycanın düşmənlə sərhəd bölgələrindəki gerçək vəziyyətlər bir-birinə o qədər oxşardı ki, buradakı insanların qəhrəmanlıqları sanki bütöv, yetkin bir obrazdır. Çünki hamı torpağını, yurdunu, əzizlərinin uyuduğu məzarlıqları sevir və onun üçün silaha sarılır. Bu mənada, istər Naxçıvanda, istər Kəlbəcərdə, istər Laçında, istər Füzulidə, Qazaxda, Tovuzda... hər yerdə hər kəs ayrı-ayrılıqda əsgər idi. hər kəs ayrı-ayrılıqda elinin sipəri idi. Təəssüf ki, vahid mərkəzdən idarə edilmənin olmaması ordunun gücünü azaldır, onun ayrı-ayrı adamların maraqlarının təsiri altına salırdı. Ona görə də şəhidlərimiz də artırdı,işğal olunan ərazilərimizin ölçüsü də. Həmin tarix xatırlandıqca bizi üzsə də, etiraf etməliyik ki, biz bunları yaşamışıq...
Bu bahar kəndə getdim, yağı düşmənin içində uşaqlıq, gənclik xatirələrimi tapdaladığı kəndimə. Uşaqlıq xatirələrimi andıracaq kiçicik bir detal axtardım, tapa bilmədim. Yolum bağlıydı uşaqlığıma, gəncliyimə. Düşmən o yolu təkcə silahla deyil, həm də tikan-qanqalla xatirələrimin izlərini itirməklə bağlamışdı. Kəndimizə gedən yoldan başqa heç nə əvvəlki kimi deyil. Düzdü, o zamanlar torpaq yoldu, indi asfaltdı, amma yeni yolu o yolun üstü ilə çəkdiklərindən ayaqlarım o yolu tanıdı. Bərpadan sonra evimizin yerində tikilən ev də ata evimi xatırlatmır. Həyətdəki güllərin, ağacların, tikililərin heç biri əvvəlki deyil, bir ağacı belə saxlamamışlar qansızlar. Bir ağacı belə! Heç olmasa o ağacın altında oturub ötən günlərə dönə bilərdim bəlkə.
Həyətdə oturub, ötən günləri gözlərimi yummaqla xəyalıma gətirirəm. Arada uzaqdan eşidilən atəş səsləri xəyalımın qırılmasına səbəb olsa da, yenə o günlərə geri dönürəm. Nə yaxşı ki, xatirələr var! Doğrudur, ağrıdıcıdı, üzüntülüdü, qubarlıdı. Ən gözəl anı belə xatırlayanda qüssə burulğanına düşür insan – bilmir sevinsin, yoxsa kədərlənsin. Bir dərdli müdrikin sözlərini tez-tez xatırlayıram: Əgər dərdin tüstüsü olsaydı bütün dünyanı tüstü bürüyərdi. Mənim o həyətin ortasında oturub dağılmış, viran olmuş, sonra yenidən abadlaşmış yurdumun dərdini çəkməm mənasız görünə bilər, o ağrını hiss etmək üçün o yaşantılar içinizdən keçməlidir. Kimin yurd yeri dərdi, göynərtisi, torpaq, el-oba itkisi varsa, o anlayar məni. Bu itki elə bala itkisi qədər acıdı. Amma o yurdun düşmən əlindən keçib yenidən sənə qaytarılması, mənə görə, sanki tilsimi qırılmış, möcüzəsi faş edilmiş illüziyaçının varlığı kimidir – kimsəyə maraqlı deyil. Çünki həmin tilsim mənim uşaqlığımı, gəncliyimi keçirdiyim o yerlərdə idi - mənim gözümün-könlümün sevdiyi, alışdığı, ürəyimə, beynimə həkk olunmuş hər bir guşəsi bir sevgi, bir yaşam mənbəyi idi.
İran İslam Respublikası ilə sərhəd olan zonaya üz tuturam. Bəlkə bir xatirənin izini taparam deyə. Həyətin aşağısına enirəm – Araz çayının bir qolu olan Qarasu adlanan çaya tərəf. Uşaqlıq çağlarıma gedən yolu, cığırı tikan, qanqal basıb. “Gözüyumulu taparam” dediyim yolu, ha baxıram, ayırd edə bilmirəm (Mina təhlükəsi xəbərdarlığı da var!). Kəndin aşağısında sonradan salınmış cığır məni Cocuq Mərcanlı kəndinə tərəf aparır. Cığır məsciddə bitir. Bu kənddə heç vaxt məscid olmayıb. Ürəyə huzur verən azan səsindən sonra kənd camaatının oraya axışacağını zənn etsəm də, mənlə gedənlərdən başqa heç kimsə gəlmədi. Mən bəzilərinin fəxrlə dedikləri: “Şuşadakı Gövhər Ağa məscidinin eynisini Cocuq Mərcanlıda tikdik” fikrini anlamaqda çətinlik çəkirəm. Yaxud, Ağdamdakı məşhur Çay Evinin... Sizə də elə gəlmirmi? O torpaqları geri almadan onun kopyalarını çıxarıb dar çərçivəyə sığışdırmaqda nə məna görürsünüz? O müqəddəs torpaqlardakı yer adlarını restoranlara, şadlıq evlərinə, marketlərə verməklə işbazlar vətənpərvər olduqlarını nümayiş etdiklərini zənn edirlər. Amma şəxsən məndə ikrah hissi oyadır və məncə bu adların qoyulmasını qadağan etmək lazımdı. Bir neçə ildən sonra indi o torpaqlardan uzaq düşmüş uşaqlarımızdan, gənclərimizdən Qarabağ, Şuşa, Laçın, Kəlbəcər... soruşanda şadlıq evi, restoran, gecə klubu, market ünvanı göstərəcəklər. O zaman onları başa sala bilməyəcəyik ki, Qarabağ kafe deyildi... Bu torpaqlar da Zəngəzur, Dərələyəz, Borçalı, Dəmir Qapı Dərbənd, Basarkeçər, Zəngibasar, Təbriz... kimi unudulmasın deyə özünü Vətənə qurban deyən oğullar düşmənə “Dur!” deməlidir.
Mən bu fikirləri şəhid İlkinin xatirəsi ilə bağlı işlədiyim kitaba ona görə əlavə edirəm ki, səfər etdiyim Naxçıvanda işğal olunmuş yerlərimizin adı ilə bağlı kafelər, restoranlar, şadlıq evləri görmədim. Bunun özü əslində çox böyük bir nümunədir və mənim düşüncəmə görə, həmin işğal altında olan yerlərimiz əsirdilər, girovdular, onların azad olmasını düşünmək, onun uğrunda mübarizə aparmaq lazımdır, nəinki onları unutduran “adqoymalar”, “ad yaşatmalar”...
Amma hələ ki, sənin qisasını ala bilməmişik, Vətən! sənin bütövlüyünü bərpa edə bilməmişik. Buna böyük dünyanın ikili standartları və “arxalı köpəkləri” imkan vermir. Lakin biz də öz günahlarımızı artıq anlayırıq. Bilirik ki, Şah babamız Xətai nəsihətini, vəsiyyətini bugün üçün etmişdi: “Ey türk oğlu, dilinin bir kəlməsini dünyanın ləl-cəvahiratına, bir ovuc torpağını dünyanın var-dövlətinə dəyişmə! Onu qoru və gələcək nəsillərə çatdır”.
Hələ ki, nəsihətinə əməl edə bilməmişik, Şah babam! Qoruya bilmirik. Düşmən xaindir, sinsidir, başqalarının kölgəsində at oynadır. Erməni mərmisilə dağıdılan təkcə quru torpaq deyil, dildir, dindir, adət-ənənədir, soy-kökdür və düşmənin də çalışdığı bunlara nail olmaqdır. Lakin əmin ol ki, biz artıq özümüzə dönmüşük, biz 1994-cü ilin Horadiz döyüşlərində, 2016-cı ilin Lələtəpə savaşında, 2018-ci ilin Naxçıvan - Cünnüt əməliyyatında düşmənə kimliyimizi göstərdik. Biz artıq Böyük Qələbənin yolundayıq. Bizi heç kim və heç nə durdura bilməyəcək. Bayrağımız işğal olunmuş torpaqlarımızda dalğalanacaq. O zaman şəhid ruhları çiyin-çiyinə öndə dayanıb bayrağımızı əsgər salamıyla salamlayacaqlar!
Əmin Abidin təbirincə desək:
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"
Fəridə RƏHİMLİ