Amansız ölüm Cavid Tanrıverdi oğlu Şahbazovu tez apardı. Onun nə yaşı vardı, cəmi-cümlətanı 18 qış-bahar görmüşdü. Anamız Azərbaycanın qeyrət sahibi olan gənci ölümün gözünə dik baxa-baxa onun uğrunda canını fəda etdi. Necə deyərlər, Vətən üçün doğulmuşdu, çətin məqamda vətən ona oğul deyib bağrına basdı...
Aslan ürəkli, Fərhad biləkli Cavid Şahbazov 1984-cü ildə Lerik rayonu, Bülüdül kəndində dünyaya gəlmişdi. Vətən, torpaq sevgisi ilə ərsəyə çatan Cavid əsgəri xidmətə yola düşür. Goranboy rayonu, Gülüstan kəndində döyüş formasını geyib sinəsini yanar oda döndərən oğlanların cərgəsinə qoşulur.
İlk gündən Cavid vətən naminə erməni dığalarına qarşı yorulmaq bilmədən ölüm-dirim mübarizəsi aparır. Əsgər yoldaşları ilə düşmənin törətmək istədiyi istənilən təxribatın qarşısını alırlar. Həm də güllə yağışı altından yaralı silahdaşlarını odun-alovun içindən çıxarmaqda əsl hünər göstərir. Bütün bunlara görə xidmət etdiyi hərbi hissədə onun adını həmişə əziz tuturlar.
Cavid artıq bir ilə yaxın idi ki, döyüşlərdə hamıdan öndə gedir, son ana qədər mərdliklə vuruşur, düşmənə arxa çevirmirdi. Neçə-neçə döyüşdən alnıaçıq çıxan, erməni dığalarına qan udduran Azərbaycanın qəhrəman oğlu isti avqust günlərinin birində düşmənin xain pusqusuna düşdü və mina partlayışı nəticəsində şirin canını vətən yolunda qurban verdi. Bu, Cavidin Vətən sevdasının sübutu idi. Beləcə o, həm də Odlar ölkəsində sönməyən bir ulduz olaraq, bizə vətən üçün necə yaşamağın yolunu göstərdi...
Zəfər ORUCOĞLU