Adil Qeybulla: “Problemin həlli ilə bağlı tədqiqat qruplarının yaradılmasına ehtiyac var”
"Azərbaycan alimləri beynəlxalq qrantlardan tam istifadə edə bilmirlər". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında “Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və innovativ perspektivləri” məruzəsi ilə çıxış edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, bu gün elmi tədqiqatların yüksək səviyyədə aparılması üçün resurslar, maliyyə tutumlu tibbi avadanlıqlar olsa da, onlardan tam istifadə edilmir: "Bu gün elm sahəsində multidissiplinar tədqiqatlar aparılmalıdır. Konkret problemlərin həllinə yönəlmiş multidissiplinar tədqiqat qrupları yaradılmalıdır".
Azərbaycan alimlərinin beynəlxalq qrantlardan tam istifadə edə bilməməsinin səbəbini öyrənmək üçün professor, tibbi ekspert Adil Qeybullaya müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yerli alimlərin beynəlxalq qrantlardan istifadə edə bilməməsinin bir səbəbi təcrübə məsələsinin az olması ilə bağlıdır: “Nəzərə almaq lazımdır ki, uzun zamandır həkimlərin beynəlxalq qrantlardan istifadə məsələsi, demək olar ki, olmayıb. Bununla bağlı proqram lazımdır. Bu işdə ümumi həkimlik təcrübəsi ilə yanaşı, tibbi təhsildə də beynəlxalq qrantlardan istifadə olduqca vacibdir. Çünki dünyanın istənilən ölkəsində səhiyyə xərclərinin bir hissəsini də məhz qrant layihələri təşkil edir. Təəssüf ki, Azərbaycan həkimlərinin bu sahə ilə bağlı təcrübəsi azdır. Bu işi stimullaşdırmaq lazımdır. Həkimlərin beynəlxalq qrantlardan istifadə edə bilməsinə müəyyən dəstək göstərilməlidir. Həmçinin, həkimlərə məlum işlə bağlı konsultativ yardım göstərilməlidir”.
Həmsöhbətimizin sözlərinə görə, elmi tədqiqatların yüksək səviyyədə aparılması üçün avadanlıqların olmasına baxmayaraq, bunlardan istifadə olunmaması təəssüf doğurur: “Zənnimcə, bu problemin həll olunması üçün gənc kadrlar beynəlxalq seminarlara qatılmalıdırlar. Problemin həlli ilə bağlı tədqiqat qruplarının yaradılmasına ehtiyac var”.
Günel CƏLİLOVA