DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, yollarda təhlükəsizliyin təmini məqsədilə növbəti belə tədbir rayonun Veravul kənd tam orta məktəbində baş tutub.
Çıxış edən Lənkəran ŞRPŞ-nin dövlət yol polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis kapitanı Emil Vəliyev bildirib ki, belə görüşlərin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsidir. Həmçinin diqqətə çatdırılıb ki, Dövlət Yol Polisi tərəfindən görülmüş profilaktik tədbirlər nəticəsində qəzalarda ölən və yaralananların sayında azalma müşahidə olunur. Şagirdlərə yol hərəkəti qaydalarına əməl etmək və piyada keçidlərindən düzgün istifadə etmək barədə tövsiyələr verilib. Bu mövzuda hazırlanmış videoçarxlar nümayiş etdirilərək hər biri ətraflı izah edilib. Xüsusən valideynlər tərəfindən azyaşlılara avtomobillərin etibar edilməsinin yolverilməz olduğu bildirilib.
Tədbirdə ŞRPŞ-nin YYÇPİTQ-nun inspektoru, polis baş leytenantı Orxan Şahmarov tərəfindən narkomaniya və erkən nikah hallarına qarşı mübarizə ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Şagirdlərin sualları cavablandırılıb.
Məhəmməd RZAYEV polis leytenantı