Seyid Camal Əzimbəyli: “Dini kurslar ölkənin dini mühitinə yeni nəfəs gətirəcək”
“Azərbaycanda dini kurslar açılacaq”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov media nümayəndələrinə açıqlamasında deyib.
O qeyd edib ki, İlahiyyat İnstitutunun yaradılması çox məsələlərə aydınlıq gətirəcək: “Orta məktəblərdə tədris olunan “Həyat bilgisi” fənnində din, dinlərin tarixi barədə müəyyən məlumat verilir. Çalışırıq ki, məlumatları artıraq. İlahiyyat İnstitutunun nəzdində müəyyən kurslar, dərnəklər nəzərdə tutulur ki, kimsə bilgi almaq istəyərsə, orada iştirak edə bilsin”.
S.Heydərov bildirib ki, qanunsuz dini kitabların yayılmasının qarşısının alınması prioritet məsələdir. Onun sözlərinə görə, ölkəyə daxil olan bütün dini vəsaitlər ekspertizadan keçir.
Ölkədə dini kursların açılması barədə fikir bildirən tanınmış şərqşünas Seyid Camal Əzimbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda ayrıca İlahiyyat İnstitutunun yaradılması haqqında dövlət başçısının verdiyi sərəncam hər bir vətəninə, dövlətinə, bayrağına xidmət edən, xüsusi olaraq inanclı insanlar tərəfindən sevinc müjdəsi kimi qəbul olunub. Bu xəbəri hər kəs alqışla qarşılayır.
Dini kursların açılmasına gəlincə, S.C.Əzimbəyli bildirdi ki, bu olduqca zəruridir. Həmin kurslar Azərbaycanın milli və dövlət maraqlarına xidmət göstərəcək: “Eyni zamanda, hesab edirəm ki, bu kurslar ölkənin dini mühitinə yeni nəfəs gətirəcək”.
Həmsöhbətimizin fikrincə, Azərbaycanın özündə belə bir qurumun yaradılması və onun nəzdində dini kursların açılması şəbəkələşmiş yad təsirlərin qarşısını alacaq. Həmçinin, radikal düşüncəyə mənsub şəxslərin “bazar”ının bağlanmasına səbəb olacaq: “Bu baxımdan düşünürəm ki, dini kusrların açılması Azərbaycanın milli və dövlət maraqlarına ən böyük xidmət olacaq. Çoxlu sayda dini yazar bu kurslar sayəsində püxtələşəcək. Bu səbəbdən də yad düşüncələrdən mühafizə olunmaq üçün dini kursların açılması zəruridir. Aidiyyəti qurumlar tərəfindən belə bir kursların açılmasına icazə verilməsi həmin dərnəklərə etibarın yüksək olmasına səbəb olacaq”.
Günel CƏLİLOVA