Bir-neçə ildir ki, uca dağların qoynuna sığınan, hər obası sevgi büsatlı olan Lerik şəhər statusu alıb. Burada aparılan quruculuq işləri şəhərin simasını xeyli dərəcədə dəyişdirib. Yeni müasir üslublu tikililərin, geniş, yaraşıqlı küçələrin, park və meydanların hesabına hüdudları genişlənib. Qaldı ki, şəhərdə işıqforların qoyulması, müəyyən müddət keçməsinə baxmayaraq, hələlik heç kimin yadına düşmür.
Şəhərin ən azı 4-5 yerində bu işin təşkilinə hazırda ciddi ehtiyac duyulur. Belə ki, onun küçələrində insan, maşın axımı çox olur. Belə bir vəziyyətdə işıqforun qoyulması böyük əhəmiyyət daşıyar. Yəni işıqforlar lazım olan yerlərdə nə qədər tez qoyulsa, həm piyada, həm də sürücülər üçün yaxşı olar. Ən əsası, yollarda hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilər.
Bəli, şəhərdə işıqforun olmadığı bir qədər inandırıcı görünmür. Lerik şəhərdirsə, deməli küçələrində işıqforu olmalıdır. Hamının bildiyi həqiqəti Lerik şəhərində bu işə məsul olan şəxslərin də bilməsini istədik...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü