Prezident İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"na və Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşən "Talassemiyasız həyat naminə" proqram layihəsinə uyğun olaraq qanvermə aksiyaları keçirilir. "Qan ver, yaşat!" devizi altında həyata keçirilən bu nəcib və humanist aksiyada daxili işlər orqanlarının əməkdaşları da həmişə fəal iştirak edir.
Növbəti belə tədbir Səhiyyə Nazirliyinin B.Eyvazov adına Respublika Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşkilatçılığı və dəstəyi ilə dünən DİN Baş Mühafizə İdarəsinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsində baş tutub. Xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun qan qrupu müəyyən olunduqdan, onların səhhətində hər hansı bir problemin olub-olmaması yoxlandıqdan sonra qanvermə aksiyasına start verildi.
Talassemiyadan və hemofiliyadan əziyyət çəkən körpələrin, fidan balaların həyatını qorumaq üçün polis əməkdaşları qanvermə aksiyasında hamılıqla iştirak etdilər.
İdarənin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis mayoru Rəşid Nəcəfov bildirdi ki, hər il olduğu kimi bu il də idarənin əməkdaşları aksiyada fəal şəkildə iştirak edərək qana ehtiyacı olanların köməyinə çatıblar.
Hafiz TƏMİROV DİN Mətbuat Xidmətinin əməkdaşı