Bahadur Bilalov: “Ümid edirəm ki, yaxın zamanlarda ərəb turistləri kimi, ölkəmizdə kütləvi surətdə Çin turistlərini də görəcəyik”
Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Bu sahənin Azərbaycanda inkişafı üçün hökumət tərəfindən mühum addımlar atıldı. Hazırda ölkəmiz dünyada turizm ölkəsi kimi tanınır.
Son illər ölkəmizə gələn turistlərin sayının artması Azərbaycanda turizmin inkişaf etməsini göstərir. Ölkəmizə əksər xarici ölkələrdən turistlər gəlir. Əsasən Rusiya, Türkiyə, İran, Gürcüstan, Birləşmiş Ərəb Əmirliyi, Ukrayna və digər ölkələrin vətəndaşları istirahət üçün Azərbaycanı seçirlər.
Məlumatlara görə, Azərbaycana Çin Xalq Respublikasının vətəndaşları da turist kimi səfər edəcəklər. Bir neçə gün öncə keçirilən Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Çindən Azərbaycana turistlərin cəlb edilməsi üçün yaxın vaxtlarda memorandum imzalanacaq. O bildirib ki, Çinlə Azərbaycan arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Çin şirkətlərinin Azərbaycana 700 milyon dollarlıq sərmayə yatırdığını deyən nazir ötən həftə bu ölkəyə etdikləri səfərin əməkdaşlığın inkişafına təkan verəcəyini qeyd edib. Nazir deyib ki, hər il Çindən 120 milyon turist bir çox ölkələrə səfər edir. Azərbaycan Çindən qrup şəklində turistlərin cəlb edilməsi üçün memorandum imzalayacaq. Bu, ölkəmizin turizm sahəsinə müsbət təsir göstərəcək.
Məsələ ilə bağlı fikir bildirən turizm sahəsi üzrə ekspert Bahadur Bilalov bizimlə söhbətində qeyd etdi ki, turizm sektorunun inkişafında Çin əhalisi önəmli rol oynayır: “Nəzərə almaq lazımdır ki, dünyada ən çox əhalisi olan ölkə Çin Xalq Respublikasıdır. Turizm bazarında Çinin xüsusi yeri var. Əhalinin sayı çox olduğu üçün, bu bazar vacib hesab olunur”.
Həmsöhbətimiz onu da bildirdi ki, 1990-cı ildən etibarən Çin hökumətinin yeritdiyi siyasət nəticəsində qeyd olunan ölkədə sahibkarlığın inkişafı tendensiyası yaşandı. Nəticədə Çin əhalisi güclü surətdə varlanmağa başladı. Əhalinin böyük hissəsinin iqtisadi durumu müsbətə doğru dəyişdi. Bu səbəbdən də hesab edirəm ki, Azərbaycan üçün Çin çox böyük bir turizm bazarı hesab oluna bilər. Aidiyyəti qurumlar Çin Xalq Respublikası ilə turizm sahəsində əməkdaşlığa dair müqavilə imzalayırlarsa, bu alqışlanmalı məsələdir. Ümid edirəm ki, yaxın zamanlarda ərəb turistləri kimi, ölkəmizdə kütləvi surətdə Çin turistlərini də görəcəyik”.
Günel CƏLİLOVA