Fatimə Hacıbəyli: “Bölgələrdə və ya paytaxt Bakı ərazisində uşaq bağçalarının inşası ölkənin sosial-iqtisadi həyatına müsbət təsir edir”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, son illər ölkədə məktəbəqədər təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılıb, müxtəlif şəhər və rayonlarda məktəbəqədər təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülüb.
Sərəncamda o da bildirilir ki, əhalisi 306 mindən çox olan 15 şəhər və rayonda ümumilikdə 1230 yerlik 15 uşaq bağçasının tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli, 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.43.7-ci yarımbəndində göstərilmiş məbləğin 19 577 000 (on doqquz milyon beş yüz yetmiş yeddi min) manatı Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə ayrılsın.
Qeyd edək ki, bağçaların hansı bölgələrdə tikiləcəyi də müəyyənləşib. Bölgələrdə uşaq bağçalarının inşa olunması, dövlət tərəfindən müəyyən məbləğdə vəsaitin ayrılması həm regionların sosial-iqtisadi inkişafına, həm də uşaqların səliqəli məktəbəqədər təhsil müəssisələrində təhsil almasına səbəb olacaq.
“Vəfa” Sosial-İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli bizimlə söhbətində qeyd etdi ki, regionlarda 15 uşaq bağçasının yaradılması müsbət qərardır: “Artıq hansı rayonlarda uşaq bağçalarının tikiləcəyi məlum olub. Yevlax, Tərtər, Bərdə, Gədəbəy, Zərdab, Ağdaş, Qəbələ, Saatlı, Tovuz, Cəlilabad, Astara və digər rayonlarda 100-120 yerlik uşaq bağçasının tikintisi üçün vəsait ayrılıb. Bu qərar sayəsində bölgələrdə yaşayan uşaqlar günlərini telefonla oyun oynamaqla deyil, daha intellektual şəkildə nəsə öyrənməklə keçirəcəklər”.
Həmsöhbətimizin sözlərinə görə, təmirə ehtiyacı olan bütün bağçalarda mütəmadi olaraq təmir işləri aparılır: “Artan tələbatı ödəmək üçün yeni bağçaların inşası sevindiricidir. Bəzi hallarda təmirin əvəzinə yeni bağçanın inşası daha səmərəlidir. Bəllidir ki, Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə çoxlu sayda uşaq bağçası inşa edilib”.
F.Hacıbəylinin fikrincə, bölgələrdə və ya paytaxt Bakı ərazisində uşaq bağçalarının inşası ölkənin sosial-iqtisadi həyatına müsbət təsir edir.
Günel CƏLİLOVA