Fədakar polis əməkdaşlarının cəsurluğu, ekstremal vəziyyətdə hadisələrə operativ reaksiyası, düzgün qərarlar verməsi bəzən bir yox, bir neçə ailənin, bir neçə talenin fəlakətdən, faciədən xilası deməkdir.
Bu günlərdə Xəzər Rayon Polis İdarəsinə «Mərdəkan körpüsü» deyilən yerdə bir nəfərin intihara cəhd göstərməsi barədə məlumat daxil olub. Dərhal idarədən yaxınlıqda xidmət aparan polis əməkdaşlarına məlumat ötürülüb. Post-Patrul Xidməti bölüyünün əməkdaşları-polis serjantları Elvin Ramazanov və Məhəbbət Gözəlov məlumatı eşidən kimi tez özlərini hadisə yerinə çatdırıblar.
Təxminən 20-21 yaşlı gənc qadın körpünün dəmir barmaqlıqlarını da keçərək özünü aşağı atacağını deyirmiş. Bu vəziyyətdə gecikmək olmazdı. Hər keçən an acı sonluqla nəticələnə bilərdi.
M.Gözəlov yavaş-yavaş ona yaxınlaşıb, söhbətlə onu fikirindən yayındırmağa çalışıb. E.Ramazanov isə arxadan səssiz-səmirsiz, hündürlükdən çəkinmədən istinad barmaqlıqlarını keçərək qəfildən qızı tutub və bir göz qırpımında xanımı ölümün pəncəsindən alıblar.
Yeri gəldi-gəlmədi ölkəmizin uğurlarını, regionda lider mövqeyini, yaranmış sabitliyi gözü götürməyən adamlar polis haqqında mənfi rəy deməyə çalışırlar. Amma bu adi faktın özü belə göstərir ki, indi polis həmişə öz xilaskarlıq mövqeyinə sadiqdir, daima vətəndaşların yanındadır, onlara təhlükədən daha yaxındır. Öz fəaliyyəti ilə psixoloqdur, inandırmağı, cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən insanlarla düzgün, səmimi münasibət, ünsiyyət qurmağı bacarır.
Çingiz ŞIXVERDİYEV DİN Mətbuat xidmətinin əməkdaşı