Bakı Ali Neft Məktəbinin (BANM) iki tələbəsi Heriot-Vatt Universiteti tərəfindən “İlin tələbəsi” fəxri adına layiq görülüb.
BANM-dan “Trend”-ə verilən məlumata görə, iki tələbə - “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Nərmin Abdullazadə və “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 5-ci kurs tələbəsi Rəşad Nəzərəliyev Böyük Britaniyanın Heriot-Vatt Universiteti tərəfindən “İlin tələbəsi” fəxri adına layiq görülüblər. Heriot-Vatt Universiteti tərəfindən hazırlanan sertifikatlar BANM-ın rektoru Elmar Qasımov tərəfindən ilin tələbələrinə təqdim edilib.
2012-ci ildən neft-qaz sektoru üzrə kadr hazırlığında dünyanın aparıcı universitetlərindən olan Heriot-Vattla əməkdaşlıq edən BANM-da təhsil həmin universitetin tədris proqramları əsasında həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində Ali Məktəbin “Kimya mühəndisliyi” və “Neft-qaz mühəndisliyi” ixtisasları üzrə imtahanlar Heriot-Vattın məsul mütəxəssisləri tərəfindən götürülüb. Nəticədə, Heriot-Vatt Universiteti bütün filiallarında və partnyor universitetlərində, bütün il ərzində öz akademik göstəricilərinə görə ən yüksək nəticə əldə edən tələbələri arasında BANM-dan iki tələbəni seçərək mükafatlandırıb.