Adil Qeybulla: “Əsəb, gərgin psixoloji durum insanların qan təzyiqindən əziyyət çəkməsinə səbəb olur”
Son illər Azərbaycanda bir çox xəstəliklərlə yanaşı, ürək-damar sistemi xəstəlikləri də cavanlaşıb. Aparılan araşdırmalara görə, dünya əhalisinin 30%-i hipertoniya (qan təzyiqi) xəstəliyindən əziyyət çəkir. Xəstəlik uzun müddət davam edərsə, insanın daxili orqanlarını sıradan çıxarır, onun əhval-ruhiyyəsinə ciddi təsir edir.
Qan təzyiqi xəstəliyinin cavanlaşmasının səbəblərini öyrənmək məqsədilə professor, həkim-ekspert Adil Qeybullaya müraciət etdik. O bizimlə söhbətində qeyd etdi ki, 20-30 il əvvəl qan təzyiqinin yüksəlməsinə daha çox 55-65 yaşlı insanlarda təsadüf olunardı: “Bunun əsas səbəbi həmin yaş dövründə qadınlarda menopauza prosesinin baş verməsi ilə izah olunur. Əvvəllər bu xəstəlik yalnız 3-5 faiz hallarda yeniyetmələrdə müşahidə olunardı. Həmin yeniyetmələrin də bir hissəsinin qan təzyiqi sonradan normallaşardı. Qadınlarda aybaşı dövrü normal olduqda problem olmur. Amma aybaşı tsikli pozulandan sonra qadınlarda piylənməyə meyllilik yaranır, qan təzyiqi yüksəlir. Əvvəllər bu proses qadınlarda 50-55 yaşa yaxın olardı, indi isə bu da cavanlaşıb. Bu problem qadınlarda artıq 45 yaşdan sonra yaranır”.
Həmsöhbətimiz qan təzyiqinin cavanlaşmasının insanların sağlam həyat tərzi sürməməsi ilə bağlı olduğunu düşünür: “İnsanların sosial problemləri, işsizlik, əməkhaqqı ilə bazar qiymətləri arasında mütənasibliyin olmaması, avtomobil yollarında yaranan tıxaclar, təmiz havada çox ola bilməmək və istirahət etmək imkanlarının məhdud olması insanların sinir sistemini gərginləşdirir. Bu gərginliyin yaranmasında televiziyaların da mənfi rolu var. Onlar gün ərzində baş vermiş cinayətlər haqqında məlumatlar yaymaqla insanlarda mənfi emosiya yaradırlar”.
A.Qeybullanın sözlərinə görə, yaşı 30-dan yuxarı olan şəxslərdə daha çox yüksək qan təzyiqinə rast gəlinir: “İş rejiminin ağır olması, digər faktorlarla yanaşı, təzyiq xəstəliyinin sürətlə artmasına, cavanlaşmasına səbəb olur. Bu səbəbdəndir ki, inkişaf etmiş ölkələrdə ölümün səbəbinə görə ürək-damar xəstəlikləri birinci yerdə durur. İnkişaf etməkdə olan və digər ölkələrdə isə ölümün səbəbləri arasında infeksion xəstəliklər ilk sıradadır”.
Ekspert onu da vurğuladı ki, qan təzyiqinin artması səbəblərindən biri də artıq çəkidir: “Bundan başqa, qidamızda şirniyyatlar, şokoladlardan çox istifadə etmək olmaz. Əsəb, stress, gərgin psixoloji durum insanların qan təzyiqindən əziyyət çəkməsinə səbəb olur”.
Günel CƏLİLOVA