“Sonunu düşünən qəhrəman olmaz” deyimini, əslində, dünən olduğu kimi, bu gün də başqasının həyatını qorumaq üçün özünü təhlükəyə atan, öz ömrü ilə ömürlərin xilaskarına çevrilən Azərbaycan Polisinə şamil etmək olar.
O heç vaxt seçim etməyib, təhlükə yaxında və ya uzaqda olsa belə gözünü qırpmadan ona doğru gedib. Bir namərdin gülləsinin də, bıçağının da hədəfi olub, amma sınmayıb, əyilməyib.
Hər anı belə sınaqlarla dolu olan polis həyatı kimlərəsə uzaqdan rəngbərəng, allı-güllü görünə bilər. Hətta bəziləri var ki, “Polisə nə var e, belinin üstündə tapança, ürəyi istədiyini edir”, - deyib, bu yaradılan əminamanlığı, sabitliyi görməzdən gəlir. Görülən işə qiymət vermək isə hər kişinin yox, ər kişilərin işidir…
Elə bu günlərdə, daha dəqiq desək, fevralın 2-də saat 10:30 radələrində Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsindəki 47 nömrəli binanın 14-cü mərtəbəsində baş verən yanğın zamanı 20 nəfər bina sakini ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 1-ci Patrul bölüyünün əməkdaşları - taqım komandiri polis leytenantı Ağasəf Zərgərli, polis serjantları Fuad Əliyev, Şəhriyar Seyidov, Asəf Behbudov, Samir Əliyev və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təxliyə edilib. Həm də bu elə ilin əvvəlindən bəri şahidi olduğumuz nə ilk, nə də son faktdır…
T.Hafiz