DİN Baş Mühafizə İdarəsinin paytaxtımızda və yerlərdə apardığı xidmət, ən əsası, mühafizənin etibarlı təşkil edilməsi vətəndaşlarımızda da məmnunluq hissi oyadır. Təkcə mühafizə etməklə işini bitmiş hesab etməyən həmkarlıarımız cinayətkarlıqla mübarizədə də qətiyyət göstərir, sabitliyin keşiyində ayıq-sayıq dayanırlar.
Həyat əhəmiyyətli və strateji obyektlərlə yanaşı, vətəndaşlar tərəfindən mənzillərin də onlara etibar edilməsi, əslində illərin sınağından çıxanlara, bütün çətinliklərə sinə gərənlərə, günün-zamanın tələbi ilə ayaqlaşanlara inamın göstəricisidir.
Məhz bu inamı, bu etibarı qorumağın yollarını öyrətmək üçün bu dəfə BMİ-nin veteranları Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində ilkin hazırlıq kursu keçən gənc mühafizəçilərlə görüşə gəlmişdilər.
Veteranları səmimiyyətlə qəbul edən və baş idarə rəhbərliyinin bu nəcib və gərəkli təşəbbüsünü yüksək qiymətləndirən Məktəbin rəisi, polis polkovniki Mirzeynalabdin Seyidov belə görüşlərin mütəmadi keçiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırdı.
Tədbirdə çıxış edən BMİ-nin rəis müavini, polis polkovniki Daşqın Mehdiyev polis peşəsinin ilkin sirlərini öyrənən gənc polislər üçün hər cür şəraitin yaradıldığına diqqət çəkərək bildirdi ki, gənclər onlara verilən bu fürsəti dəyərləndirməli və gələcək xidmətlərində təhsil müəssisəsində öyrəndiklərini, bilik və bacarıqlarını inamla nümayiş etdirməlidirlər.
D.Mehdiyev Azərbaycan Polisinin ənənələrini yaşadan bu məktəbə veteranların təşrif buyurmasının da zamanın tələbi olduğunu dedi.
Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovniki Fuad Əliyev DİN Baş Mühafizə İdarəsinin bu təşəbbüsünü, bu ilki digər qurumların da davam etdirməsinin arzusunda olduğunu bildirdi. Məktəbdə əsas tələbin yaxşı oxumaq, nizam-intizam və verilən tapşırıqları vaxtında yerinə yetirmək olduğunu deyən F.Əliyev ilkin peşə vərdişlərini layiqincə mənimsəyənlərin gələcək xidmətlərində hər hansı bir çətinliklə üzləşməyəcəklərinə inamını ifadə etdi.
BMİ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis mayoru Samir Hüseynov mühafizə polisinin yaranması, keçdiyi çətin və tarixi yol barədə məruzə ilə çıxış etdi.
BMİ-nin Veteranlar Şurasının sədri, polis veteranı Faiq Şəfiyev polisin vətəndaş cəmiyyətinin quruculuğunda mühüm rol oynadığını dedi. Diqqətə çatdırdı ki, Azərbaycan Polisi tarixin bütün dönəmlərində vətəninə və dövlətinə sadiqlik nümayiş etdirib, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə ön cərgədə olub. O da vurğulandı ki, BMİ-nin 3 nəfər əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Polis veteranları Müəllif Məmmədov, Məmmədrza Talıbov, Məğrub Cahangirov və Adil Əhmədov keçdikləri xidmət yolundan söhbət açdılar. Onlar gənclərə xidmətdə təmkinli olmağı, xidməti sirri qorumağı, vətəndaşlarla ünsiyyətdə xoşrəftar, ən ümdəsi özünə qarşı tələbkar olmağı, günü-gündən inkişaf edən, turistlərin sayının hər gün artdığı ölkəmizdə sabitliyin, əmin-amanlığın keşiyində daha ayıq-sayıq durmağı, zərərli vərdişlərdən uzaq olmağı, bir sözlə, Azərbaycan Polisinin şərəfli adını uca tutmağı, anda hər zaman sadiqlik nümayiş etdirmələrini diqqətə çatdırdılar.
BMİ-nin Kadrlar şöbəsinin rəis müavini, polis mayoru Mirələsgər Seyidov dəyərli vaxtlarını gənclərlə görüşə həsr etdiklərinə görə veteranlara təşəkkür etdi, bu görüşün uzun müddət gənc polislərin yaddaşında qalacağına əminliyini bildirdi.
Hafiz TƏMİROV polis mayoru