Çingiz İsmayılov: “Bəzi turizm şirkətləri ulduz sayına uyğun olmayan xidmət göstərirlər, qanun qəbul olunarsa, bu tip hallara nəzarət tətbiq ediləcək”
“Hazırda “Turizm haqqında” yeni qanunun üzərində iş aparılır. Bu qanun Azərbaycan turizminin keyfiyyətinin və imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq. Heç kimə güzəştə gedilməyəcək”. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev media nümayəndələrinə açıqlamasında deyib.
O bildirib ki, əgər kimsə beşulduzlu otel əvəzinə ikiulduzlu otelin xidmətlərini göstərirsə, deməli, onlar barədə ölçülər götürüləcək: “Əgər turist şirkətləri dəllallıqla məşğuldurlarsa, insanları aldadırlarsa, o şirkətlər məsuliyyətə cəlb olunacaq. Mən bu qanunun qəbul olunmasını səbrsizliklə gözləyirəm”.
Nazir bildirib ki, turizm fəaliyyəti üzrə lisenziyalar ləğv olunandan sonra bəzi dəllallar ortaya çıxıb. Həmin şəxslər insanları aldadırlar: “Yalandan qiymətlər verirlər, nəqliyyat təşkil edirlər. Son nəticədə Azərbaycan turizminin səviyyəsi enir. Nəticədə biz itiririk. Biz birləşib normal bir proqram üzərində öz potensialımızı ortaya qoya və bu məhsulu dünya miqyasına çıxara bilmirik. Bunu etsək, o dəllallar və yalançılar acı nəticələrlə üzləşəcəklər”.
Ekspertlərin fikrincə, “Turizm haqqında” qanun hazırlanıb qəbul olunursa, dəllallıqla məşğul olan turizm şirkətlərinin fəaliyyətinə son qoyular.
Turizm sahəsi üzrə ekspert Çingiz İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hər bir turizm şirkəti qanunun müvaqif qaydalarına əsasən fəaliyyət göstərməlidir: “Qanun tərtib olunan zaman bu sahədə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri də məlum prosesdə iştirak etməlidirlər. Həmçinin, turizm şirkətləri nümayəndələrinin də qanunla bağlı fikirləri nəzərə alınmalıdır”.
Həmsöhbətimizin sözlərinə görə, “Turizm haqqında” qanunun vacibliyi ondan ibarətdir ki, hər bir şirkət qanun çərçivəsində öz fəaliyyətini qursun: “Qanuna uyğun olaraq, turizm şirkətləri qiyməti özbaşına qaldıra bilməyəcəklər. Müvafiq tənzimləyici orqanlar tərəfindən qiymət siyasəti nəzarətə götürülməlidir. Bu işlər turizm sektorunun səmərəli fəaliyyətinə yönələcək və dələduzluğun qarşısını alacaq”.
Ç.İsmayılov onu da bildirdi ki, bəzi turizm şirkətləri ulduz sayına uyğun olmayan xidmət göstərirlər. Qanun qəbul olunarsa, bu tip hallara nəzarət tətbiq ediləcək.
Günel CƏLİLOVA