Şakir Ağayev: “Radio efirlərində monitorinqin aparılması bu sahədə yaşanan problemlərin həll olunmasında müəyyən dərəcədə effekt verəcək”
"Radiolarla bağlı bir sıra narahatlıqlar var. Həm monitorinq qrupunun müşahidələri, həm də ictimaiyyətdən gələn reaksiyalar göstərir ki, radioların fəaliyyətində heç də hər şey qaydasında deyil”. Bunu APA-nın sorğusuna cavab olaraq Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Şöbə müdiri radiolardakı əsas problemləri də açıqlayıb: "Əsas problemlər sırasında bəzi radio aparıcılarının nitqi, efir mədəniyyətinə, bir sıra hallarda mənəvi dəyərlərə zidd mövzularda müzakirələrin aparılması, dinləyicilərlə ünsiyyətdə etik qaydalara riayət edilməməsini göstərə bilərik. Bundan başqa, radioların proqram siyasətində də müəyyən problemlər özünü göstərir. Teleradio yayımı haqqında qanunvericilikdə radioların üzərinə düşən bir sıra vəzifələr öz əksini tapıb. Onlardan biri də efirin eynitipli yayımlarla yüklənməsinə yol verilməməsinin zəruriliyidir. Amma təəssüf ki, bir sıra radiolar yalnız musiqi və saatın tamamında xəbərlər verməklə işini bitmiş sayır. Radioların efirində proqram rəngarəngliyi təmin edilməlidir, maarifləndirmə işinə diqqət artırılmalıdır, radioların potensialından səmərəli istifadə edilməlidir”.
T.Dadaşov vurğulayıb ki, MTRŞ rəhbərliyi tərəfindən monitorinq qrupuna radioların efirinin total şəkildə izlənməsi və bunun nəticəsi əsasında geniş təhlillərin aparılması ilə bağlı xüsusi tapşırıq verilib: "Təqribən mart ayının ikinci yarısında monitorinqin nəticələri bəlli olacaq”.
Mütəxəssislərin fikrincə, son zamanlar radio efirində mənəvi dəyərlərə zidd mövzular müzakirə olunur.
Bu səbəbdən də radio efirinin total şəkildə izlənməsinin tərəfdarıdırlar.
“Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, radio efirlərində monitorinqin aparılması müəyyən dərəcədə effekt verəcək. Amma gözlənilən nəticəni əldə etmək üçün gərək televiziya və radio rəhbərləri mütəxəssislərlə birgə monitorinq aparsınlar: “Bu sahədə bir neçə dəfə monitorinq aparılıb. Ancaq problem tam olaraq aradan qaldırılmayıb”.
Həmsöhbətimizin sözlərinə görə, radio efirlərində səslənən bəzi verilişlərdə Azərbaycan dilinə yad olan danışıqlar aparılır: “Bu hal əsasən özünü şou proqramlarda göstərir. Ədəbi dilin qorunması ilə bağlı aparıcılar öz üzərlərində işləməlidirlər. Aparıcı elə etməlidir ki, veriliş bayağı yox, təbii alınsın”.
Ş.Ağayevin fikrincə, bu sahədə yaşanan problemləri aradan qaldırmaq üçün mütəxəssislər hazırlanmaldır. Radio və ya televiziyada olan verilişlər şouya çevrilməməlidir. Dinləyicinin zövqünə uyğun olmalıdır. Bu tip verilişlər dinləyicinin zövqünu də korlayır.
Günel CƏLİLOVA