Eyyub Hüseynov: “Müxtəlif yaşda olan şəxslər sərbəst şəkildə iaşə obyektlərində çalışırlar. Çünki onları işə götürərkən heç bir qaydaya riayət olunmur”
“Bu gün bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyirlər və onlara nəzarət edilmir”. Bunu Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev "Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə" adlı dinləmələrdə çıxış edərkən deyib.
O bildirib ki, Sovet dövründə müəyyən obliqat qrupu var idi, həmin qrupa daxil olanlar mütəmadi olaraq müayinələrdən keçirilirdi, bu işə xüsusi nəzarət edilirdi: "Bu gün bu unudulub. Bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyir və onlara nəzarət də edilmir. Əvvəllər belə obyektlərdə işləyənlər 3-4 aydan bir məcburi müayinədən keçirdilər. Bunu bərpa etmək və çox ciddi nəzarət etmək lazımdır".
Mütəxəssislər də bəzi iaşə obyektlərində çalışanların vərəm xəstəsi olduğunu bildirirlər. Onlar bu sahədə çalışanlara hər hansı bir nəzarətin tətbiq olunmadığını deyirlər.
Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov “Bakı-Xəbər”ə a açıqlamasında bu sahədə vəziyyətin acınacaqlı halda olduğunu qeyd etdi. Onun sözlərinə görə, çalışanlara tibbi müayinədən keçmədikləri halda tibb kitabçası verilir. Bu problem uzun illərdir yaşanır: “Yaxşı olar ki, restoran və ya açıq obyektlərdə çalışmaq istəyənləri xüsusi qurumların göstərişi ilə real müayinə etsinlər. Belə olan halda, çalışmaq istəyən şəxslərdə hər hansı bir xəstəlik varsa, bəlli olar.
Hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyi məlum problemə diqqətlə yanaşmalıdır. Yaxşı olar ki, Gigiyena və Epidemiologiya Mərkəzi və Səhiyyə Nazirliyi bu məsələyə xüsusi nəzarət etsinlər”.
Həmsöhbətimiz onu da bildirdi ki, vərəm xəstəliyi daşıyıcıları əsasən dönərxana və kafelərdə çalışırlar: “İstənilən yaş qrupuna aid olan şəxs sərbəst şəkildə qeyd etdiyim məkanlarda çalışa bilər. İstər həbsxanadan yeni çıxan şəxs, istər yeniyetmə, ümumiyyətlə, müxtəlif yaşda olan şəxslər sərbəst şəkildə iaşə obyektlərində çalışırlar. Çünki onları işə götürərkən heç bir qaydaya riayət olunmur”.
Günel CƏLİLOVA