Zaur Əliyev: “Biz çalışmalıyıq ki, qan yaddaşımızla bağlı ingilis, rus və digər dillərdə olan kitabları da...”
Bu gün şagirdlərin kitabxanalara cəlb edilməsi istiqamətində işlər görülür. Əvvəlki illərə nisbətən son zamanlar məktəblilərin kitabxanalara kütləvi axın etdiyi bildirilir. Respublikanın müxtəlif bölgələrində, eləcə də paytaxt Bakıda fəaliyyət göstərən kitabxanalar şagirdlərin oxu tələbatını ödəmək üçün öz fondlarını daha da zənginləşdirirlər.
Bu gün kitabxanaların hamısı latın qrafikalı ədəbiyyatla zənginləşib. Burada Azərbaycan və xarici klassik, eləcə də müasir yazıçı və şairlərin əsərləri yer alıb. Hətta bir sıra kitabxanalarda xarici dillərdə də ədəbiyyat nümunələri tapmaq mümkündür.
Kitabxanalarda qan yaddaşımız, tariximizlə də bağlı kitabların, nəşrlərin olması şübhəsizdir. Ancaq görəsən tariximiz, soyqırımlar, qan yaddaşımızla bağlı kitabxanalarda ayrıca stendlər varmı?
İsmayıllı rayonu Mərkəzləşdirilmiş kitabxana sistemindən internet vasitəsilə aldığımız məlumata görə, burada tarixin müxtəlif dövrlərində xalqımızın başına gətirilən faciələri əks etdirən stendlər quraşdırlıb. Dağlıq Qarabağla, 31 mart Azərbaycanlıların Soyqırımı Günü, Xocalı soyqırımı, 20 Yanvar hadisələri ilə bağlı ayrıca stendlər quraşdırılıb. Bu da kitabxanaya gələn şagirdlərə bu hadisələr haqqında böyük informasiya verir.
Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasından da bizə bildirdilər ki, bu kitabxanada da qan yaddaşımızla bağlı stendlər var. Kitabxanadan verilən məlumata görə, bütövlükdə, respublika kitabxanalarının hər birində milli tariximiz, qan yaddaşımız, faciələrimizlə bağlı stendlər quraşdırılıb.
Tarixçi Zaur Əliyev bizimlə söhbətində bildirdi ki, kitabxanalarda tariximizin ayrı-ayrı dövrləri ilə bağlı stendlərin yaradılması olduqca təqdirəlayiq haldır: “Kitabxanalar insanların maarifləndiyi bir məkandır. Son zamanlar şagirdlər, tələbələr kitabxanalardan fəal istifadə edirlər.Yaxşı haldır ki, kitabxanalardan elektron şəkildə də istifadə imkanı var. Kitabxanalarda soyqırım tariximiz, 20 Yanvar hadisəsi ilə bağlı stendlərin quraşdırılması müsbət haldır. Çünki bu olduqca əhəmiyyətli bir işdir. Şəhər və rayon kitabxanaları ilə yanaşı, məktəb kitabxanalarında da bu cür stendlərin quraşdırılması vacibdir. Bu stendlərin bir neçə dildə olması çox vacibdir. Biz çalışmalıyıq ki, qan yaddaşımızla bağlı ingilis, rus və digər dillərdə olan kitabları da bu stendlərdə nümayiş etdirək, yaxud şagirdlərə təqdim edək. Ölkəmizdə əcnəbi şagirdlər də təhsil alırlar. O şagirdlər də bu kitabxanalara gələrkən bu nəşrlərlə tanış olmalıdırlar”.
Z.Əliyev qeyd etdi ki, kitabxanalar elektron variantlarında da qan yaddaşımızla bağlı nəşrləri xüsusi olaraq yerləşdirməlidirlər.
İradə SARIYEVA