Azərbaycanda rəsmi qeydiyyata alınmayan vərəm xəstələrini müalicə edən həkimlərin cəzalandırılması təklif edilir. Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Qənirə Paşayeva “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə çıxış edib.
Onun sözlərinə görə, vərəm xəstələrinin qeydiyyata alınmadan müalicəsinin aparılması bu müalicənin sistemsiz aparılmasına və sonda xəstələrin vərəmin daha ağır forması olan dərmana davamlı vərəm xəstəsi olmasına gətirib çıxarır: “Vərəm xəstələrinin qeydiyyatının olmaması çox ağır problemdir. Bu problemə daha çox kənd yerlərində rast gəlinir. Bəzən həkimlər xəstələri qeydiyyata almadan müalicə edirlər. Həkimlərə qarşı bir cəza olmalıdır ki, onlar xəstələri rəsmi qeydiyyata almadan müalicə etməsinlər, heç bir tibb müəssisəsi bu addıma əl atmasın. Həkimlərimiz bunun məsuliyyətini başa düşməlidirlər”.
Q.Paşayeva deyib ki, vərəmlə bağlı maarifləndirmə işlərinin genişləndirilməsi çox vacibdir.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Sədaqət Vəliyeva isə, Azərbaycanda çox ağır vəziyyətdə olan vərəm xəstələrinə müalicə kursunun aparıldığı müddət ərzində qısa müddətli yardımların verilməsini təklif edib. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə insanların həyat şəraitini yaxşılaşdırmaq üçün onlara qısa müddətli yardımların verilməsi məsələsinə baxa bilər: “Onlara həyat şəraitlərini yaxşılaşdırmaq üçün heç olmasa, kurs müddətində yardım verilsin. Bununla çox ailələrə kömək etmiş olarıq”.
S.Vəliyeva bildirib ki, bu gün əsas problemlərdən biri vərəm xəstəliyinin 25-44 yaşlı insanlar arasında təsadüf olunmasıdır: "Xəstələnmə hallarının demək olar ki, yarısı bu yaş dövründə olan insanlarda olur".
Deputat əlavə edib ki, 1990-cı illərə qədər penitensiar sistemdə vərəmdən ölüm halları çox idi, bu gün isə vərəmdən ölüm halları 105 dəfə azalıb.