Aytəkin Kamranqızı: “Dövlət başçısı İlham Əliyevin sərəncamından sonra artıq neçə ildir ölkəmizdə pulsuz tibbi müayinə keçirilir və bu addım əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir”
Azərbaycanda xəstəliklərin cavanlaşmasının səbəbi açıqlanıb. Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bir neçə gün öncə keçirilən iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Azərbaycanda xəstəliklərin cavanlaşmasının həqiqət olduğunu bildirib: “Çünki profilaktik tədbirlər görülmür. Sovet dövründə insanların ildə iki dəfə poliklinikalarda dispanserizasiyadan keçməsi mütləq idi. Bu, xəstəliklərin vaxtında aşkar edilməsinə və müalicə olunmasına kömək olurdu”.
Qeyd edək ki, son illər Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra ölkənin bütün bölgələrində əhalinin pulsuz tibbi müayinə olunması prosesi həyata keçirilir. Yaşından, ailə durumundan asılı olmayaraq, hər bir kəs pulsuz tibbi müayinə prosesində iştirak edir.
Sosioloq Aytəkin Kamranqızı bizimlə söhbətində qeyd etdi ki, xəstəliklərin cavanlaşmasının səbəbi profilaktik tədbirlərin görülüb-görülməməsi ilə bağlı deyil: “Elə xəstəliklər var ki, irsi xarakter daşıyır. Bunun günahını profilaktik tədbirlərin görülüb-görülməməsində axtarmamalıyıq. Xatırladım ki, dövlət başçısı İlham Əliyevin sərəncamından sonra artıq neçə ildir ölkəmizdə pulsuz tibbi müayinə keçirilir. Bu müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Əlbəttə, bütün bunlar ölkə başçısı İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək insanların müalicəyə cəlb olunması məqsədilə keçirilən bu tədbir hamının ürəyincədir. Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir”.
Həmsöhbətimizin sözlərinə görə, insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə ölkə vətəndaşları Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.
Günel CƏLİLOVA