İlqar Hüseynli: “Həmin şəxslərə dəstək olmaq lazımdır”
"Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişiklik ediləcək. Dəyişikliyə əsasən, 18 yaşına qədər valideynlərindən birini itirmiş, digəri isə 2-ci qrup əlil olan şəxslərin təhsil haqqının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub.
Bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli deyib. Komitə sədri bildirib ki, hazırkı qanunvericilik buna imkan vermir: "Təxmini hesablamalara görə, bu rəqəm 100-dən çoxdur. Biz bu şəxslərin təhsilinin maliyyə tutumunu öyrənib, daha sonra qanunvericilikdə dəyişikliklər edə bilərik”.
Valideynlərini itirən şəxslərin təhsil haqqından azad olunması təklifini ekspertlər müsbət qarşılayırlar.
Sosial sahə üzrə ekspert İlqar Hüseynli bizimlə söhbətində qeyd etdi ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlətin və cəmiyyətin qayğısı ilə əhatə olunmalıdırlar: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəyə ehtiyacı var. Valideyni olmayan şəxs hansı yaşa qədər ali məktəbə daxil olarsa, təhsil haqqını ödəməkdən azad olunmalıdır. Çünki o şəxs təhsil haqqını ödəmək imkanında olmayacaq. Nəzərə almaq lazımdır ki, bir şəxsin tək xərci onun təhsil haqqından ibarət deyil. Onların geyimi, gündəlik qidası və digər ehtiyaclarını nəzərə alıb valideyni itirən şəxslərə güzəşt tətbiq olunmalıdır. Bəzən deyirlər ki, orta məktəbi bitirən şəxs özünü təmin edə bilər. Axı o insanın arxa-dayağı yoxdur. Orta məktəbi bitirib və ali məktəbə qəbul olunub. Lakin maddi durumu imkan vermir ki, o, ali təhsil ala bilsin. Bu səbəbdən həmin şəxslərə dəstək olmaq lazımdır”.
Həmsöhbətimiz onu da bildirdi ki, qanunvericiliyə edilən digər dəyişikliyə görə, əlil olan şəxslərin də təhsil haqqı dövlət tərəfindən ödəniləcək: “2 qrup əlillərin təhsil haqqının dövlət tərəfindən ödənilməsi təklifi müsbət qarşılanmalıdır. Onların ali təhsil almaq istəyi və istəklərinə qovuşması belə hər kəsi duyğulandırır. Bu tip insanlara dəstək olmaq hər birimizin borcudur”.
Günel CƏLİLOVA