Bu gün polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edilir. Onların ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarış tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətləri güclənib.
Ölkəmizin bütün bölgələrində olduğu kimi, paytaxtda da polis veteranları öz bilik və bacarıqlarını gənc əməkdaşlarla bölüşür.
2017-ci il ərzində Səbail RPİ-nin Veteranlar Şurasının üzvləri ümumtəhsil məktəblərində, liseylərdə və kolleclərdə gənclərin vətənpərvər ruhda böyümələri, zərərli vərdişlərə, narkomaniyaya və radikal dini qurumlara qoşulmalarının qarşısının alınması məqsədilə şagirdlərlə 52 görüş keçirib və maarifləndirici söhbətlər aparıblar. Onlar cinayətkarlıqla mübarizədə də öz səylərini göstərib və ötən il rayon ərazisində 138 cinayətin açılmasında yaxından iştirak ediblər.
RPİ-nin Veteranlar Şurasının sədri Məmməd Qədimov əminliklə bildirdi ki, veteranların mütəmadi olaraq gənclərlə bir araya gəlməsi gələcək xidməti uğurlara yol açmaqla, ümumilikdə cəmiyyətin maraqlarına uyğundur, hamıya fayda gətirir.
Zeyni HÜSEYNOV DİN Mətbuat Xidmətinin əməkdaşı