Dizdipok Lerik rayonunun ucqar kəndidir. Təbiətin burada yaratdığı gözəllikdən çətin göz doya. Sərin bulaqları, saf havası yaş üstə yaş gətirir. Torpaqları bərəkətli, camaatı olduqca işgüzar, qurub-yaradandır. Onların ölkənin rəhbərinə, onun siyasətinə inamı, sədaqəti böyükdür. Qaldı ki, indi çoxdandır rayon rəhbərləri kəndi unudublar. Elə bil vəzifədə oturanlar üçün belə bir kənd yoxdur. Ölkədə olan inkişaf, həyatda baş verən əsaslı yeniliklər sanki bu dağlar diyarına aid deyil.
Hər şey bir yana qalsın, kənddən rayon mərkəzinə getmək, eləcə də başqa yerə çıxmaq müşkülə dönüb. Çox da yaşlı adamlar bundan əziyyət çəkirlər. Getmək istədiyi yerə günlərlə gözləməli olurlar.
Əvvəla rayon mərkəzindən kəndə avtobus marşrutu yoxdur. Əsas məsələ də elə bununla bağlıdır. Bundan istifadə edən ara sürücülər camaatın başına oyun açırlar. Dızdipoklulardan vacib bir işdən ötrü rayon mərkəzinə gedib-gəlmək üçün ən azı 15 manat pul çıxır. Halbuki, sovet vaxtı bu gediş-gəliş 2 manata başa gəlirdi. Ən pisi odur ki, indi yaşlı adamlar yaxın kəndə düşüb vaxtında öz pensiyalarını bankomatdan çıxarda bilmirlər.
İndi çoxları elə bilər ki, rayon rəhbərləri vəziyyətdən xəbərsizdir. Xəbərləri var, özü də ətraflı. Çünki kənd camaatının onlara bu barədə dəfələrlə müraciəti olub. Nədənsə, bu özbaşınalığa hələ son qoyulmur. Dızdipok kənd camaatı öz Prezidentinə ürəkdən bağlanıb. Bu saf məhəbbətin gücünə güvənib, vəziyyətin düzəlməsinə tam əmindirlər.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü