Anar Əmrah: “Ürək qüsurlarından yaxa qurtarmaq üçün uşaqlar kiçik yaşlardan sağlam qidalanmalı, şəkərli qidalardan uzaq tutulmalı və idmana yönəldilməlidir” Sevinc Qarayeva: “Ürək qüsurlu uşaqların əməliyyatının dövlət hesabına olması aztəminatlı ailələrə sevinc hissi bəxş edəcək”
Əvvəlki illərlə müqayisədə Azərbaycanda həm uşaqlar, həm də böyüklər arasında ürək qüsurlarından və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayı getdikcə artır. Bəllidir ki, ürək qüsuru əməliyyatının qiyməti aztəminatlı ailələrin büdcəsinə uyğun deyil. Aparılan araşdırmalara görə, Azərbaycanda doğulan hər 1000 uşaqdan 8-i ürək qüsuru ilə dünyaya gəlir. Bu uşaqların sağalması üçün dövlət büdcəsindən vəsait ayrılıb.
Ürək qüsurlu uşaqların müalicəsi üçün 2 milyon manat vəsaitin yönləndirilməsi nəzərdə tutulur. Hazırda ürək əməliyyatlarının orta qiyməti 6 min manat hesab olunursa, bu vəsaitlə çoxlu sayda uşağı əməliyyat edərək həyata qayratmaq mümkün olacaq.
Kardioloq Anar Əmrahın sözlərinə görə, ürək qüsuru ilə dünyaya gələn uşaqların sayı artır: “Acınacaqlı məqam isə budur ki, valideynlər bəzən uşaqların xəstə olmasından çox gec xəbər tuturlar. Bu isə hətta onların əməliyyat edilmə şansını da əllərindən alaraq həyatı bahasına başa gəlir. Ürək qüsurları özünü bəzi əlamətləri ilə göstərir. Belə halları müşahidə edən valideynlər sonradan peşmançılıq yaşamamaq üçün dərhal həkimə müraciət etməlidirlər. Ailələr uşaq dünyaya gəlməzdən öncə mütləq müayinələrdən keçməli və qarşılaşa biləcəkləri problemləri öncədən öyrənməlidirlər. Sonradan yarana biləcək ürək qüsurlarından yaxa qurtarmaq üçün uşaqlar kiçik yaşlardan sağlam qidalanmalı, şəkərli qidalardan uzaq tutulmalı və idmana yönəldilməlidir”.
Kardioloq-həkim Sevinc Qarayeva bizimlə söhbətində qeyd etdi ki, son illər ürək-damar xəstəlikləri dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycan da artmaqdadır: “Rəsmi statistikaya görə, ürək xəstəliklərindən ölənlərin sayı şiş xəstəliklərindən dünyasını dəyişənlərlə müqayisədə iki-üç dəfə çoxdur. Azərbaycanda, xüsusən cənub bölgələrində anadangəlmə ürək xəstəlikləri ilə doğulan uşaqların sayı daha çoxdur. Bu da həmin bölgələrdə qohum evliliyinin daha çox olmasından irəli gəlir. Amma genetik faktorlar, erkən evlilik kimi amillərin də rolu az deyil. Elə ürək qüsurları var ki, heç bir əməliyyata ehtiyac olmadan problemi həll etmək olur”.
Həmsöhbətimiz hesab edir ki, ürək qüsurlu uşaqların əməliyyatının dövlət hesabına həyata keçirilməsi sevindiricidir: “Bu işdə əməyi olan hər kəsə təşəkkür etmək lazımdır. Elə ailələr var ki, onlar övladının ürək əməliyyatını etdirmək üçün sıxıntı yaşayırlar. Bu qərarla aztəminatlı ailələr rahat şəkildə övladlarını həkimə aparıb, onların ürəyində hər hansı bir problemin olub-olmamasından xəbərdar olacaqlar”.
Günel CƏLİLOVA