Sürüşmə zonasından müvəqqəti köçürülmış sakinlərə kirayə pulu veriləcək. Trend-in məlumatına görə, bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün Bayılda sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə sakinlərlə görüşündə deyib.
Bildirilib ki, artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticədə bəlli olduqdan sonra çıxarılan rəyə uyğun tədbirlər görüləcəkdir. Əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.
Eldar Əzizov, Bayıl yamacının altında iki yeraltı çayın axdığının müəyyən edildiyini deyib. Görüşdə qeyd olunub ki, ərazidə araşdırma aparan mütəxəssislər həmin dağ yamacının altında iki yeraltı çayın axdığını müəyyən ediblər. Bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcə də yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir.
Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, Bayılda sürüşmə zonasından köçürülənlərin əksəriyyəti qohum, tanış evinə gedib. Məlumata görə, sürüşmə zonasında araşdırmalar aparılıb və Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub. Əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə), 390 nəfər ailə üzvü köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir.
Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər var. Onlarım məişət və qidalanma məsələləri həll olunub, sığınacaqda həkim postu yaradılıb.
"Teleqüllənin uçması qətiyyən gözlənilmir". Bunu isə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, ərazidə dünən çatlar üzərində yeni mayaklar quraşdırılıb və bu gün çatlarda artım qeydə alınıb.
Ə.Qaralovun sözlərinə görə, Teleqüllə sürüşmə sahəsi aktiv fazadadır və sürüşmə davam edir. Hazırda ərazidə araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Teleqüllə sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb.