İlqar Orucov: “Bu sahədə gənclər arasında maarifləndirmə işi aparmaq lazımdır”
2017-2018-ci tədris ili üçün rezidenturaya ayrılmış 505 plan yerinə qəbul aparılıb. Plan yerləri 93,07 faiz dolub. Müalicə işi, pediatriya istiqaməti üzrə plan yerlərinin 4,76 faizi və tibbi profilaktika istiqaməti üzrə 24,59 faizi boş qalıb. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə media nümayəndələrinə açıqlamasında deyib.
M.Abbaszadənin sözlərinə görə, “Gigiyena” və “Epidemiologiya” ixtisasları üzrə ayrılan plan yerlərinin hamısı boş qalıb: “Tibbi profilaktika istiqaməti üzrə imtahan verən namizədlər ixtisas seçimi zamanı “Yoluxucu xəstəliklər” ixtisasına üstünlük veriblər. 2017-ci ildə imtahanın birinci mərhələsinin nəticələrinə əsasən, imtahanda iştirak etmiş 1077 namizəddən müsabiqə şərtini ödəmiş 665 nəfəri, yəni 62%-i ikinci mərhələyə buraxılıb, onlardan 655 nəfəri imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib. 2016-cı illə müqayisədə ötən il də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrində müsbət dinamika müşahidə olunub. Belə ki, müsabiqə şərtini ödəmiş namizədlərin sayı 195 nəfər artıb ki, bunların da 162 nəfəri müalicə işi və pediatriya istiqaməti üzrə imtahan vermiş namizədlərdir”.
“Gigiyena” və “Epidemiologiya” ixtisasları üzrə ayrılan plan yerlərinin nə səbəbdən boş qalmasını öyrənmək məqsədilə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucova müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bir neçə il əvvəl “Azərbaycana gələcəkdə lazım olacaq ixtisaslar” üzrə layihə həyata keçirilib: “Layihənin həyata keçirilməsində məqsəd gələcəkdə Azərbaycana lazım olacaq ixtisasların müəyyən edilməsi və gənclərin həmin ixtisaslara təşviq edilməsi idi. Təəssüflər olsun ki, Azərbaycanda elə ixtisaslar var ki, orada kifayət qədər kadr var. Məsələn, hüquq, ginekologiya, texnologiya elmləri və digər sahələrə maraq yüksəkdir. Gənclər elə fikirləşirlər ki, onlar bu ixtisaslara qəbul olunarlarsa, əmək bazarında özlərinə daha rahat iş tapa biləcəklər. Digər məsələ ondan ibarətdir ki, gənclər ixtisas seçimi edərkən məlumatsızlıqdan bu sahələrə meyl edirlər. Hətta bir neçə il öncə Təhsil Nazirliyinə müraciət etdik ki, əmək bazarında hansı ixtisaslara tələbin olması ilə bağlı məktəblərdə şagirdlər arasında iş aparılsın. Gələcəkdə gənclərin işsiz qalmaması üçün əmək bazarında tələb olunan sahələrə maraq göstərsinlər”.
Həmsöhbətimizin sözlərinə görə, “Gigiyena” və “Epidemiologiya” ixtisaslarına əmək bazarında tələbat var. Bu sahə olduqca lazımlıdır. Həmçinin, baytarlıq ixtisasına da gənclər az maraq göstərirlər: “Baxmayaraq ki, Azərbaycan aqrar ölkədir, buna rəğmən, bu sahədə kadr problemi hər zaman yaşanıb. Ümumiyyətlə, baytar həkimi problemi hazırda yaşanır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın əmək bazarını yerli kadrlarla təmin etmək baxımından gənclərə daha düzgün fikirlər aşılamaq lazımdır. Bu sahədə gənclər arasında maarifləndirmə işi aparmaq lazımdır”.
Günel CƏLİLOVA