Rasif Bağırov: “Qanun qəbul olunarkən bəzi məqamlar nəzərə alınmalıdır”
Məlum olduğu kimi, Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman preparatları satılmayacaq. Bununla bağlı “Dərman vasitələri haqqında” Qanuna dəyişiklik edilir. Hazırda qüvvədə olan qanun 13-cü (Əhaliyə dərman vasitələrinin buraxılması) maddəsinə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Aptek təşkilatlarında “Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı”na daxil edilmiş dərman vasitələrinin olması məcburidir.
Maddəyə yeni 13.3-1 bənd əlavə edilir. Bəndə əsasən, 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.
Mütəxəssislər 14 yaşı tamam olmayan şəxslərə dərman preparatlarının satılmasının qadağan olunmasını düzgün sayır.
Həkim-ekspert Rasif Bağırov qəzetimizə açıqlamasında qeyd etdi ki, uşaqların aptekdən dərman preparatı almasının qadağan olunması uşaqların hansısa dərmanlarla tanış olmasının qarşısını alacaq. 14 yaşına çatmayan şəxslər, bilmədiyi halda, tanımadağı preparatla tanış olandan sonra həmin həbi alıb istifadə edə bilər: “Ancaq gündəlik nəticə göstərir ki, uşaqlar lazım olmadığı halda aptekə dərman almaq üçün müraciət etmirlər. Onlar ya valideynlərinin göstərişi ilə, ya da ailə böyüklərinin onlara verdikləri reseptdə olan hər hansı bir dərmanı almaq üçün aptekə gedirlər. Elə böyüklər var ki, onların fiziki durumu aptekə getməyə imkan vermir. Bu səbəbdən də onlar məcburən məktəbli uşağı aptekə yollayırlar. Məsələn, yaşlı bir insan aptekə gedə bilmir, ancaq nəvəsini ona dərman almaq üçün əczaxanaya göndərir. Belə olan halda, həmin uşağa dərman verməyəcəklər, mütləq onun böyüyü gəlib istədiyi həbi almalıdır. Qanun qəbul olunarkən bəzi məqamlar nəzərə alınmalıdır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, 14 yaşı tamam olmayan şəxslərə dərman preparatı satılmamasının məqsədi uşaqların lüzumsuz dərmanlardan istifadəsinin qarşısını almaqdır.
Günel CƏLİLOVA