"İcbari tibbi sığorta sahəsində ciddi islahatların aparılması üçün “İcbari tibbi sırğorta haqqında" qanuna ciddi dəyişikliklər edilməsi lazımdır. Bu təklifləri Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən gözləyirik”. “Trend”in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitəsinin dünənki iclasında çıxış edərkən deyib.
Nikaha daxil olmaq istəyən şəxslərin hepatit B və C-dən də məcburi müayinə olunması ilə bağlı səslənən təkliflərə münasibət bildirən Ə.Əmiraslanov qeyd edib ki, hepatit B və C-nin patologiyaları müalicə olunur. Ona görə də digər irsi qan xəstələrindən fərqli olaraq, "belə xəstələrin nikaha girməsi qadağandır” kimi fikirləşmək düzgün deyil.
O qeyd edib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsindəki bütün məsələlər Milli Məclisdə razılaşdırılıb: “Sual doğuran bütün məsələlər həll olunub, insanları qıcıqlandıran məsələlər layihədən çıxarılıb. Bu qanun, demək olar ki, tam hazırdır və bu gün nə parlamentdə, nə də cəmiyyətdə bu layihənin əleyhinə gedən var”.
Əhliman Əmiraslanov autizm xəstələri üçün ayrıca dövlət proqramının hazırlanmasını da təklif edib. Akademik bildirib ki, autizm xəstələrinə tibbi sosial yardımın göstərilməsi vacibdir: “Belə xəstələr tibbi-sosial yardıma ehtiyacı olan xəstələrdir. Tərəfdarıyam ki, autizm xəstələri üçün ayrıca bir dövlət proqramı hazırlansın. Dünyada belə xəstələrin sayında artım müşahidə edilir. Biz də bununla bağlı komitədə dinləmələr keçirməliyik”.
Əhliman Əmiraslanov Milli Məclisin Səhiyyə komitəsinə orqan transplantasiyası ilə bağlı edilən müraciətlərin çox olduğunu da deyib. Onun sözlərinə görə, komitəyə daxil olan müraciətlər, əsasən, ödənişsiz əməliyyatların aparılması, orqan transplantasiyası ilə bağlıdır.
Ə.Əmiraslanov bildirib ki, uşaqların bəzilərində anadangəlmə ürək qüsurları olur: "Bunun üçün bu ilin dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb".
Ə.Əmiraslanov qeyd edib ki, 2018-ci ilin yaz sessiyası ərzində “Psixoloji yardım haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, Unun icbari zənginləşdirilməsi, “Optika və optikaçılıq haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" qanun layihəsi ilə bağlı dinləmələr həyata keçiriləcək.
Xəbər xidməti