Çingiz İsmayılov: “Azərbaycanın hər bir bölgəsinin özünəməxsusluğu nəzərə alınaraq təbliğ olunmalıdır”
Azərbaycanda Sovet dövründə olan turizm marşrutlarının bərpası təklif edilir. Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov media nümayəndələrinə açıqlamasında bildirib ki, sovet dövründə Azərbaycana gələn turistlər üçün bir çox maraqlı marşrutlar olsa da, bu gün həmin marşrutlar üzrə turlar təşkil edilmir:
"Məsələn, Sovet dövründə Bakı-Şamaxı-Şəki-Gürcüstan turu təşkil olunurdu. Albaniya turistləri bu tura çox maraq göstərirdilər və buna görə ölkəmizə səfər edirdilər. Bundan başqa, indi elə turizm marşrutları var ki, onlar yeni istiqamət kimi qəbul edilir. Məsələn, Sovet dövründə Qubanın Təngəaltı, Afurca kəndlərinə, eləcə də Qusarda Ləzə şəlaləsinə səfərlər çox olurdu. İndi isə turistlər artıq bu yerlərə səfər etməyə də maraq göstərirlər".
M.Ağakərimov qeyd edib ki, yay mövsümündə Azərbaycana gələn turistlər ölkəmizin regionlarına daha çox maraq göstərirlər.
Maraqlıdır, Sovet dövründə olan turizm marşrutlarının bərpasına ehtiyac varmı?
Məsələ ilə bağlı açıqılama verən Çingiz İsmayılov bizimlə söhbətində qeyd etdi ki, Sovet dönəminin turizm marşrutları bərpa olunarsa, bunun turizmə elə də əhəmiyyəti olmaz: “İlk olaraq bildirim ki, o vaxtlar əsas marşrut xətti Cənubi Qafqaz sayılırdı. Azərbaycan-Ermənistan-Gürcüstan marşrutu idi. Bu marşrut xətti paytaxtdan və bölgələrdən keçirdi. Bu marşrut xəttinin bərpası mümkünsüzdür. Bundan əlavə, Azərbaycanda Bakı və bölgələr üzrə turist marşrutu var idi. Sovet dövründə Balakən, Qusar istiqamətinə daha çox turlar təşkil olunurdu. Qeyd olunan bölgələrə turların bərpası üçün bukletlər hazırlanmalı və həmin yerlərin cazibədarlığı haqqında məlumatlar yayılmalıdır. Azərbaycanın hər bir bölgəsinin özünəməxsusluğu, yerli əhalinin yaşayış şəraiti, infrastrukturun inkişafı, əmək vərdişləri, mətbəx, adət-ənənələri nəzərə alınaraq təbliğ olunmalıdır. Belə olarsa, həmin ərazilərə turlar təşkil olunar, xarici turistlər də ölkəmizi seçmələrindən razı qalarlar”.
Həmsöhbətimiz hesab edir ki, turizmin inkişafı üçün müasir dövrün tələblərinə cavab vermək lazımdır. Tələbat haradırsa, o sahəni inkişaf etdirmək lazımdır.
Günel CƏLİLOVA