Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin «20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında» sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyəti geniş tədbirlər planı hazırlayıb.
Nəsimi RİH-dən “Bakı Xəbər” verilən məlumata görə, bu plana uyğun olaraq rayonun ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarında anım tədbirləri təşkil olunur. Orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar foto stendlər düzəldilib, anım mərasimləri, yığıncaqlar, toplantılar, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilir, divar qəzetləri buraxılır. Rayonun idarə və təşkilatlarının kollektivlərinin, orta və ali təhsil müəssisələrinin şagird və tələbələrinin «Şəhidlər Xiyabanı»na ziyarəti təşkil olunur.
Yanvarın 18-də isə Rayon İcra Hakimiyyətində rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə görüş keçirilib. Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. O zaman yalnız ümummilli lider Heydər Əliyev, bütün çətinliklərə baxmayaraq, siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdi. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüz olan faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verildi.
Asif Əsgərov bildirib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Tədbirdə bildirilib ki, bu gün faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ailələri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunur. Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb, bir sıra məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
Görüşdə 20 Yanvar Nəsimi rayon təşkilatının sədri, II qrup əlil Tofiq Allahverdiyev, 20 yanvar şəhidi Abbas Qasımovun anası Zöhrə Abdalova və digərləri çıxış edərək, şəhid ailələri və əlillər adından onlara olan diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda 20 yanvar faciəsi şəhidlərinin ailələrinə və əlillərinə yardımlar göstərilib.
Baki-xeber.com