Adil Qeybulla: “Yanlış bir fikir formalaşıb ki, bu viruslar yalnız cinsi və qan yolu ilə yoluxur, ən təhlükəli cəhəti ailə üzvlərinin yoluxma ehtimalının yüksək olmasıdır”
Bütün dünyada yayılmış hepatit xəstəliyi bizi də qayğılandıran problemə çevrilib. Hazırda Azərbaycanda hepatitin ayrı-ayrı növlərinə yoluxmuş 7000-dən çox xəstə var. Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda hepatit B və C-yə yoluxanların sayı artıb. Ötən ilin yanvar-noyabr aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ölkədə hepatit A virusu və qonokokk infeksiyası ilə xəstələnmə halları müvafiq olaraq 13,6 faiz və 3,8 faiz azalıb.
Müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı hepatit A virusu üzrə 14,4 faiz, qonokokk infeksiyası üzrə isə 4,7 faiz azalıb. Ancaq B və C virusuna yoluxanların sayında artım müşahidə olunur.
Qeyd olunan xəstəliyin artma səbəblərini öyrənmək məqsədilə tibbi ekspert, professor Adil Qeybullaya müraciət etdik. O bizimlə söhbətində qeyd etdi ki, bu virusun artmasına səbəb olan amillərin qarşısı qəti şəkildə alınmalıdır: “Azərbaycanda hepatit virusuna yoluxan xəstələrin sayı artmaqdadır. Buna səbəb olan xeyli amil var. Bu virus birmənalı olaraq qanla keçən virusdur. Bu baxımdan qan preparatlarının xəstələrin bədəninə yeridilməsi nəticəsində bu viruslar aktiv şəkildə onları yoluxdura bilər. Bu baxımdan insanlar diş həkimində, cərrahiyyə əməliyyatlarında, kosmetoloqda və s. kimi yerlərdə olduqca ciddi yoluxma təhlükələrinin olmasını nəzərə almalıdırlar. Hepatit B daha davamlı virusdur. Demək olar ki, virus bədəndən tam xaric olmur. Amma hepatit C virusu tez müəyyən olunan zaman bu virusun qarşısını almaq olur. Onu da qeyd edək ki, bu virusun da ağır mərhələləri olur. Ümumdünya Səhiyyə Təşkilatının bu gün bu xəstəliklə bağlı konkret reseptləri var”.
Həmsöhbətimizin sözlərinə görə, hepatit virusuna adətən fərqinə varılmadan yoluxulur. Çox vaxt bu xəstəliyin ilkin mənbəyi belə tapıla bilmir.: “Yanlış bir fikir formalaşıb - bu viruslar yalnız cinsi və qan yolu ilə yoluxur. Hepatit B virusunun ən təhlükəli cəhəti ailə üzvlərinin yoluxma ehtimalının yüksək olmasıdır. Bədən, tər, öpüş, qab-qacaq vasitəsilə xəstəliyin yayılması sürətlə artır. Hepatit B-ni C virusu ilə müqayisədə daha xoş virus hesab etmək olar. Bu virusdan qorunmaq üçün peyvənd var. Hər hansı şəxsə hepatit B-yə qarşı peyvənd vurulduqda onun virusa yoluxma ehtimalı tamamilə sıfra bərabər olur. Bu peyvəndin 95 faiz qoruma ehtimalı var. Belə halda, virusa yoluxan şəxsin qanı belə digərinə təmas etdikdə peyvəndləndiyinə görə onun üçün heç bir həyati təhlükə yaranmır. Hepatit B ilə qarşılaşmış insanların 60-70 faizində virusa qarşı təbii qoruculuq yaranır. 25-30 faiz hallarda isə belə xəstələrdə virus xroniki hal alır. Bu virusa yoluxanlar mütləq nəzarət artında qalmalıdırlar. İldə iki dəfə, hər şey qaydasına düşdükdən sonra isə ildə bir dəfə müayinədən keçmək olar. Virus geri qayıdarsa, zamanında müdaxilə edib müalicəsini təşkil etmək lazımdır”.
Günel CƏLİLOVA