Aytəkin Kamranqızı: “Müəyyən olunan geyimlər sırf onların sağlamlığı üçün nəzərdə tutulub”
Xəbər verildiyi kimi, Nazirlər Kabineti “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ni təsdiq edib. Dövlət məktəbəqədər təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması qanunla müəyyən edilən müdafiə olunan xərc maddələri istisna olmaqla, cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının həddindən asılı olaraq müəyyənləşdirilir.
Normativlərə görə, “Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması” xərc normativinin hesablanması üzrə xərc normativinə paltar və geyimlərin alınması, həmçinin, ayaqqabıların, yataq ləvazimatlarının və dəyişəyin alınması, təmiri və tikilməsi ilə bağlı xərclər daxildir.
Bağçalara gedən uşaqların dövlət vəsaiti hesabına xüsusi geyimlər əldə etməsi ekspertlər tərəfindən müsbət qarşılanır.
Sosioloq Aytəkin Kamranqızı bizimlə söhbətində qeyd etdi ki, bağçalara gedən uşaqların xüsusi geyimlə təmin olunması təqdirəlayiqdir: “Bu qayda ilk olaraq dövlət bağçalarında tətbiq olunacaq. Ümumiyyətlə, təsdiq olunan normativlərdə bağçalarla bağlı bir sıra məsələlər əks olunub. Tək bağçaya gedən uşaqların geyimi deyil, eyni zamanda onların rahatlığı üçün xüsusi normativlər hesablanıb. Məktəbəqədər uşaqların xüsusi geyimlə təmin olunması yaxşı haldır. Çünki uşaqların hər biri standart geyimdə olacaq. Xatırladım ki, illər öncə bu qayda orta məktəblərdə tətbiq olundu. Məktəb şagirdlərinin hər biri onlar üçün müəyyən olunan geyimlə dərsə gəlirlər. Belə olan halda, şagirdlər bir-birindən seçilmirlər. Bu qaydanın bağçalarda da tətbiq olunması sevindiricidir. Uşaqlar onlar üçün müəyyən olunan geyimi böyük həvəslə geyəcəklər”.
Həmsöhbətimiz onu da bildirdi ki, təsdiq olunan normativlərdə bağçaya gedən uşaqların təkcə üst geyimi deyil, onlar üçün xüsusi ayaqqabıların da müəyyən olunması yaxşı haldır: “Qeyd edim ki, uşaqlar üçün müəyyən olunan geyimlər sırf onların sağlamlığı üçün nəzərdə tutulub. Bəzi geyimlər elə parçalardan hazırlanır ki, uşağın səhhətinə mənfi təsir göstərir. Allergiya və dəri qızartısı, digər xəstəliklərin yaranmasına səbəb olur. Bu kimi fəsadların baş verməməsi üçün uşaqların xüsusi geyimlə təmin olunması müsbət haldır”
Günel CƏLİLOVA