Çingiz İsmayılov: “Əsasən ərəb ölkələrindən gələn turistlər qar görmək üçün Qəbələ və Qusara üz tutdular”
Yeni il beynəlxalq səviyyədə keçirilən bayramlardan biridir. Hər xalq özünəməxsus tərzdə yeni ili qarşılayır. Dünyanın bir çox ölkələrində yeni ili xüsusi təmtəraqla, şənliklər təşkil etməklə qarşılayırlar. Bir qrup insan yeni ili səyahət edərək, fərqli məkanlarda qeyd etməyi sevir. Bəzi ölkələrdə yeni il ərəfəsində turist qəbul etmək üçün xüsusi hazırlıq görürlər.
Yeni il tətilində turistlərin diqqətini cəlb etmək üçün maraqlı proqramlar, şəhərin xüsusi dekorlarla bəzədilməsinə önəm verilir. Azərbaycanda da bu il yeni il tətilində turistləri qəbul etmək üçün xüsusi hazırlıq görmüşdü. Görülən işlər öz müsbət nəticəsini verdi.
Ötən illərdən fərqli olaraq, bu il yeni İl bayramı ərəfəsində ölkəmizə gələn turistlərin sayı daha çox olub. Açıqlanan statistik rəqəmlərə əsasən, ötən illə müqayisədə bu il yeni il bayramı günlərində xaricə gedən azərbaycanlıların sayı azalıb, Azərbaycana gələn turistlərin sayı isə artıb.
Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov media nümayəndələrinə açıqlamasında deyib ki, Azərbaycan vətəndaşlarının çoxu ölkəmizin regionlarında – Quba, Qusar, Qəbələ və Lənkəranda istirahət ediblər: “Azərbaycanlı turistlər yeni il günlərini Gürcüstandan başqa, Türkiyədə, Avropa ölkələrində və Birləşmiş Ərəb Əmirliyində (Dubay) keçirməyə üstünlük veriblər. Bu il bayram günlərində xaricdən Azərbaycana gələn turistlərin sayı çoxalıb. Ölkəmizə daha çox ərəb ölkələrindən, Rusiya, Ukrayna və Qazaxıstandan turist gəlib”.
Turizm sahəsi üzrə ekspert Çingiz İsmayılov bizimlə söhbətində qeyd etdi ki, paytaxtda keçirilən bayram şənlikləri turistlər üçün çox maraqlıdır: "Yeni ili insanlar daha maraqlı keçirməyə çalışırlar. Biz otellərə də tövsiyə edirik ki, çox yüksək səviyyədə yeni il şənlikləri təşkil etsinlər. Bu, bütün otellər üçün keçərlidir. Çünki Bakıya müxtəlif büdcəli turistlər gəlir. Hamısı beşulduzlu oteldə qala bilmir. Ona görə də, ulduzundan asılı olmayaraq, hər bir otel öz turisti üçün bu cür şərait yaratmalıdır. Müxtəlif oyunlar, viktorinaların təşkil olunması turistlərin diqqətini cəlb edir. Belə olan halda, bir dəfə gələn turist növbəti yeni ildə də gəlmək istəyir. Yəni gələn turist Avropanı yox, Azərbaycanı seçib gəlirsə, o mütləq aradakı fərqli hiss etməlidir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, 2017-ci ilin sonuna yaxın bölgələrdə və paytaxt ərazisində fəaliyyət göstərən otellər rezerv olunmuşdu: “Əsasən ərəb ölkələrindən gələn turistlər qar görmək üçün Qəbələ və Qusara üz tutdular. Zənnimcə, növbəti yeni ildə ölkəmizə gələcək turistlərin sayı daha da çox olacaq”.
Günel CƏLİLOVA