İlqar Hüseynli: “...onların dövlət hesabına təhsil almasını xoş qarşılamaq lazımdır”
Azərbaycanda peşə təhsili müəssisələrinin ödənişli ixtisaslarına qəbul olunan bəzi şəxslər dövlət büdcəsinin vəsaiti hesabına təhsil ala biləcək. Bu, yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, qanunvericiliklə müəyyən olunmuş qaydada sosial müdafiəyə ehtiyacı olan bir qrup şəxsin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu qrupa valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, I, II və III qrup əlillər, münaqişə zamanı əlil olanlar və şəhid ailələrinin üzvləri, 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər daxildir.
Peşə təhsili müəssisələrində ödənişli ixtisasa qəbul olunan aztəminatlı ailələrin övladlarının dövlət hesabına təhsil ala biləcəklərini ekspertlər də müsbət dəyərləndirirlər.
Sosial sahə üzrə ekspert İlqar Hüseynli bizimlə söhbətində bildirdi ki, maddi durumu aşağı olan, lakin ödənişli ixtisasa qəbul olunan gənclərin dövlət hesabına təhsil alması müsbət haldır: “Peşə təhsilinə gənclərin marağının artırılması üçün bu kimi addımların atılması təqdirəlayiqdir. Nəzərə almaq lazımdır ki, gənclərin peşə təhsilinə diqqəti ürəkaçan vəziyyətdə deyil. Bu səbəbdən peşə təhsilinin inkişafı ilə bağlı dövlət tərəfindən müəyyən işlər görülür. Yeni peşə məktəbləri yaradılır, bəziləri təmir olunaraq yenidən istifadəyə verilir. O cümlədən, ödənişli ixtisasa qəbul olunan, lakin ailə vəziyyəti çətin olan gənclərin ailələrinə maddi dəstəyin göstərilməsi məqsədilə dövlət hesabına təhsil alması sevindiricidir. Valideynini itirən gənclər, əlil ailələrinin övladları, o cümlədən şahid ailələrinin üzvlərinin ödənişli ixtisasa qəbul olunmasına baxmayaraq, dövlət hesabına təhsil almasını xoş qarşılamaq lazımdır”.
Həmsöhbətimiz təklif edir ki, peşə təhsilinə marağın artırılması üçün tək aztəminatlı ailələrin övladları deyil, bütün kateqoriyaya aid olan gənclər ödənişsiz təhsil almalıdırlar: “Peşə təhsili pulsuz olarsa, ailələr övladlarını peşə öyrənməsi üçün həmin məktəbə göndərərlər”.
Günel CƏLİLOVA