Çingiz İsmayılov: “Yaxın müddət ərzində dəniz səyahətini sevənlər ölkəmizə üz tutacaqlar və beləliklə bu hal rusiyalı turistlərin sayına təsir göstərəcək”
Turizmin inkişafı məqsədilə dövlət tərəfindən lazımi işlər görülür. Bu gün xarici turistlər Azərbaycana əsasən hava nəqliyyatı vasitəsilə səfər edirlər. Eyni zamanda, qatarla da ölkəmizə gələn turistlər az deyil. Növbəti ildən etibarən turistlər dəniz yolu ilə də Azərbaycana gələcəklər.
Məlumat üçün bildirək ki, bu günlərdə “Moskva Çay Gəmiçiliyi” ASC-nin baş direktoru Konstantin Anisimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub. Görüş zamanı tərəflər Xəzər dənizində PV300VD layihəli “Pyotr Velikiy” adlı sərnişin gəmisini istismar etməklə dəniz turlarının təşkili haqqında memorandum imzalayıblar.
Rusiyalı qonaqlar bildiriblər ki, Bakı güclü turizm imkanına malikdir. Bu baxımdan, dəniz səyahətlərinin təşkili Azərbaycana gələn turistlərin sayının daha da artmasına və ölkədə turizmin inkişafına müsbət təsir göstərəcək.
Məlum olub ki, bu layihənin gerçəkləşməsi dəniz nəqliyyatı sahəsində Rusiya və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsini təşviq edəcək, ölkələrin turizm potensialından istifadə üçün geniş imkanlar yaradacaq. Müzakirələr zamanı qeyd edilib ki, bu layihə ilə təkcə Xəzəryanı ölkələrdən deyil, ABŞ, Avstraliya, Avropa və Çindən olan turistləri də cəlb etmək mümkün olacaq.
Rusiyalı turistlərin ölkəmizə dəniz yolu ilə səfər etməsi Azərbaycan turizminin inkişafından xəbər verir. Artıq turistlər ölkəmizə bütün növ nəqliyyat vasitələri ilə gələ biləcəklər.
Turizm sahəsi üzrə mütəxəssis Çingiz İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, turizmin inkişafı baxımından dəniz turizmi önəmlidir: “Etiraf edək ki, Azərbaycanda dəniz turizmi inkişaf etməyib. Bu sektorun inkişafı üçün böyük imkanlar var. Azərbaycan Xəzərə çıxışı olan yeganə ölkədir ki, çoxsaylı adaları var. Bu adalara turizm səyahətləri təşkil etmək olar. Bu da turistlərin əyləncə paketində verilən təkliflərdən ən maraqlısı olar. Məlumat üçün bildirim ki, bizim 20-dən çox adamız var. Əhali yalnız onlardan bir-ikisinə səyahət edib. Adalar səyahət etmək üçün müəyyən hazırlıq mərhələsini tələb edir. Bununla bağlı müəyyən işlər görmək olar”.
Həmsöhbətimiz hesab edir ki, dəniz turizmindən böyük gəlir əldə etmək olar. Azərbaycan turizm industriyasını artırmaq üçün bu sahəyə diqqəti daha da artırmaq lazımdır.
Ç.İsmayılovun sözlərinə görə, “Moskva Çay Gəmiçiliyi” ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” arasında dəniz memorandumunun imzalanması dəniz turizminin inkişafına səbəb olacaq. Yaxın müddət ərzində dəniz səyahətini sevənlər ölkəmizə üz tutacaqlar. Dəniz turizmi rusiyalı turistlərin sayına təsir göstərəcək.
Günel CƏLİLOVA