Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dekabrın 27-də Bakıda “Azərbaycan gənclər ölkəsidir” adlı mədəni-kütləvi tədbir keçirilib.
Baki-xeber.com xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının üzvləri, tələbələr, il ərzində uğurlar qazanan gənclər iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısını əks etdirən videoçarx təqdim olunub.
Tədbirdə Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, il ərzində əldə olunan nailiyyətlər haqqında danışılıb. Qeyd edilib ki, bu mədəni-kütləvi tədbir gənclər üçün bayram tədbiri kimi də qiymətləndirilə bilər.
Konsert proqramı ilə davam edən tədbir çərçivəsində tələbə kartı əsasında lotereya oyunu keçirilib, qalib gələn gənclərə müxtəlif hədiyyələr təqdim olunub.
GÜNEL