Fatimə Hacıbəyli: “Cins nisbətinin pozulmasının qarşısını almaq üçün qadınların təhsil, iş və ictimai həyatda rolunun vacib olduğu cəmiyyətə aşılanmalıdır”
Azərbaycanda indiki nəsil ailə qurmaq yaşına gəlib çatdıqda hər 8 kişidən biri evlənmək üçün qız çatışmazlığı problemi ilə üzləşə bilər. Bu problemin aradan qaldırılması məqsədilə bir sıra təkliflər irəli sürülür.
Azərbaycanda Hökumət və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planı hazırlanacaq. Bunu BMT Əhali Fondu tərəfindən dəvət edilmiş ekspert, ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Qupta deyib. O əlavə edib ki, Azərbaycanda oğlan uşaqlarına verilən üstünlük və bunun nəticəsində reallaşdırılan selektiv abortların geniş yayılması Milli Fəaliyyət Planının hazırlanması zərurətini yaradıb. Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən M.Das Qupta qeyd edib ki, sənəd layihəsi müzakirə üçün dövlət qurumlarına da təqdim ediləcək.
Tədqiqatçı qeyd edib ki, cins nisbətinin pozulması gələcəkdə ailə həyatı qurmaq istəyən kişilər üçün qadın çatışmazlığı problemi yaratmaqla yanaşı, ölkədə gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alverinin, kriminal səviyyənin artmasına da rəvac verir.
Doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına qarşı planın hazırlanması və bu planın necə icra olunacağını öyrənmək məqsədilə “Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyliyə müraciət etdik.
O bizimlə söhbətində bildirdi ki, doğulanlar arasında cins nisbətinin pozulması gələcəkdə davamlı demoqrafik inkişafa mənfi təsir göstərə bilər. Cins nisbətinin pozulmasının aradan qaldırılması istiqamətində dövlət və vətəndaş cəmiyyətləri tərəfindən müəyyən işlər görülür: “Demoqrafik balansın pozulmaması üçün ilk olaraq ictimai maarifləndirməyə xüsusi diqqət ayırmaq lazımdır. Bu problemin qarşısını almaq üçün əsas uşağın cinsinə görə müayinənin aparılmasının və selektiv abortların qadağan edilməsidir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, cins nisbətinin pozulmasının qarşısını almaq üçün qadınların təhsil, iş və ictimai həyatda rolunun vacib olduğunu cəmiyyətə aşılamaq lazımdır: “Ucqar bölgələrdə, məktəblərdə, eləcə kənd və ya qəsəbələrdə hər kəsin toplaşdığı məkanda qadınların ictimai həyatda rolu haqqında məlumat vermək lazımdır. Onların istər siyasət, istərsə də biznes və digər sahələrdə müvəffəqiyyətli olduğunu hər kəsə aşılamaq lazımdır. Tarixən Azərbaycanın elə güclü qadınları olub ki, onların etdiyi hər hansı bir hərəkət və ya verdiyi qərar əks cinsin nümayəndələri tərəfindən tətbiq olunmayıb”.
Birlik sədri hesab edir ki, qadınların iqtisadi asılılığını azaltmaq vacibdır: “Bu istiqamətdə dövlət tərəfindən müəyyən işlər görülməlidir”.
Günel CƏLİLOVA