Alpinistlərin axtarışına dağ-xilasetmə dəstəsi cəlb olunacaq
Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvünün axtarışları davam edir.
İtkin düşmüş alpinistlərdən biri-Babur Hüseynovun qohumu, teleaparıcı Cəlalə Nəzəroğlu Trend-ə bildirib ki, itkin düşən şəxslərdən hələ ki xəbər yoxdur: "Babur Hüseynov mənim çox yaxın qohumumdur: Hələ heç bir xəbər yoxdur. Biz də gözləyirik, ümidimizi üzməmişik. Axtarışlara helikopterlər cəlb olunub, yaxınlıqda olanlar axtarış aparılan ərazilərdən şəkillər çəkib atırlar, amma dəqiq heç nə deyən yoxdur".
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, alpinistlərin axtarışına dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur. Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmamış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
Həmin şəxslərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu cəlb olunub.
Axtarış işlərinin səmərəliliyini artırmaq məqsədi ilə sabah əlavə qüvvələrin, o cümlədən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur. Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.